Tanrıdan Turana verilib bu pay

post-img

Ey türk! Kükrə, özünə dön,

sən özünə dönəndə böyük olursan.

Bilgə Xaqan 

Günəş qəlbimizdən doğar dünyaya,

İşıqla doludur içimiz bizim.

Dünyanı sevgiylə dolduracağıq,

Hər şeyə dönəndə heçimiz bizim.

Tanrıdan Turana verilib bu pay,

Bizim eşqimizdə çağlayacaq çay.

Bizdə danışacaq Günəş, ulduz, Ay,

Hər yerə gələndə ünümüz bizim. 

Arzular dönəcək durna səfinə,

Uçacaq dünyanın hər tərəfinə.

Həyatın, varlığın şan-şərəfinə,

Birə min çatacaq gücümüz bizim. 

Sağı var, solu var, yurd-yuvası var,

Öz sazı, öz sözü, öz havası var.

Hələ bu dünyayla bir davası var,

Hələ alınmayıb öcümüz bizim. 

Önə bax, geriyə yol yoxdur daha,

Şəhidlik müqəddəs, igidlik baha.

Dünya dar gələcək bir padşaha,

Çox uzaq gedəcək kökümüz bizim. 

Əriyib yolunda ömür də, gün də,

Dayaq biz olmuşuq ağır günündə,

Tarix yaratmışıq tarix önündə,

Yoxdu günahımız, suçumuz bizim. 

Nə qədər sirr yatır sükut dilində,

İgidlər danışır igid dilində.

Dünəndən söz açır şəhid dilində,

Qəsrimiz, qalamız, bürcümüz bizim. 

Yersiz öz işimi öyə bilmərəm,

Tarixin qəlbinə dəyə bilmərəm.

Bir ilmi, on ilmi, deyə bilmərəm,

Bir az var tezimiz-gecimiz bizim. 

Turanın varlığı əzizdən əziz,

Onun hökmündədi bu çay, bu dəniz.

Torpağı sağlamdı, havası təmiz,

Olmaz çürüyümüz, puçumuz bizim.

Dünyaya səs salıb bir igid, bir at,

Min illər beləcə davam edib həyat.

Bizdən işıq alıb qoca kainat,

Yoxdu heç bir kəsə borcumuz bizim.

 

Zəlimxan YAQUB
Xalq şairi 

Bakı, 2010-cu il

Sosial həyat