Bu günlərdə TRT agentliyi öz müxbiri Yusif Kamadanın İstanbul boğazında suya qarmaq ataraq balıq tutanların arzu və düşüncələri barədə qeydlərini təqdim edib. Yazını kiçik ixtisarla oxuculara təqdim edirik.
Qara dənizi Mərmərə dənizinə birləşdirən İstanbul boğazı, sadəcə, su yolu deyil. Bura şəhər sakinlərinin dənizlə dərin əlaqəsinin təcəssümüdür. Günəş üfüqdə qürub edən zaman şəhərin minarələri və körpüləri alaqaranlığa qarşı dramatik siluetlər yaratdıqca, İstanbul boğazının sakit səthinin altında daha bir valehedici tamaşa açılır. Burada, qitələri və dövrləri birləşdirən bu qədim su yolunda İstanbulun özü kimi qədim bir ənənə yaşamaqda davam edir - balıq ovu.
İstanbul boğazının parıldayan suları ilə səyahət isə təkcə dənizin dadlı və çeşidli nemətlərini deyil, həm də şəhərin ruhunu, sirli və cazibədar balıqçılıq sənətini göz önündə canlandırır.
Qeyd edək ki, İstanbul boğazı bu gün təkcə baxımlı mənzərələri ilə məşhur deyil. O, hazırda dünyanın ən çox balıq ehtiyatına malik su obyektlərindən biri olması ilə də öyünür. Buranın suları daim oksigenlə zəngindir. Bol oksigen olan yerdə isə, əlbəttə, çoxlu balıq və dəniz həyatı var.
İstanbul sakini, təcrübəli balıqçı Hakkı Doğruer ata-babadan ona sirayət edən balıq tutmaq həvəsini “TRT World” müxbiri ilə bölüşərkən deyib:
– Uşaqlıqdan balıq tuturam. İnanın mənə, bu, vazkeçilməz bir ehtirasdır. İnanıram ki, balıqçılıq fitri insan instinktidir. Mənim tək buna hobbi kimi baxanlar da az deyil. Həm də ailəsinin büdcəsinə kömək etmək üçün balıq tutanlar da var. İstanbul mübarək bir şəhərdir, ildən-ilə minlərlə balıqçıya ruzi verməyə davam edir.
Hazırda İstanbul boğazında ən çox ovlanan balıq palamutdur. “Atlantik palamutu” kimi də tanınan bu balıq növlərinin bir kiloqrama qədər çəkisi və 40 santimetrə qədər uzunluğu olur. Onların dadı isə tamamilə bir başqa aləmdir. Bir dəfə ondan dadan mütləq deyir ki, kaş bu, tez-tez təkrar olunaydı.
Boğazda balıq tutmaq təkcə xurcunun dəniz məhsulları ilə doldurmaq deyil. Bəlkə, daha çox ruhi-qidadır. Bu, həmçinin təbiətin ritmlərinin təntənəsi və İstanbulda qədim ənənələrin müasirliklə harmonik şəkildə mövcud olduğunu xatırladan bir irs hekayəsidir.
Təqdim etdi:
Anar TURAN
XQ