Azərbaycanın Ermənistan ilə sərhəddə, Laçın-Xankəndi yolunun başlanğıcında sərhəd-buraxılış məntəqəsini qurması Qarabağ bölgəsinə nəzarəti təmin etməklə yanaşı, son 35 il ərzində Azərbaycana qarşı müharibə cinayətləri törədənlərin həbsinə də imkan yaradıb.
Oktyabrın 1-də Baş prokuror Kamran Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, həmin cinayətlərlə bağlı sübutlar toplanaraq 300 cinayət işi açılıb. 300-dən çox cinayətkar beynəlxalq axtarışa verilib.
Həmçinin prokurorluq nümayəndələrinin ötən ilə dair məlumatlarında qeyd olunur ki, Prokurorluğun mərkəzi strukturlarında Ermənistanın törətdiyi cinayətlərlə bağlı 1200-ə yaxın cinayət işi istintaq olunmuş və 360 şəxs sülh və insanlıq əleyhinə, müharibə cinayətləri, şəxsiyyət əleyhinə, ictimai təhlükəsizlik əleyhinə cinayətlər törətdiyi üçün təqsirləndirilən şəxs qismində cəlb olunaraq həbsli axtarışa verilib.
Sosial Tədqiqatlar Mərkəzi mövzunun aktuallığından irəli gələrək, bu istiqamətdə vətəndaşların mövqeyini öyrənmək məqsədilə ictimai rəy sorğusu keçirib. “Erməni silahlı qüvvələrinin rəhbərlərinə amnistiya tətbiq olunmalı, yoxsa onlar cinayət məsuliyyətinə cəlb edilməlidir?” sualına münasibətdə, respondentlərin 5.9 faizi amnistiyanın tərəfdarı olduğunu, 90.7 faizi onların cinayət məsuliyyətinə cəlb edilməli olduğunu bildirib. Sorğu iştirakçılarının 3.4 faizi bu barədə fikir bildirməkdə çətinlik çəkib.
Nəticələri respondentlərin sosial-demoqrafik məlumatlarına görə nəzərdən keçirdikdə, kişilərin 88.1 faizi, qadınların 93.3 faizi cinayət məsuliyyətinə cəlb olunmasını zəruri hesab edib. Bu mövqe respondentlərin aid olduğu yaş qrupundan asılı olmayaraq, onların mütləq əksəriyyəti tərəfindən ifadə olunub. Sorğu iştirakçıları arasında orta təhsillilərin 94.8 faizi, ali təhsillilərin 86.0 faizi bu mövqedən çıxış edib.
Xatırladaq ki, ötən dövr ərzində Qarabağda qanunsuz silahlı birləşmələrin terrorçuluq fəaliyyətini maliyyələşdirən, qondarma rejimin “dövlət naziri” kimi çalışmış Ruben Vardanyan, Qarabağın “Müdafiə Ordusu komandanının birinci müavini” Davit Manukyan, sabiq "müdafiə naziri" Lyova Mnatsakanyan, Gəncə şəhərində mülki əhalinin hədəfə alan Davit Babayan, Meşəli kəndində dinc əhaliyə terror əməlləri törədənlərdən Vaqif Xaçatryan, azərbaycanlı əsirlərə qarşı amansız işgəncələr verməkdə ittiham olunan Lüdvik Mkrtiçyan, Alyoşa Xosrovyan və digərləri barəsində cinayət işi açılaraq həbs olunublar.
Rizvan FİKRƏTOĞLU
XQ