III Nəsimi Şeir, Mənəviyyat və İncəsənət Festivalı şairin yaşadığı dövrün yadigarı olan İçərişəhərdə davam edib. Azərbaycan memarlığının mоnumеntаl nümunəsi sayılan Şirvanşahlar Sarayı Kompleksində Bakuvi məqbərəsinin qarşısında əvvəlcə iştirakçılara Nəsiminin “Məst” qəsidəsi əsasında İlqar Fəhminin ssenariləşdirdiyi “Məst-i Dərviş” tamaşası təqdim edilib.
Rejissor Bəhruz Vaqifoğlunun quruluş verdiyi səhnəcikdə səslənən Nəsimi qəzəlləri İçərişəhərin qədim divarlarında və küçələrində əks-səda verib. Həmin qəzəllərdə Nəsimi yaradıcılığına xas olan İnsanın Tanrı ilə münasibətləri, onun yaradanın bir zərrəsi olması, həyata xüsusi missiya ilə gəlməsi əksini tapıb. Sonra “Eşq-i nur” layihəsi təqdim edilib. Əməkdar rəssam və kurator Səbinə Şıxlinskayanın mentorluğu, müasir Azərbaycan rəssamları və kuratorlarının iştirakı ilə hazırlanan layihə Nəsiminin poeziyası və fəlsəfəsini çağdaş incəsənətin çoxqatlı ifadə imkanları vasitəsilə yeni estetik müstəvilərə çıxarıb.
Nümayiş olunan layihələrdən biri də Lenay Seyidəlizadənin “Sözün soyundurulması” adlı təqdimatı olub. Təqdimat həqiqəti bədənində daşıyan bir insan haqqındadır. Dərisi soyulur, cismi sönür, sözü isə diri qalır. Daha sonra Nəzrin Məmmədova Nəsiminin qəzəllərinin muğamla, elektron musiqi ilə sintezini təqdim edib.
Nəsimi Festivalının bağlanışı “Atəşgah Məbədi” Tarixi-memarlıq qoruğunda “Savalan” qrupunun ifasında Nəsimi irsinə həsr olunmuş spiritual-irfani musiqili ədəbi-bədii gecə ilə yekunlaşacaq.
T.RÜSTƏMLİ
XQ