Qarabağ regional logistika şəbəkəsində

post-img

Azərbaycanın böyük təbii sərvətləri, iqtisadi potensialı və əlverişli iqtisadi-coğrafi mövqeyi onun dünya iqtisadiyyatına inteqrasiyana geniş imkanlar açır. Bu, ölkəmizə öz iqtisadi gücünü artırmağa, istehsalın səmərəliyini və əhalinin rifahını yüksəltməyə imkan verir. 

Beynəlxalq iqtisadi inteqrasiyanın ən mükəmməl forması isə ümumi bazardır. Bu bazarda aparıcı rol təbii olaraq ener­getika sektorunun payına düşür. Lakin son illərdə qeyri-neft sektoru üzrə ixrac potensialının möhkəmləndirilməsinə, nəq­liyyat infrastrukturunun inkişaf etdirilmə­sinə diqqət artır. Bu isə ölkəmizi regional logistika mərkəzinə çevirir. Azərbaycan Rusiyanı İranın dəniz limanları ilə birləş­dirməkdə Avropa və Rusiya bazarlarının Cənub-Şərqi Asiya bazarları ilə inteqrasi­yasında önəmli rol oynayır. Bütün bunlar ölkəmizə ortamüddətli perspektivdə ciddi büdcə gəlirləri qazandıracaq. Layihənin həyata keçirilməsində maraqlı olan bütün tərəflərə güclü iqtisadi təsir göstərmək im­kanı verəcək. 

Zəngəzur dəhlizi – Avrasiyanın tutulmuş damarı

Buna nail olmaq üçün müasir tələblər nəzərə alınmaqla dəmir yolu və avtomo­bil kommunikasiyaları bərpa olunmalı, sərmayələr qoyulmalıdır. Sərmayələrin yatırılması kifayət qədər varlı Azərbaycan üçün heç bir çətinlik yaratmır. 

İnfrastruktur layihələri isə həmişə iq­tisadi həyatın sürətləndiricisi kimi çıxış edir. Onlar regional əmək bazarının can­landırılmasına xidmət edir. Qarabağ da bu infrastruktur layihələrinin tərkib hissəsidir. Onun coğrafi mövqeyi, ərazidən Avropa­ya və Asiyaya çıxış imkanlarının artması ölkəmizin beynəlxalq nəqliyyat-kommu­nikasiya və dəhliz layihələrində bundan sonra da daha fəal iştirakını gücləndirir. Hazırda Qarabağda həyata keçirilən mü­hüm strateji obyektlərin, müəssisələrin təməlinin Prezident İlham Əliyev tərə­findən şəxsən qoyulması görülən işlərin xüsusi diqqət mərkəzində saxlandığından xəbər verir. 

Bu layihələrdən biri də uzunluğu 100,4 kilometr olan Horadiz-Ağbənd dəmir yolu xəttinin tikintisidir. İqtisadçı Vüqar Bayra­mov bu barədə deyib: “Nəqliyyat infrast­rukturunun istər Azərbaycan, istərsə də region dövlətləri üçün böyük əhəmiyyəti var. Azərbaycan və onun ayrılmaz his­səsi olan Naxçıvan Muxtar Respublikası ilə Zəngəzur dəhlizi vasitəsilə dəmir yolu əlaqəsi yaranacaq və yol Türkiyəyə qədər uzanacaq. Bununla da Rusiya–Türkiyə, Rusiya–İran, Rusiya–Ermənistan arasın­da birbaşa dəmir yolu əlaqəsi qurulacaq ki, bu da bölgədə strateji, iqtisadi və siyasi əlaqələrin yaranmasına böyük töhfə verə­cək”. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya mərkəzinin ekspertləri isə bildiriblər ki, meqa transregional layihələr iqtisadi əlaqələrin möhkəmləndirilməsin­də çox mühüm rol oynayaraq istehsalçı, tranzit və istehlakçı ölkələr arasında güclü inteqrativ əlaqələrin qurulmasına təkan verir. “Aydındır ki, Horadiz–Ağdaban də­mir yolu xətti, Zəngəzur dəhlizi və oxşar layihələr geniş arteriyaya malik nəhəng dəhlizlərin formalaşmasına səbəb olur. Bu da öz növbəsində Şərqlə Qərbi birləşdir­mək baxımından xüsusi strateji əhəmiy­yətə malikdir. 

Beləliklə, beynəlxalq hüquqi, iqtisadi, mədəni əlaqələri və qarşılıqlı anlaşmanı gücləndirməklə Zəngəzur dəhlizi kimi la­yihələr regional əməkdaşlıq və təhlükəsiz­lik üçün yeni imkanlar gətirir. Bu layihələ­rin əhəmiyyəti və regiona gətirə biləcəyi üstünlüklər hər kəsə fayda verə biləcək yeni geoiqtisadi vəziyyət yaradır. Mərkəzi Asiya, Cənubi Qafqaz və qonşu region­dakı ölkələr Azərbaycanın liderliyi ilə əldə edilən yeni geoiqtisadi vəziyyət nəticəsin­də inkişaf etmiş Avropa ölkələri vasitəsilə texnoloji yeniliklərə çıxış əldə edəcək və iqtisadi səmərəliliyi artıracaq. Bunun qar­şılığında isə, Avropa ölkələri yeni iqtisadi tərəfdaşlar və təhlükəsiz nəqliyyat kanal­ları əldə etmək baxımından üstünlüklər­dən faydalanacaqlar. 

Əlavə olaraq, Zəngəzur Dəhlizinin re­allaşması Çin tərəfindən təşəbbüs edilmiş “Bir kəmər, bir yol” (BRI) layihəsinə töhfə verəcək və Mərkəzi Asiya da daxil olmaq­la region ölkələrinin BRI layihəsinin nəq­liyyat və logistika dəhlizinə çevrilməsində rol oynayacaq. Belə ki, Horadiz–Ağdaban dəmir yolu xətti, Zəngəzur dəhlizi Şərq–Qərb marşrutu üzrə şaxələndirmə imkan­larını artırır. Ona görə də Cənub–Şərqi və Mərkəzi Asiya ölkələri, eləcə də Avropa İttifaqı bu layihənin həyata keçirilməsində maraqlı tərəflərdir.

Bu dəmir yolu infrastrukturu Türkiyəyə qədər uzanacaq və Azərbaycanı Türkiyə ilə birləşdirən ikinci dəmir yolu şəbəkə­si yaradılacaq. Rusiya ilə İran arasında Naxçıvan ərazisi ilə, İran ilə Ermənistan arasında və Türkiyə ilə Rusiya arasında dəmir yolu bağlantısı olacaq.

Beləliklə, Horadiz–Ağdaban dəmir yolu xətti işğaldan azad edilmiş torpaqla­ra həm vətəndaşların gediş-gəlişini, həm də yüklərin daşınmasına imkan verəcək. Ən əsası, türk dünyası uzun illərdən son­ra yenidən Zəngəzur dəhlizi vasitəsi ilə birləşəcək. Şərq–Qərb və Şimal–Cənub nəqliyyat dəhlizlərinin əhəmiyyətini daha da artıracaq. Ölkəmizin gəlirlərinə təsir edəcək.

Qarabağda həyata keçirilən ikinci dəmir yolu xətti Bərdəni Ağdamla birləş­dirir. Bərdə–Ağdam dəmir yolu xəttinin strateji əhəmiyyəti var. Bu barədə iqti­sadçı-ekspert Natiq Cəfərli qeyd edib ki, dəmir yolu ilə yüklərin daşınması iqtisadi baxımdan daha sərfəlidir: “Logistikanın ucuzlaşdırılması baxımından dəmir yolları şəbəkəsinin yaradılması və köhnə yolla­rın yenidən işlək vəziyyətə gətirilməsinin ciddi əhəmiyyəti var. Nəzərə almaq lazım­dır ki, bu dəmir yolu vasitəsilə Qarabağa 100 minlərlə ton yük daşınacaq. Logistik mərkəz kimi Ağdamın seçilməsi daha məqsədəuyğundur. İşğaldan azad edilmiş rayonların – Füzuli, Cəbrayıl və Zəngila­nın bərpasında Ağdam istiqaməti mühüm rol oynayacaq. Dəmir yolunun bərpası həmin sahələrə yük daşınmasını həyata keçirəcək. Bərdə–Ağdam dəmir yolu xətti vasitəsilə Ağdam və digər rayonlarda ge­niş tikinti-bərpa və abadlıq-quruculuq işlə­ri görüləcək”.

Qeyd edək ki, Horadiz–Füzuli və on­dan sonra Füzuli–Şuşa dəmir yolunun tikintisi də nəzərdə tutulur. Şuşaya vətən­daşlar qayıdandan sonra bu yol istismara veriləcək. 

Yeni yollar Qarabağı sabaha aparır

Hazırda işğaldan azad edilmiş ərazilə­rin nəqliyyat komnukasiya xəttlərinin çəki­lişi bütün istiqamətlər üzrə aparılır. Qara­bağ iqtisadi rayonu üzrə avtomobil yolları tam sürətlə tikilir. Ümumi uzunluğu 1513 km olan bu yollar Qarabag və Şərqi Zən­gəzur iqtisadi rayonlarının əsas nəqliyyat qovşaqlarını əhatə edəcək. İcrası 2026-cı ilə qədər başa çatacaq yolların bir hissəsi artıq təhvil verilib. Avtomobil yolları dövlət agentliyinin mətbuat katibi Anar Nəcəflinin sozlərinə gorə, 2023-cü ilin sonu, 2024 cü ilin əvvəllərinə qədər 7 yolun tikinti işlərinin yekunlaşması planlaşdırılır. İcra olunan layihələr çərçivəsində iqtisadi rayonların daxili yolları da yaşayış məntəqələrinə uy­ğun olaraq yenidən qurulacaq.

Anar Nəcəfli onu da bildirib ki, la­yihələrə uyğun olaraq işlər plan üzrə aparılır. Ərazilərin həddən artıq mina­larla çirkləndirilməsi işlərin bəzi yerlərdə ləngiməsinə səbəb olur. Ümumilikdə isə 2026-cı ildə mövcud layihələrin yekunlaş­dırılması planlaşdırılır.Qarabağda həyata keçirilən layihələr arasında Bərdə–Ağ­dam, Ağdam–Füzuli, Horadiz–Ağbənd və s. kimi iri layihələr var. Bu avtomobil yolları respublikamızın regionları arasında iqtisa­di əlaqələrin inkişafı, nəqliyyat xərclərinin azadılması baxımından mühüm əhəmiy­yətə malikdir. Bununla yanaşı, ölkəmizin ərazisindən keçən nəqliyyat dəhlizlərini əlaqələndirən yollar tranzit xidmətlərinin səmərəliliyinin artırılmasında mühüm rol oynayırlar. 

Beləliklə, beynəlxalq əhəmiyyətli yol infrastrukturunun qurulması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiya prosesi­ni sürətləndirməklə yanaşı, regionda daha çox məşğulluğun təmin olunmasına şərait yaradacaq. 

Cəbrayılda yarımstansiya tikilir

Cəbrayıl yarımstansiyası Qarabağ və Şərqi Zəngəzur regionlarının dayanıqlı elektrik enerjisi ilə təchizatını təmin edir. Həyata keçirilən meqalayihələrin tələbatı­nı qarşılayır. Sonrakı mərhələdə isə Cəb­rayıl-Naxçıvan-Ağrı (Türkiyə) yarımstansi­yaları, oradan isə Türkiyənin enerji sistemi vasitəsilə Avropa enerji bazarlarına əlavə və daha əlverişli çıxış əldə etmək, ixrac imkanlarını artırmaq, uzun illərdən sonra Naxçıvan Muxtar Respublikasını Azər­baycanın ümumi enerji sisteminə qoşmaq mümkün olacaq. O cümlədən İranla müş­tərək tikilən “Xudafərin” və “Qız Qalası” Su Elektrik stansiyalarında, həmçinin al­ternativ və bərpaolunan enerji mənbələ­rində və kiçik su elektrik stansiyalarında istehsal ediləcək enerjinin Azərbaycanın ümumi enerji sisteminə ötürmək üçün 330 kilovoltluq “Cəbrayıl” yarımstansiyasının tikilməsi olduqca mühüm hadisədir.

Rusiyalı ekspert Anatoli Kolesnikov da Azərbaycanda həyata keçirilən infrastruk­tur layihələrinə toxunub: “Yollar, körpülər, enerji sistemləri və digərləri kimi dağılmış infrastrukturun bərpası və inkişafı iqtisadi artım üçün yeni imkanlar yaradır və əra­zidəki insanların həyatını yaxşılaşdırır. Gələcəkdə Qarabağ ermənilərinin Azər­baycana reinteqrasiyası Azərbaycan və Ermənistan arasında transsərhəd iqtisadi əməkdaşlığın inkişafı üçün imkanlar yara­dacaq, ticarətin, nəqliyyat əlaqələrinin və digər qarşılıqlı fəaliyyət növlərinin inkişa­fına töhfə verəcək. Bu da öz növbəsində regionda sülhün və sabitliyin möhkəmlən­məsinə kömək edəcək. 

Beləliklə, həyata keçirilən nəqliyyat layihələrinin əhatəli olması və Qarabağa müxtəlif istiqamətlərdən hərəkət etməyə imkan yaratması gələcəkdə bu regionun qonşu ölkələr ilə iqtisadi əlaqələrin qurul­masında əsas tranzit əraziyə çevrilməsinə imkan yaradacaq, regional ölkələr arasın­da ticarət əlaqələri genişlənmiş olacaq. Nəqliyyat layihələrinin, o cümlədən hava limanlarının tikintisi eyni zamanda Qara­bağın malik olduğu turizm potensialının da reallaşdırılmasına imkan yaradacaq. Ona görə də azad edilmiş ərazilərdə zəru­ri infrastrukturun yaradılması təkcə Azər­baycan üçün deyil, eyni zamanda qonşu ölkələr üçün də əhəmiyyətlidir. İşğaldan azad edilmiş ərazilərdə görülən işlər, hə­yata keçirilən tədbirlər bunu deməyə əsas verir. 

Pünhan ƏFƏNDİYEV
XQ

Sosial həyat