Dünən Azərbaycan Mətbuat Şurasında Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının dəvəti ilə ölkəmizdə səfərdə olan bir qrup pakistanlı idman jurnalisti ilə görüş keçirilib.
AMŞ sədri Rəşad Məcid Pakistanın İdman Yazarları Federasiyasını təmsil edən qonaqları salamlayaraq rəhbərlik etdiyi qurumun fəaliyyət istiqamətləri barədə məlumat verib. Qurumun beynəlxalq əlaqələrindən söz açan MŞ sədri bu təmasların əsasən xarici media oraqanlarının qabaqcıl təcrübəsinin mənimsənilməsinə, o cümlədən, söz və ifadə azadlığı ilə bağlı tendensiyaların öyrənilməsinə yönəldiyini deyib.
AMŞ İdarə Heyətinin üzvləri Azər Həsrət və Hacıbəy Heydərli medianın beynəlxalq əlaqələrdəki rolundan, ölkəmizdə sosial medianın durumundan, MŞ-nin icraçı katibi Əvəz Rüstəmov şikayətlərin araşdırılması prosedurundan, Şuranın Ahıl Jurnalistlər Məclisinin sədr müavini Əminə Yusifqızı yaşlı jurnalist nəslin təcrübəsinin önəmindən söz açıblar. Azərbaycan İdman Jurnalistləri Assosiasiyasının prezidenti Eldar İsmayılov rəhbərlik etdiyi qurumun idman sahəsindəki beynəlxalq media təşkilatları ilə əlaqələri haqqında da məlumat verib.
Görüşdə Pakistanın idman jurnalistlərinin Azərbaycan mediası ilə bağlı sualları da cavablandırılıb.
XQ

