Ermənistana sentimental xəbərdarlıq

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

Zaxarova deməkdə, İrəvan öz bildiyindədir

Belə bir lətifə var. Bir nəfər digərini qorxutmaq istəyir. Əlini hər dəfə cibinə atır ki, silahını çıxarsın. Amma çıxarmır. Qarşısındakı əvvəlcə çəkinir. Amma bu hərəkətlər təkrarlandıqca, artıq bezir və ondan tələb edir ki, əgər kişisənsə, silahını çıxar və vur! Həmin adam qəti şəkildə əlini cibinə atanda silahı tapa bilmir. Görür ki, cibi cırılıb, silah düşüb... Mövzuya bu lətifə ilə başlamağımızın səbəbi sonda məlum olacaq. Hələlik isə mətləbə keçək. 

“Rusiya Ermənistan rəhbərliyindən iki ölkə xalqları arasında münaqişə ya­ratmaq üçün fəlakətli olmayan planlar gözləyir. Ümid edirəm ki, bu, baş ver­məyəcək. Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə bir məqsədi yoxdur. Çünki, fikrim­cə, bu, sadəcə Ermənistan üçün fəlakət olar”. Belə bir fikirlə Rusiyanın Xarici İş­lər Nazirliyinin rəsmi nümayəndəsi Ma­riya Zaxarova çıxış edib. 

Xarici İşlər Nazirliyinin rəsmisi xatır­ladıb ki, Rusiya tarixən Ermənistanın və erməni xalqının etibarlı müttəfiqi, dostu, ən yaxın tərəfdaşı kimi özünü göstərib və təsdiqləyib. Ən çətin anlarda köməyə gəlib, dəstək verib. Eyni zamanda, Ru­siya hər zaman Ermənistanın nailiyyət­lərinə sevinib və heç bir qərara ortaq olmasa belə, onun seçimlərini qəbul et­məyi bacarıb, ölkənin suveren qərarına hörmətlə yanaşıb.

Diplomat Rusiya ilə münasibətlər­dən imtina etməyin həm Ermənistan dövlətinə, həm də erməni xalqına fayda gətirəcəyinə əmin olmadığını vurğula­yıb. “Belə əlaqələri bir və ya beş il ərzin­də qurmaq olmaz. Bu, tarixi bazadır. Bu, zamanla sınaqdan keçirilmiş hekayədir. Ən əsası, insanların ruhundan, ürəyin­dən gələn hekayədir. Bu, fürsətcillik deyil, haradasa proqramda yazılmır və həyata keçirilməsi insanların öhdəsinə buraxılmır. Bizim ölkədə insanlar belə düşünür, belə hiss edir, bu ölkəyə (Er­mənistana – red.), bu insanlara (ermə­nilərə - red.) sevgi ilə yanaşırlar”, – deyə Zaxarova sentimental diplomatik tona üstünlük verməyi də yaddan çıxarma­yıb. O, eyni zamanda, əlavə edib: “Və hər şeyin üstündən xətt çəkmək... Mən ürəkdən ümid edirəm ki, Ermənistan rəhbərliyində heç kimin belə planı yox­dur”.

***

M.Zaxarova bir müddət əvvəl Er­mənistanın Rusiyadakı səfirinin ölkənin Xarici İşlər Nazirliyinə çağırılmasından və ona rəsmi İrəvanın anti-Rusiya ovqa­tı ilə bağlı xəbərdarlığın edilməsindən də söz açıb. Mövcud xüsusda Roma statutunun (Roma statutu Rusiya Pre­zidentinin Ermənistan ərazisinə daxil olacağı təqdirdə həbsini nəzərdə tutur – red.) Ermənistan parlamentində ratifika­siyası ilə bağlı məsələlərdən söz açıb. “İrəvanın motivasiyasını hələ də biz yox, erməni tərəfi əsaslandırmalı, izah etməlidir. Nə edirlər? Niyə edirlər? Yeri gəlmişkən, onlar öz qiymətləndirmələri­ni təqdim etdilər. Lakin biz ikitərəfli ka­nallar vasitəsilə erməni həmkarlarımıza, tərəfdaşlarımıza, dostlarımıza dəfələrlə dediyimiz kimi, bu cür addımları qey­ri-dost hərəkətlər sayırıq. Hansısa mər­hələdə onlar açıq danışmağa başladı­lar. Çünki suallar daha çox idi”.

***

Rusiya Ermənistanın düşməni deyil və heç vaxt da olmayacaq. RİA Novos­ti-yə müsahibəsində M.Zaxarova rəsmi İrəvanın bəzi bəyanatlarına Moskvanın reaksiyasını belə şərh edib. Onun söz­lərinə görə, Moskva İrəvanın yüksək tonlu ritorikasına və təhqiredici şəxsi məqamlara, o cümlədən, kobudluğa əhəmiyyətsiz yanaşıb. Lakin həqiqətə uyğun olmayan, qeyri-dəqiqliyə və ya faktların təhrifinə yönəlmiş fikirlərə reak­siya verib və buna görə də səfir Xarici İşlər Nazirliyinə dəvət edilib. Rusiyanın Cənubi Qafqaz regionunda və xüsusən də Qarabağdakı rolunu şərh edən Zaxa­rova vurğulayıb ki, Azərbaycanın Qara­bağdakı hüquqlarını Rusiya deyil, Er­mənistan rəhbərliyi tanıyıb. “Buna necə reaksiya vermək onların, Ermənistan xalqının öz işidir. Amma İrəvanda qəbul edilən qərarların günahını və məsuliy­yətini Rusiyanın üzərinə atmağa, Rusi­yada düşmən axtarmağa ehtiyac yox­dur”, – deyən Zaxarova bu istiqamətdə günahkarların axtarılmasının fəlakətli nəticələr doğura biləcəyini bildirib: “Bu, Ermənistan üçün təhlükəlidir”.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan ölkənin ictimai televizi­yasına bir neçə gün əvvəlki müsahibə­sində M.Zaxarovanın da haqqında söz açdığı Roma statutundan danışmışdı. Onun sözlərinə görə, bu statut Ermənis­tan parlamentində ratifikasiya olunacaq. Paşinyan Prezident Putinin də ölkəsi ərazisində həbsini nəzərdə tutan bu layihəyə fərqli don geyindirməyə çalış­mış, diqqəti əsas məsələdən yayındır­maq yolunu tutmuşdu. Nikol bildirmişdi ki, Roma statutu, əslində, Azərbaycanın təhlükəsinə qarşı Ermənistanın müda­fiəsini nəzərdə tutan sənəddir. Ancaq baş nazir bu fikri ifadə edərkən də dola­yısı ilə Rusiyanı qınamaqdan çəkinmə­mişdi. O, Moskvanın hakim rol oynadığı Kollektiv Təhlükəsizlik Müqaviləsi Təş­kilatı çərçivəsindəki təhlükəsizlik təd­birlərinin İrəvan üçün yetərli olmadığını vurğulamışdı. Əlbəttə, Nikol bu quru­mun Ermənistanla bağlı fəaliyyətinin qənaətbəxş saymadığı məqamlarına da toxunmuşdu. 

***

M.Zaxarovanın fikirlərinə gəldikdə isə Ermənistan parlamentinin sədri Alen Simonyan tərəfindən “katibə” adlandı­rılaraq fikirlərinə önəmsiz yanaşılmış rəsmi nümayəndə, kifayət qədər, dip­lomatik tərzdə Rusiyanın Ermənistan rəhbərliyinə olan qəzəbini ifadə etdi. Onun bildirdiklərini, həmçinin İrəvana xəbərdarlıq kimi də qiymətləndirmək olar. Ancaq məsələ burasındadır ki, son zamanlar rəsmi Moskvanın belə xəbər­darlıqlarının sayı çoxdur və bir qayda olaraq, Ermənistan hakimiyyəti heç bi­rindən nəticə çıxarmır. Əksinə, görürük ki, Paşinyan adminstrasiyası özünün anti-Rusiya ritorikasını daha da güclən­dirir. Deməli, qalır, Zaxarovanın fəlakət məntiqinin sözdən əmələ keçməsi. Güman edirik ki, dəyərli oxucularımıza mövzuya nə üçün lətifə ilə başladığımı­zın səbəbi aydın oldu.

Siyasət