Azərbaycana rəhbərliyi müddətində 16 dəfə Sumqayıtda olan ulu öndərin hər səfəri şəhərin tarixinə mühüm hadisə kimi düşüb.
Ümummilli liderin Sumqayıta səfərləri əsasən kimya və metallurgiya müəssisələrinin genişləndirilməsi və modernizasiyası ilə əlaqədar olsa da, o, əmək adamlarının sosial-məişət şəraitinin yaxşılaşdırılması, gənc şəhərdə mədəni quruculuq tədbirlərinin həyata keçirilməsinə də böyük qayğı göstərmişdir.
1974-cü il noyabrın 27-də respublika rəhbərinin Səməd Vurğun adına Mədəniyyət sarayında Sumqayıtın 25 illik yubileyində iştirakını şəhərin yaşlı sakinləri yaxşı xatırlayırlar. Bu, ulu öndərin həmin il Sumqayıta 3-cü səfəri idi.
Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi ilə bağlı bunlarbarədə geniş məlumat verən “Sumqayıtın tarixi” muzeyinin sabiq direktoru, hazırda pensiyada olan Əməkdar mədəniyyət işçisi Olya İslamova bildirir ki, həmin il şəhərin yubileyinin maraqlı keçməsi üçün muzeyin elmi işçilərinin xalqımızın görkəmli oğlu Heydər Əliyevə böyük məhəbbət və ehtiramla tərtib etdiyi, tarixi eksponatların “dili ilə danışan” sərgi maraqla qarşılanmış, bayram ovqatını daha da yüksəltmişdi.
Ulu öndərin respublikada hakimiyyətinin ilk dönəmində onunla görüşmək Olya İslamovaya nəsib olmamışdı. Lakin dahi rəhbər Azərbaycan rəhbərliyinə qayıtdıqdan sonra onunla üç dəfə – 1993, 1996 və 1999-cu illərdə görüşmək, hətta söhbət etmək imkanı yaranıb.
İlk görüş – 28 dekabr 1993-cü il. Həmin gün sumqayıtlılar Azərbaycanın görkəmli oğlu, xalqımızın xilaskarı, cəmi 5 ay əvvəl yenidən ölkə rəhbərliyinə gəlmiş Heydər Əliyevi böyük intizarla gözləyirdi. Əvvəllər Sumqayıta 10 dəfə səfər etmiş ulu öndər bu şəhərə ilk dəfə idi ki, Azərbaycan Prezidenti kimi gəlirdi. Odur ki Sumqayıt onun gəlişinə, qarşılanmasına ciddi hazırlıq görmüşdü.
Respublika rəhbəri ilk növbədə Türkiyənin “Teletaş” firmasının Sumqayıtın 4-cü mikrorayonunda quraşdırdığı elektron tipli müasir telefon stansiyasının açılşında iştirak edəcəkdi. Həmin ATS isə Olya xanımın çalışdığı “Sumqayıtın tarixi” muzeyinin lap yaxınlığında olduğuna görə güman vardı ki, ölkə rəhbəri muzeylə də maraqlansın. Odur ki, bir gün əvvəldən muzeyin hər iki mərtəbəsi, otaqlar, zallar xüsusi idarə tərəfindən diqqətlə yoxlanılmışdı. Olya xanımın dahi rəhbərə sonsuz sevgisi olan, onun hakimiyyətə qayıdışına çox sevinən atası, Sumqayıtın ağsaqqal ziyalısı Zəbi Abdullayev də qızına demişdi ki, Prezident hökmən muzeylə də maraqlanıb, ora baş çəkəcək, diqqətli ol.
Elə də oldu. ATS-dəki təntənəli açılışdan, Türkiyə Prezidenti ilə telefonla birbaşa danışıqdan sonra Heydər Əliyev özünün ən etibarlı silahdaşlarından biri olan Arif Rəhimzadə və digər rəsmi şəxslərlə birgə muzeyə tərəf addımladı. Onu muzeyin girişində sevinclə, həyəcanla qarşılayan Olya İslamova dahi rəhbəri salamlayaraq dedi:
– Heydər müəllim, bilirik ki, Siz dünən Parisin dünyaca məşhur Luvr muzeyində olmusunuz, bu gün isə Sumqayıt muzeyinə təşrif buyurmusunuz. Xoş gəlmisiniz!
Ulu öndər cavab verdi ki, “Xanım, Luvr Fransadadır, ancaq Sumqayıt muzeyi burada – Azərbaycandadır.”
Belə bir səmimi və müdrik cavabı eşidən Olya xanım bir qədər ürəklənərək, muzey haqqında dahi rəhbərə müfəssəl məlumat verməyə başladı.
Dövlət rəhbəri onu maraqla dinlədi. Sonra muzeyin salonlarından birində “Bir elin harayı” kolleksiyasının qarşısında ayaq saxlayıb, onun eksponatlarına diqqətlə, maraqla baxan ulu öndər 1988-ci ildə həmin zəngin kolleksiyanı Ermənistandan araba ilə, min-bir əziyyətlə Sumqayıta gətirmiş vətənpərvər ziyalı, tarix müəllimi Baxşeyiş Ələmşahovla görüşərək, fədakarlığına görə ona təşəkkür etdi və dedi ki, sənin bu “qaçqın muzey”in gələcək nəsillər tərəfindən daha yüksək dəyərləndiriləcək!
Heydər Əliyev daha sonra muzeyin hər iki mərtəbəsini gəzərək, eksponatlara maraqla tamaşa etdi. Özü ilə bağlı ekspozisiya ilə tanış olanda təəccübə bənzər şəkildə soruşdu ki, “Azərbaycanda olmadığım illərdə mənim bütün şəkillərimi cırıb atıblar, nə əcəb siz qoruyub saxlamısınız?”. Olya xanımın inamla: “Heydər müəllim, tarixi silmək olmaz! Muzey ilk növbədə ondan ötrüdür ki, tarix necə varsa, elə də qorunsun”, – deyə cavab verməsi Heydər Əliyevin çox xoşuna gəldi.
Ekspozisiyalarla tanışlıqdan sonra muzeyin çıxışına yönələn Prezidenti meydana toplaşmış minlərlə şəhər sakini sevinclə, ehtiramla, sürəkli alqışlarla qarşıladı. Səmimi görüş oldu.
Olya xanım bu gün də heyrətlə xatırlayır ki, torpaqlarımızın işğalının, Qarabağda erməni azğınlıqlarının davam etdiyi, qanlı çarpışmalar getdiyi həmin qış günündə Heydər Əliyev vaxt ayıraraq, sumqayıtlılar qarşısında bir saatdan artıq çıxış etmişdi. Və onun hər sözündə sabaha, torpaqlarımızın düşməndən tam azad ediləcəyinə böyük, sarsılmaz inam vardı.
Həmsöhbətimiz onu da xatırlayır ki, ulu öndər muzeydən sonra o zaman hələ ilk şəhidlərin gətirildiyi Sumqayıt şəhər məzarlığına da baş çəkmək, mərd oğulların ruhuna ehtiramını bildirmək istədiyini də demişdi. Orada şəhid oğlunu ziyarətə gəlmiş bir ana ilə təsadüfən görüşən Heydər Əliyev kövrələrək onun ağ saçlarından öpmüş, başsağlığı vermiş və Vətən uğrunda canından keçən bir oğul böyütdüyünə görə ona təşəkkür etmişdi. Sonda isə qəti bir inamla şəhidlərin qisasının hökmən alınacağını bildirmişdi.
İkinci görüş – 2 iyun 1996-cı il. Heydər Əliyevin BMT-nin İnkişaf Proqramı üzrə nümayəndəsi Paolo Lembo və hökumət adamları ilə Sumqayıta növbəti gəlişi bütün gün üçün nəzərdə tutulmuşdu. Bir vaxtlar ulu öndərin öz təşəbbüsü ilə inşa edilmiş “Kimyaçı” Mədəniyyət sarayında geniş tədbir keçiriləcəkdi. Ona görə də əvvəlcədən qərara alınmışdı ki, dahi rəhbərə həsr edilmiş, “Heydər Əliyevin Sumqayıta qayğılarından səhifələr” adlanan sərginin ekspozisiyasında fotoları olan adamlar – Sosialist Əməyi qəhrəmanları Zəminə Həsənova, İdris Dadaşov, Şəmşad Pənahov, Dadaş Dadaşov, hünərvər inşaatçılar Gülbahar və İmamverdi Vəliyevlər o stendlərin yanında dayansınlar. Ölkə rəhbəri şəkillərə maraqla tamaşa edərək irəlilədikcə birdən ilk azərbaycanlı metallurq qadın Zəminə xanımı gördü və gözlənilmədən, lakin çox təbii və səmimi şəkildə “Əziz bacım!” – deyərək, onu qucaqladı. Zəminə xanım da “Əziz qardaşım!” deyib rəhbərlə görüşdü və sevincindən göz yaşlarını saxlaya bilmədi. Həmin təsirli səhnə orada olanların hamısını kövrəltdi.
Sərgi rəhbərin çox xoşuna gəldi. Bir şəklin önündə ayaq saxlayıb, təəccüblə dedi ki, nə yaxşı, bu şəkil də burdadır ki!.. Şəhərin o vaxtkı icra başçısı Şakir Abuşov ölkə rəhbərinə bildirəndə ki, sərgini muzeyimizin direktoru Olya İslamova tərtib edib, çox möhkəm yaddaşı olan Heydər Əliyev Olya xanımı tanıyaraq, onu mehribanlıqla bağrına basdı, minnətdarlıq ifadəsi olaraq üzündən öpdü. Sonra isə mədəniyyət sarayının böyük salonunda keçirilən tədbirdə çıxış edərkən sərgidən razılıqla söhbət açdı. Amma oradakı fotolar arasında bir şəkli görmədiyini söylədi: “Axı, mən Sumqayıtın 25 illiyində də iştirak etmişdim, çıxışım da olmuşdu. Ancaq həmin şəkli bu gün sərgidə görmədim...”.
Olya xanım bunu bu gün onunla izah edir ki, həmin şəkildə fonda, Heydər Əliyevin başı üzərində Leninin də şəkli olduğuna görə onu sərgidə nümayiş etdirməyə şəhər rəhbərliyi risk etməmişdi...
3-cü görüş – 14 iyul 1999-cu il. Bu, ulu öndərin ilk dəfə Azərbaycanda hakimiyyətə gəlişinin 30 illiyinə təsadüf edirdi. Həmin tarixi gün münasibətilə Bakının İdman və Konsert Sarayında Heydər Əliyevin rəhbərliyi ilə ötən illər ərzində respublikanın şəhər və rayonlarında aparılmış abadlıq-quruculuq işlərini əks etdirən fotolardan ibarət geniş bir foto-sərginin təşkili nəzərdə tutulmuşdu. Sumqayıt muzeyinin kollektivi də həmin sərgi üçün xeyli şəkil toplamışdı. Axı, ulu öndər hakimiyyəti dövründə ən çox Sumqayıtda səfərdə olmuş, onun sosial-iqtisadi, mədəni inkişafı üçün böyük işlər görmüşdü. Azərbaycan boru-prokat zavodunda xarici avadanlıqlardan qurulmuş “EMAQ” axın xətti, Sintetik kauçuk zavodunda inşa edilmiş “EP-300” qurğusu, “Üzvi sintez” zavodunda inşa edilmiş “Polimir-120” kompleksi, Kompressorlar zavodu, Superfosfat zavodu və s. məhz ümummilli liderin Sumqayıt sənayesinə böyük töhfələri olub.
Sərginin açılşına oğlu – hazırkı Prezidentimiz İlham Əliyevlə, qızı Sevil xanım və gəlini – hazırda Birinci vitse-prezident olan Mehriban xanım Əliyeva ilə birlikdə gələn ulu öndər Gəncə stendinə baxdıqdan sonra Sumqayıt stendinə yaxınlaşdı. O, 3 il əvvəl Sumqayıtda görmədiyi, indi isə stenddə ilk sırada qoyulan fotonu görüb, məmnunluqla gülümsündü. Bu vaxt Olya xanım irəli durub dedi: “Heydər müəllim, bu, Sizin Sumqayıtın 25 illik yubileyinizdə çəkilən şəklinizdir. Çox istərdik ki, Siz şəhərimizin 50 illik yubiley tədbirində də iştirak edərək, biz sumqayıtlıları sevindirəsiniz!”.
Muzey direktorunun öz adından, həm də ilk dəfə səsləndirdiyi bu təklif–dəvət ölkə Prezidentini çox sevindirmişdi. O, cavabında gülərək demişdi: “Allah qoysa! Hökmən!..”
Təəssüf ki, bu, “Sumqayıtın tarixi” muzeyinin direktoru Olya İslamovanın ulu öndərlə son görüşü oldu. Ancaq dahi rəhbərlə bağlı solmaz xatirələr, onun sirayətedici və nurlu siması hamı kimi, Olya xanımın da xatirəsində bu gün Günəş kimi parlamaqda, işıq saçmaqdadır...
Rəhman ORXAN,
Əməkdar jurnalist
Sumqayıt



