Şairin son anları
Molla Pənah Vaqifi oğlu Qasım ağa ilə qətlgaha – Cıdır düzünün qurtaracağındakı Xəzinə qayasına aparırlar. Bu dəhşətli, sıldırım qayadan xanın hökmü ilə müqəssirləri atırlarmış. Yolda Molla Pənah haraya aparıldıqlarını anlayır. Fəhmini yoxlamaq üçün təngnəfəs halda oğlundan soruşur:
– Qasım ağa, bizi hara aparırlar?
Oğlu bir az yumorla cavab verir:
– Ağa, bir çoxlarını sən bu yolla göndərmisən. İndi də bizi həmin yolla aparırlar.
Vaqifin getməyə taqəti qalmır, yerə oturur. Cəllad onu ayğa qaldırmağa cəhd etsə də, bacarmır. O zəif, amma qürurlu səslə deyir:
– Getməyəcəyəm. Nə edirsinizsə, burada edin.
Cəlladlardan biri qılıncı ilə Qasım ağaya yaxınlaşanda Vaqif yalvarır ki, öncə onu öldürsünlər. Zalım cəllad ona əhəmiyyət vermir. Öncə oğlunu, sonra özünü öldürürlər.
Şairin hazırcavablığı
Şahsevənli Fərəcullah İbrahim xanın qızı Kiçik Bəyimlə evlənmişdi. Bir gün o, qayınatasını qonaq çağırır. Xanın işi çox olduğundan vəziri Molla Pənahı göndərir. Uzaqdan görünən atlıları qarşılayan Fərəcullah xan dəstənin başında İbrahim xanı görmədikdə tutulur:
– Xanın bir adamı yox idimi, bizə göndərməyə?
Vaqif dərhal cavab verir:
– Xeyr, xanın adamı çox idi. Adamları adam yanına göndərdi, məni də sənin yanına.
Fərəcullah xan Vaqifi tanıyıb pərt olur, ondan üzr istəyir.
Şairin müdrikliyi
Ağa Məhəmməd şah Qacar Şuşanın mühasirəsi vaxtı İbrahim xanı çıxılmaz vəziyyətə salmaq üçün məktub yazaraq, ona bir at göndərməsini tələb edir. Lakin bu at nə kəhər, nə kürən, nə səmənd, nə qara, nə ağ, yəni, heç bir rəngdə olmamalı idi.
İbrahim xan məsələni Vaqifə deyir. Şair Ağa Məhəmməd şaha belə bir cavab yazır: “İstədiyiniz at xanın tövləsində hazırdır. Adam göndərib aparın. Lakin həmin adam şənbə, bazar, bazar ertəsi, çərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümədən başqa hansı gündə istəsə gəlsin.”
Z.HÜSEYNLİ
XQ