(əvvəli XQ-nin ötən saylarında)
“Müəllimin qarşısında baş əyirəm”
Heydər Əliyev müəllimlərin bütün dövrlərdə aztəminatlı insanlar qrupuna aid olmasına baxmayaraq, öz peşəsinə sadiqliyini fədakarlıq adlandırırdı. O deyirdi:
– Mən müəllimlərimi həmişə böyük hörmət və ehtiramla xatırlamışam. Bunu bu gün bir daha bildirmək istəyirəm. Arzu edərdim ki, müəllim elə müəllim olsun ki, bax, mənim hafizəmdə orta məktəbdən indiyədək yaşayan duyğular hər bir gəncin hafizəsində qalsın.
Xatirimdədir, biz müəllimi görəndə həmişə özümüzü yığışdırırdıq. Müəllimdən həm qorxurduq, həm də ona hörmət edirdik. Biz müəllimin hər sözünü qanun kimi qəbul edirdik. Şəxsən mənim həyatımda müəllim ən ali sima olmuşdur. Mən tək deyiləm, hesab edirəm ki, Azərbaycan vətəndaşlarının əksəriyyəti mənim kimi belə düşünür.
Hər kəs öz həyatında müəllimlə özünün əlaqəsi haqqında fikirlər söyləyə bilər. Ancaq mənim çoxillik həyatımda, dünyanın çox mərhələlərini keçib gəldiyim həyatımda ən çox yadımda qalan, mənim üçün əziz olan müəllimlərdir. Mən onları bu gün də böyük minnətdarlıqla xatırlayıram. Hesab edirəm ki, mənim öz daxili istedadımla yanaşı, müəllimlərimin mənə verdikləri bilik, tərbiyə, müəllimlərimin mənə göstərdiyi yol bütün həyatımı həmişə uğurlu edibdir və bu gün də uğurlu edir.
Əziz dostlar, siz fəxr etməlisiniz ki, müəllimsiniz və müəllimlik peşəsinə sadiqsiniz. Doğrudur, müəllimin maddi vəziyyəti başqa təbəqələrə nisbətən zəif olur, elə keçmişdə də belə idi. Həqiqətən belədir. Məsələn, 70- ci illərdə mən Azərbaycana rəhbərlik etdiyim zaman, yaxud da Sovetlər İttifaqında bu məsələlərlə məşğul olduğum zaman biz daim düşünürdük ki, müəllimlərin maaşını nə təhər artıraq, onların maddi vəziyyətini necə yaxşılaşdıraq. Sizə deyə bilərəm ki, 1984-cü ildə məktəb islahatı keçirilərkən biz, eyni zamanda, müəllimlərin maaşının artırılması haqqında qərar qəbul etdik. Amma bunlara baxmayaraq, hesab edirəm ki, başqa təbəqələrə nisbətən müəllimlər elə o vaxt da aztəminatlı adamlar olublar və bu gün də aztəminatlıdırlar. Bu, müəllimliyin xüsusiyyətidir. Çünki əsl müəllim pul, sərvət üçün yox, həmişə mənəviyyat üçün xidmət edibdir.
Xatirimdədir, orta məktəbdə, pedaqoji texnikumda oxuyanda mənim maddi vəziyyətim, yəni ailəmin vəziyyəti çox zəif idi. Ancaq görürdüm ki, mənə dərs verən müəllimlərin maddi vəziyyəti bizim maddi vəziyyətimizdən o qədər də artıq deyildir. Amma nə qədər həvəslə, sədaqətlə və nə qədər ürəklə bizə tərbiyə, dərs verirdilər. Ona görə də müəllimlik peşəsi həmişə fədakarlıq tələb edir. Bu, belə olubdur. Mən hesab edirəm ki, insan cəmiyyətində ən yüksək yerdə mənəviyyat durur. Maddi vəziyyət, sərvət, bu və ya başqa şeylər xeyli aşağıda durur. Bununla onu demək istəmirəm ki, müəllimlər həmişə maddi çətinlik içərisində yaşamalıdırlar. Yox, sadəcə, bu sözlərimlə mən özünü müəllimlik peşəsinə həsr edən insanın həmin peşəyə sadiqliyini sübut etmək istəyirəm. Ola bilər, o müəllimlər gedib başqa bir işlə məşğul olsaydılar, bir neçə qat artıq fayda götürə bilərdilər və maddi vəziyyətləri də yaxşı olardı. Ancaq onlar müəllimlik peşəsini seçiblər, siz müəllimlik peşəsini seçmisiniz. Buna görə də mən sizə “afərin!” deyirəm, sizin qarşınızda, müəllimin qarşısında baş əyirəm.
“Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır”
Tariximizə həmişə həssas yanaşan ulu öndər bunu elmi ictimaiyyətə də tövsiyə edirdi.
– Keçən vaxtlar – Sovet hakimiyyəti vaxtı bütün tarixçilər ümumi tarixi yazarkən, o cümlədən də universitetin tarixini yazarkən hər bir şeyi marksist-leninçi ideologiya əsasında və bir də o tarix ki, qurulmuşdu, onun əsasında yazmağa çalışırdılar. Ona görə də təhriflərə yol verirdilər. Amma iki-üç il bundan qabaq, respublikamızda yeni bir dövr yarananda bəziləri hesab etdilər ki, 1920-ci ildən 1992-ci ilədək Azərbaycanda nə olmuşdursa, bunlar heç bir şey deyil. Tarix indidən başlayır. Belə münasibət yaramaz! Xalqın hər bir günü tarixdə öz yerini tapmalıdır. Tariximizin hər bir nöqtəsi, hər bir günü bizim üçün əzizdir, – nə cür olur-olsun. İki-üç il bundan qabaq mən eşitdim: bəzi yeni siyasətçilər deyəndə ki, Nəriman Nərimanovdan başlayan və indiyə qədər, bizə qədər olan dövr tarix deyildir, mən dəhşətə gəldim. Belə ədalətsizliyə yol vermək olmaz!
***
1968-ci ildə mən respublikada Dövlət Təhlükəsizliyi Komitəsinin sədri idim. Universitetdə bir neçə alim Azərbaycanın tarixini araşdırarkən Azərbaycanın Rusiyaya birləşməsi haqqında mübahisə aparmışdı ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü surətdə girmişdir, yaxud elə-belə girmişdir, ya da məcburi girmişdir. Bunu o vaxtlar şişirtdilər. Şübhəsiz ki, elm adamları elmi axtarışlar zamanı gərək həmişə bütün versiyaları yoxlasınlar. O vaxt isə ümumi qərar belə idi ki, Azərbaycan Rusiyanın tərkibinə könüllü daxil olmuş, özü bunu xahiş etmişdir. Şübhəsiz ki, bu, tarixi həqiqətdən uzaqdır. Ancaq belə olmuşdu və bu hadisə də bayram kimi qeyd edilmişdi. Amma bir neçə alim o vaxt bunu şübhə altına alaraq öz fikirlərini söyləmişdi. Bu, böyük bir iğtişaş yaratdı. Başladılar araşdırmağa ki, bunlar millətçidirlər, yaxud başqa fikirləri var, dövlət mövqeyindən kənar fikirlə yaşayırlar və s. Düzdür, bundan ötrü o vaxtlar bəzi adamları xırdaca cəzalandırdılar. Ancaq mən bilirəm ki, o adamların hamısı indi də fəaliyyətdədir, işləyir və ondan sonra da yaxşı fəaliyyətdə olmuşlar.
“Mən belə şeyi edə bilmərəm”
Keçmiş iqtidarda olan yüksək vəzifəli şəxslərin antimilli mövqeyini, onların dövlətə və dövlətçiliyə vurduqları zərərin miqyasını, yersiz iddialarını Heydər Əliyev müxtəlif tədbirlərdə təkzibolunmaz faktlar və hadisələr əsasında ictimaiyyətə açıqlayırdı. Ulu öndər çıxışlarının birində bu barədə demişdir:
– Əbülfəz Elçibəy öz-özünə yıxıldı, aradan çıxıb qaçdı. (Yerdən səslər: Bizi qoydu qaçdı). Bəli, qoyub qaçdı. O qaçandan sonra mən Etibar Məmmədovu işə cəlb etmək istədim. Siz bunu bilirsiniz. Mən onu yanıma çağırıb təklif etdim ki, gəl, xarici işlər naziri işlə. Dedi yox, bu vəzifə mənim üçün azdır. Dedim onda dövlət katibi ol. Dedi yox, bu vəzifə də mənim üçün azdır. Yaxşı, onda gəl, səni baş nazirin birinci müavini qoyaq. Dedi yox, bu da mənim üçün azdır. Bəlkə Ali Sovetin sədrinin birinci müavini qoyaq? Yox, bu da mənim üçün azdır. Dedim, bəs sən nə istəyirsən? Deyir, siz gərək məni baş nazir vəzifəsinə qoyaydınız, amma bu vəzifəyə Surət Hüseynovu təyin etdiniz. Dedim... Baş nazir vəzifəsi artıq tutulub, amma ondan bir pillə aşağı olan bir neçə vəzifə təklif edirəm. (Yerdən səslər: Ona ancaq vəzifə lazımdır). Bir görün, mənə sonra nə deyir: Siz gəlin, xarici işlər naziri, iqtisadi əlaqələr naziri, dövlət katibi vəzifələrini birləşdirin, Dövlət Neft Şirkətini də buraya əlavə edin və bir vəzifə yaradın, onu da mənə verin. Bilirsiniz, mən ona baxdım və dedim ki, axı sən hələ bir yerdə bir ağac da əkməmisən, bir arxa su gətirməmisən, bir daşı bir daşın üstünə qoymamısan, bəs səndə bu qədər iddia haradandır? Ona dedim ki, mən belə şeyi edə bilmərəm. Amma bu vəzifələrdən hansını istəyirsənsə, gəl seç, götür. Məqsədim də sağlam məqsəd idi. Düşündüm ki, cavan adamdır, siyasətə qoşulub, gəlib bu vəzifələrdən birində işləsin, təcrübə toplasın. Bəlkə gələcəkdə bundan bir xadim çıxdı. Amma gördüm ki, yox, bu, allahlıq iddiasındadır. Çıxıb getdi.
***
Yaxud götürək İsa Qəmbərovu. O əyri yolla, düz yolla, Allah bilir, hansı yolla Ali Sovetin sədri oldu. Yaxşı, işləyə bilmədin, qardaş, çıxıb qaçdın. Keçən il iyun ayının 11-də özü istefa verdi ki, mən işləyə bilmirəm. Nə üçün? Çünki Azərbaycanı gətirib vətəndaş müharibəsi vəziyyətinə çıxartdılar. Düz bir il bundan qabaq, keçən ilin may ayında – iyunun əvvəllərində Azərbaycanda artıq vətəndaş müharibəsi başlanmışdı, qardaş qırğını gedirdi. Azərbaycan od tutub yanırdı, parçalanırdı. Bir tərəfdən Gəncədə bir dəstə, digər tərəfdən Lənkəranda bir dəstə, başqa tərəfdən, ayrı bölgələrdə dəstələr peyda olmuşdu. Azərbaycan dağılıb gedirdi.
Azərbaycanı bu şəraitə gətirib salanlardan biri olan İsa Qəmbərov üç saat mənim özümdən xahiş edib ki, gəlin, respublikanı bu vəziyyətdən çıxarın. Mən dedim ki, gələ bilmərəm, çünki siz Azərbaycanı çox pis vəziyyətə salmısınız. Əbülfəz Elçibəy üç-dörd gün mənimlə danışıqlar apardı. Onlar bir həftə çalışdılar ki, məni Naxçıvandan buraya gətirsinlər. Mən də gəlib onların düz üzünə dedim ki, siz Azərbaycanı dağıtmısınız. Özləri istefa verdilər. İsa Qəmbərov da, Pənah Hüseynov da istefa verdi. Pənah Hüseynov qaçıb aradan çıxdı, on bir aydır gizlənir, bilən yoxdur, haradadır. Biri deyir xaricdədir, biri deyir filan yerdədir. Əgər düz adamdırsa, niyə qaçıb aradan çıxır? Əbülfəz Elçibəy də buradan qaçdı, on bir aydır ki, Kələki kəndində oturub, orada hərdənbir danışıqlar aparır, camaatı çaşdırır. Yaxşı, əgər hakimiyyət sizdə idisə və siz də onu saxlaya bilmədinizsə, Azərbaycanı vətəndaş müharibəsi vəziyyətinə gətirib çıxardınızsa, ölkəni dağıtdınızsa, bəs indi nə istəyirsiniz?! Bu xalqdan nə istəyirsiniz? Niyə camaatı çaşdırmağa can atırsınız? Gedin yerinizdə sakitcə oturun, bəlkə cəzadan xilas oldunuz.
***
Tofiq Qasımov. Bunu gətirib xarici işlər naziri qoymuşdular. İndi orada-burada elə hey danışır. Başqa bir söz deyə bilmərəm. Onun bir dəfə belə normal danışdığını görmək olmaz. İndi gəlib atılıb meydana. Yaxşı, sən bir il xarici işlər naziri oldun, bu bir ildə Azərbaycanın xarici siyasətini qura bilmədin. Məhz sən xarici işlər naziri olan dövrdə ABŞ Konqresi Azərbaycan üçün humanitar yardıma embarqo qoydu. Sən heç nəyə nail ola bilmədin. Azərbaycanın bir sıra dövlətlərlə münasibətləri korlandı. İndi de görək, nə iş görmüsən? Heç bir iş görməmisən! Belə bir halda sən nə istəyirsən?
Rəhim Qazıyev Xalq Cəbhəsinin liderlərindən biri idi. Ancaq Rəhim Qazıyev bu Xalq Cəbhəsinə hansı niyyətlə girmişdi? Xalq ona inanmışdı. Amma o, xalqa nə qədər xəyanət etdi. Yaxşı, bu məlumdur. O, elə 20 Yanvar hədisəsində də xalqa xəyanət etdi. Şübhəsiz ki, onu həbs edib Moskvaya aparandan sonra ələ keçirdilər və bundan sonra o, xalqın əleyhinə işləməyə başladı. Nəhayət, 1993-cü ilin hadisələri bunu göstərdi. Mən bəlkə də o vaxt belə düşünə bilməzdim. Çünki həmin Rəhim Qazıyev mən Naxçıvanda olarkən iki-üç dəfə Naxçıvana gəldi. Hələ o, burada heç müdafiə naziri deyildi. Görüşdük, söhbət elədik. Mən ona hörmətlə yanaşırdım, çünki onu tanımırdım, içini bilmirdim. Amma hesab edirdim ki, o vaxtlar Yanvar hadisələrinə görə həbs olunub, həbsxanada yatıbdır, demək, xalq hərəkatının liderlərindən biridir. Mən ona belə münasibət göstərirdim... Ancaq sonra nə təhər oldu? Sonra tamamilə xalqa xəyanət etdi və xarici ölkələrin xüsusi xidmət orqanlarına qulluq etdi. Təsadüfi deyil ki, bizim orqanlar burada həbs edəndən sonra onu təcridxanadan çıxaranlar haraya apardılar? Apardılar, onu Moskvada gizlətdilər. O, təlimatlarını elə oradan almışdı, oraya xidmət edirdi.
***
O vaxtlar mənim barəmdə daim kriminal axtarırdılar. Bəzi qəzetlərdə də yazırdılar ki, Heydər Əliyev Bakıda işləyəndə Nemət Pənahov onun bağında bağban olub, ona görə onun göstərişi ilə bu işləri görür. Amma bunlar hamısı uydurma sözlərdir. Mən Nemət Pənahovu qətiyyən tanımırdım. Bir də ki, mən Azərbaycandan gedəndə Nemət Pənahov yaşına görə, yəqin ki, uşaq idi. Çünki mən Azərbaycandan 1982-ci ildə getmişdim. Bu hadisələr 1988-ci ildə başlamışdı, o vaxtlar deyirdilər onun 25 yaşı vardı. Qəzet belə yazırdı, bilmirəm neçə yaşı vardı, amma belə yazırdı.
(ardı var)
Faiq SADIQOV,
Əməkdar jurnalist

