Milli Mətbuatın 150 illik yubileyi, eləcə də Müstəqilliyin Bərpası Günü (18 oktyabr) və Zəfər Günü (8 Noyabr) münasibətilə Azərbaycanın şəhid jurnalistlərinin xatirəsinə həvəskar komandalar arasında 4-cü ənənəvi minifutbol turniri keçiriləcək.
Turnir “Ardanış” Futbol Məktəbinin və Rakus.az saytının təşkilatçılığı, Bakı Tennis Akademiyasının dəstəyi, AzTV, Baku TV, Real TV, AZƏRTAC, APA, Yurd Media agentliklərinin və BAKU.WS portalının informasiya dəstəyi ilə təşkil olunacaq.
Bununla əlaqədar, təşkil olunan mərasimdə şəhidlərin xatirəsi 1 dəqiqəlik sükutla yad olunub. Sonra turnir barədə məlumat verilib, qaydalar elan edilib və püşkatma keçirilib.
Bildirilib ki, turnirin məqsədi Birinci və İkinci Qarabağ savaşında canlarını fəda etmiş mərd mübarizlərin xatirəsini anmaq, 44 günlük Vətən müharibəsi iştirakçılarının qəhrəmanlıq nümunələrini yaşatmaq, şəhid jurnalistlər Məhərrəm İbrahimov və Sirac Abışovun timsalında erməni terrorunun qurbanı olan media nümayəndələrimizin – Çingiz Mustafayevin, Kazımağa Kərimov, Osman Mirzəyev, Alı Mustafayev, Fəxrəddin Şahbazov, Arif Hüseynzadə və Salatın Əsgərovanın qəhrəmanlıqlarını bir daha yad edərək yeni nəslin sağlam ruhda vətənpərvər böyüməsinə töhfə verməkdir.
Bu il isə turnirdə 12 komanda – AzTV, Baku TV, Real TV, “Cəmiyyət”, AZƏRTAC, APA, Yurd Media, Baku.WS, “Vətən”, “Veteranlar”, “Zəfər 44”, “Dəmir Yumruq” komandaları mübarizə aparacaq. Medianı 8 komanda təmsil edir.
Sentyabrın 27-də start götürəcək turnir, hər birində 3 komanda olmaqla, 4 qrupdan ibarətdir və noyabrın 1-də başa çatacaq. Dairəvi sistemlə keçiriləcək mübarizə nəticəsində qrupda xal və top hesabına görə 1 və 2-ci yeri tutan komandalar 1/4 finala yüksələcək. Bu oyunlarda iştirak edəcək 8 komandadan qalib gələn 4-ü yarımfinala çıxacaq.
Turnirin razılaşdırılmış qaydasına əsasən, qarşılaşmalar hər biri 25 dəqiqə olmaqla iki hissədən ibarətdir. Yarımfinal və final oyunları zamanı əsas vaxtda qalib müəyyənləşməzsə, penaltilər seriyası olacaq. Bakı Tennis Akademiyasının stadionunda keçiriləcək oyunları AFFA-nın hakimləri idarə edəcək.
İlk oyun sentyabrın 27-də saat 19:00-da Bakı Tennis Akademiyasının stadionunda rəsmi açılış mərasimindən sonra baş tutacaq.
Q.ƏLİYEV
XQ