“Məkkə və Mədinədə Məhəmməd peyğəmbər, Türküstanda Xoca Əhməd...”

post-img

Qazaxların mənəvi beşiyi adlandırılan Cənubi Qazaxıstanda türk, ərəb və fars salnamələrində adları çəkilən 1281 memarlıq abidəsi – Sayramın müqəddəs məkanları, Otrar şəhəri, Arıstan-bab, Appak – İşana, Domalak ana, Baydibek ata və s. abidələrini bu gün də milyonlarla turist və zəvvarlar ziyarət edir. 

Tarixi XVI əsrdən başlayan, Qazax xanlığının paytaxtı hesab edilən, qazax dövlətçiliyinin möh­kəmlənməsində böyük rolu olan Türküstanın müqəddəs simvolu isə mənəvi və tarixi qiyməti ilə əvəzsiz sayılan Xoca Əhməd Yasəvi mav­zoleyidir.

Əmir Teymur Qızıl Orda hökm­darı Toxtamış üzərində qələbə çaldıqdan sonra Şərqin məşhur mütəfəkkir şairi, türk dilində sufi ədəbiyyatının yaradıcısı, təsəvvüf elminin bilicisi, “Divani-hikmət” əsə­rinin müəllifi Xoca Əhmədin şərə­finə Xoca Əhməd Yasəvi mavzole­yini tikdirib.

Əvvəllər Yassı adlanan Türküs­tan şəhəri onu Daştiqıpçaq çölü ilə birləşdirən Böyük İpək Yolunun qol­larından biri olub. Bu yollardan Çin­dən, İrandan, Vizantiyadan gələn incə farfor, zərif parçalar, qiymətli daş-qaşlarla dolu karvanlar keçib. Xoca Əhməd Yasəvi bu şəhərdə ömür sürüb, insanlara xeyirxahlıq, sevgi, hörmət, şərəf hissləri aşıla­yan poemalarını bu şəhərdə yazıb.

Böyük sərkərdə və strateq Əmir Teymur Xoca Əhməd Yasəvi mav­zoleyini 1385-1405-ci illərdə şairin sadə qəbri üzərində tikdirib. Əmir Teymur Şirazdan mozaika, İsfahan­dan daş və suvaq ustalarını gətir­dib. Türbənin memarı İrandan dəvət olunan Xacə Hüseyn Əlidir. 

Bu mavzoleyi tikməklə Əmir Teymur çox ağıllı siyasi addım atıb, köçəri xalqlar arasında öz nüfuzunu möhkəmləndirib. Mavzoleyin layihə­sinin hazırlanmasında Əmir Teymur şəxsən iştirak edib. Mavzoleyin ti­kintisi zamanı həmin dövr üçün yeni olan arxitektura vasitələrindən isti­fadə olunub. Sonralar bu yeniliklər imperiyanın paytaxtı Səmərqəndin tikintisində də istifadə edilib.

20 il ərzində bu ərazidə özündə mavzoley, məscid, xanəgah (sufilə­rin ibadət evi), inzibati və təsərrüfat tikililərindən ibarət böyük kompleks ucaldılıb. Yaxınlıqda Yasəvinin ar­dıcılları olan sufilər üçün monas­tırın da tikintisinə başlanılıb, lakin Əmir Teymurun ölümü bu tikintini yarımçıq qoyub. Qazax xanlarının hakimiyyəti dövründə Xoca Əhməd Yasəvi mavzoleyi və ətraf binalar xanların iqamətgahı olub.

Mavzoleyin tikintisi ilə bağlı maraqlı bir rəvayət var. Hər dəfə binanın divarları ucaldılanda tufan qopub və divarlar uçub. Bu hadisə dəfələrlə təkrar olunub. Bir dəfə Əmir Teymur yuxuda nurani bir qoca görür. Qoca Teymura deyir ki, əvvəlcə Xoca Əhmədin müəllimi Arıstan-babın qəbri üzərində mav­zoley ucalt. Teymur buna əməl edib və bundan sonra Yasəvinin mavzo­leyinin tikintisi davam edib.

Bura ziyarətə gələnlər əvvəlcə Arıstan-bab türbəsinə baş çəkir, sonra Xoca Əhməd Yasəvinin mav­zoleyinə gəlirlər.

Xoca Əhməd Yasəvi memori­al kompleksi düzbucaqlı formada, portallar və gümbəzlərlə bəzədilmiş nəhəng binadır. Mərkəzi Asiyada kərpicdən tikilmiş ən böyük gümbəz bu mavzoleydədir. Onu da deyək ki, gümbəz ta qədimdən müsəlman­lar tərəfindən birlik, bərabərlik və qənaqpərvərlik simvolu kimi qəbul edilib.

Binanın enli daş divarları içə­ri xoş bir sərinlik gətirir, dəhlizdə gəzərkən addım səsləri əks-səda verir, dəmir barmaqlıqlı pəncərələr günəş işığını zəiflədir və bütün bun­lar sehirli bir atmosfer yaradır.

Mavzoleydə 36 müxtəlif otaq və salon var. Divarları mavi örtük­lü mərkəzi salonun düz ortasında 7 metalın – sink, dəmir, qurğuşun, qalay, gümüş, qırmızı mis və qızılın əridilməsindən lotos gülü formasın­da hazırlanan, diametri 2,45 metr olan tayqazan yerləşir. 

Tayqazan 1399-cu ildə Teymu­run əmri ilə təbrizli usta Abduləziz ibn Şərafəddin tərəfindən Xoca Əhməd Yasəvinin şərəfinə hazır­lanıb. İki tonluq bu qazanda cümə namazından sonra insanlar üçün yemək hazırlanıb. Tayqazanla bağ­lı maraqlı bir rəvayət var. Deyilir ki, tayqazan qurbanlıq ət üçün nəzər­də tutulub. Əgər Allahın sevdiyi bir adam qurban kəsirmişsə qazan ətlə dolub-daşırmış, yəni Allah qurbanı qəbul edirmiş. Əgər qazana qoyu­lan ət çoxalmırdısa, bu o demək idi ki, kəsilən qurban qəbul olunmayıb.

1935-ci ildə tayqazan Leninq­rada (Sahkt-Peterburq), Ermitajda keçirilən betnəlxalq sərgiyə göndə­rilir. Yalnız 54 il sonra, 1989-cu il sentyabrın 18-də tayqazan Türküs­tana-pö əvvəlki məkanına qaytarılır.

Əmir Teymurun mavzoleyə hədiyyəsi olan bürünc çıraqlar da mərkəzi salonda asılıb. Hazırda bu çıraqların ikisi Əmir Teymurun hə­diyyəsi kimi Luvr və Ermitaj muzey­lərində saxlanılır.

Əmir Teymurun əmri ilə fil sü­müyündən hazırlanan, uzunluğu 4 metr olan bayraq dirəyi də mərkəzi salondadır.

Bu zalda diplomatik qəbullar, hərbi danışıqlar, müxtəlif yığıncaq­lar keçirilib. Burada Abılay xanın Orenburq general-qubernatoruna, həmçinin Çin imperatoru Tsyanluna əməkdaşlıqla bağlı yazdığı məktub­lar saxlanılır. Kiçik zalda isə qazax xanlarının (Abdulxayr xan, Rabiqa Sultan-Bəyim, Jolbarıs xan, Esim xan, Ondan sultan və başqalarının qəbirləri (cəmi 43 qəbir) var.

Kompleksdə, həmçinin Xoca Əhməd Yasəvinin qapısı fil sümü­yündən və ağacdan olan məq­bərəsi, şairin hücrəsi, kiçik məscid, kitabxana, hamam, yemək otağı (burada qədim sobalar, qazanlar, taxta qab-qaşıq qorunub saxlanı­lıb), quyu var. Bu quyunun duzlu suyu müalicəvi sayılır, mədə-ba­ğırsaq xəstəlikləri üçün faydalıdır. Bu quyudan evlərinə müxtəlif qab­larda su aparan şəxslər bir şeyə diqqət ediblər. Əgər bir müddət sonra suyun dibində qara çöküntü əmələ gələrsə onu içmək olmaz. Bu da ona işarədir ki, həmin insan öz mənəvi aləmi haqqında fikirləşməli, götür-qoy etməlidir.

Sarayın “Kakla” və “Kapsırma” adlanan iki qapısı da bizim dövrə qədər gəlib çatıb.

Mavzoleyin çox zəngin kitabxa­nası var. Lakin kitabxanada Xoca Əhməd Yasəvinin öz əli ilə yazdığı bir əsəri belə yoxdur. Bu da onunla izah edilir ki, 1864-cü ildə polkovnik Veryovkinin hücumu, sonra isə so­vet hökümətinin Türküstanı ələ ke­çirməsi nəticəsində qiymətli kitablar yandırılıb.

Sonda bildirək ki, türkün hikmət xəzinəsi olan Xoca Əhməd Yasəvinin mavzoleyinin ətrafındakı ərazidə “Həzrət-sultan” tarixi-mədəni muzey-qoruğu yerləşir. Mavzoleyin özü isə UNESCO-nun ümumdünya irsi siyahısına daxil edilib. UNESCO, həmçinin 2016-cı ili Xoca Əhməd Yasəvi ili elan edib və həmin il böyük mütəfəkkirə həsr olunan çoxsaylı tədbirlər keçirilib.

 

Qulu KƏNGƏRLİ,
XQ-nin Orta Asiya üzrə xüsusi müxbiri

Sosial həyat