Heydər Əliyev dərsləri

post-img

 (əvvəli qəzetin ötən saylarında)

“MDB-nin xarici sərhədləri nə olan şeydir?” 

Ümummilli lider Rusiya tərəfinin dəfələrlə müxtəlif bəhanələrlə öz hərbçilərini Azərbaycan ərazisinə yerləşdir­mək cəhdlərinin qarşısını məharətlə almışdı. (Cenevrə demokratiya qurucu­luğu institutunun media dəstəyi layihəsi çərçivəsində Bakıda keçirdiyi konfrans­da iştirak edən Gürcüstan və Ermənis­tan jurnalistləri ilə görüşdəki söhbətində bəzi məqamlara aydınlıq gətirmişdi.

Vigen Çeteryan (İsveçrə): Cənab Prezident, mən Cenevrədənəm, sualı ingiliscə vermək istəyirəm. Siz istərdi­nizmi ki, NATO-nun Azərbaycanda ba­zası olsun? Necə bilirsiniz, bu bazalar Azərbaycanın gələcək təhlükəsizliyinə kömək edəcəkmi? 

Heydər Əliyev: Bəs siz istəyirsiniz­mi ki, Azərbaycanda NATO-nun baza­ları olsun? 

Jurnalist: Təəssüf ki, bu barədə öz mövqeyimi hələlik açıqlamaq istəməz­dim.

Heydər Əliyev: Bilirsiz, Azər­baycan, görünür, onunla fərqlənir ki, müstəqillik əldə etdiyi vaxtdan bəri bu müstəqilliyi tam həcmdə həyata keçirir. Azərbaycanda xarici qoşunlar, xarici hərbi bazalar yoxdur. Hərçənd Rusiya tərəfindən cəhdlər olmuşdur. Məsələn, Rusiya sərhəd qoşunlarının komandanı general Nikolayev vardı, o, 2-3 il buna çalışdı, buraya gəlib-gedir və deyirdi ki, bilirsinizmi, gəlin, İranla sərhədi birlikdə qoruyaq. Soruşuram: Niyə? O deyir: Bilirsinizmi, oradan hansısa cinayətkar­lar, casuslar, başqaları gəlir, biz MDB-ni qorumalıyıq. Mən deyirəm: MDB ittifaq­dır, burada hər bir dövlət öz sərhədlə­rini qoruyur və beləliklə, biz MDB mə­kanını da qoruyuruq. Onların hətta belə bir termini var, – hüquqşünas kimi sizin hüquqla əlaqəniz var, – MDB-nin xarici sərhədləri. MDB-nin xarici sərhədləri nə olan şeydir? Mən dedim: Mənə izahat verin – MDB-nin xarici sərhədləri nə olan şeydir? Sən demə, Ermənistanda Türkiyə ilə sərhədi Ermənistan sərhəd-çiləri ilə yanaşı, Rusiya sərhədçilə­ri də qoruyurlar və bu, MDB-nin xarici sərhədləri adlanır. Mən deyirəm: Mü­saidənizlə, bax, Avropa Birliyi var, o, hətta müstəqil Dövlətlər Birliyindən də sıx birlikdir. Nədir, onların orada xarici sərhədi var? Avropa Birliyində bəlkə də üstün mövqe tutan bir ölkə kimi Almani­ya deyir ki, bilirsinizmi, gəlin, Çexiyanın sərhədini də, İtaliyanın sərhədini də bir­gə qoruyaq? Xeyr. Başa düşürsünüz­mü, bu anlaşılmazlıqdır, cəfəngiyyatdır. Amma di gəl ki, belə fikirlər geniş ya­yılmışdır. Buna görə də o, buraya gəlir, bizə deyirdi ki, bilirsinizmi, gəlin biz si­zinlə MDB-nin xarici sərhədlərini qoru­yaq. Mən ona dedim: Bilirsiniz, siz öz sərhədinizi etibarlı surətdə qorumağa çalışın, biz isə öz sərhədimizi bacardı­ğımız kimi qoruyacağıq.

“Çox şey itirdilər”

Heydər Əliyev Ermənistanın nəhəng enerji layihələrindən kənar­da qalmasını ermənilərin öz günahı ucbatından baş verdiyini bildirmişdi:

– Bakı–Tbilisi–Ceyhan müqaviləsi qəti şəkildə imzalanmışdır. Onun Tür­kiyə üçün əhəmiyyəti var, Gürcüstan üçün əhəmiyyəti var. Onlar tranzitdən böyük mənfəət götürəcəklər. Elə həmin Bakı–Ceyhan layihəsi ilə əlaqədar ol­duqca çoxlu şirkət müraciət edir və bu neft kəmərinin inşasına qoşulmağı xa­hiş edirlər, çünki onun dəyəri 2 milyard 400 milyon dollardır. Yeri gəlmişkən, biz vaxtilə ermənilərə təklif etdik: gəlin, neft kəmərini Türkiyəyə Gürcüstandan deyil, Ermənistandan çəkək. Amma onlar məsələni həll etməkdən boyun qaçırdılar və çox şey itirdilər, çünki mü­naqişəyə əvvəl-axır son qoyulacaqdır.

“Heç nə vəd etmirəm" 

1993-cü ildə Milli Məclisin Sədri seçildikdən sonra bəzi deputatla­rın Heydər Əliyevin nələr vəd etmək istəyi barədə suallarına onun müna­sibəti birmənalı olmuşdu. 

Sual: Bu gün bütün Azərbaycanın taleyi Sizin əlinizdədir. Çox ağır yük de­yilmi? 

Cavab: Bir daha demək istəyirəm ki, bugünkü vəzifəni tutmaq arzusunda deyildim. Hakimiyyətin ləzzətini gör­müşəm – düşünüldüyü qədər şirin de­yil. Bəzilərinə elə gəlir ki, yenidən bu ləzzəti dadmaq istəmişəm. İstəmirəm. Hakimiyyətdən çəkilməyə də hazıram. Lakin bu gün adamlar mənə baxırlar. Özü də ümidlə baxırlar. Hərçənd mən o adamlardan deyiləm ki, deyəm: Siz məni seçin, dərhal müharibəni qurtarım və yarım ildən sonra yağ-bal içində ya­şayacaqsınız, – yox! Mən Elçibəy de­yiləm. Milli Məclisin – bizim Ali Sovetin deputatları məndən soruşurlar ki, bizə nə vəd edirsiniz? Birmənalı cavab ver­dim: Heç nə! Mən peyğəmbər deyiləm və sabah nə olacağını da bilmirəm. Bəlkə daha da pis olacaq. Lakin bir şeyi bilirəm: bu dəhşətli anda hər şeyi atıb getmək – adamlara xəyanət etmək deməkdir. 

“Bu bina cinayətkarlar yuvasına döndü”

Müstəqilliyin ilk illərində özba­şınalıq və hərc-mərclik ölkənin bü­tün orqanlarına sirayət etmişdi. Bu baxımdan, Daxili İşlər Nazirliyi də istisna olmamışdı. Daxili İşlər Nazir­liyinin kollektivi ilə görüşdə ulu ön­dər həmin dövrdə baş verənləri belə xatırlamışdı:

– Dünyanın heç bir ölkəsində, o cümlədən, demokratiya nöqteyi-nəzə­rindən, dövlətçilik baxımından ən inki­şaf etmiş ölkələrdə polis orqanları si­yasətə qoşulmur, siyasətdən kənarda durur, heç bir siyasi tədbirdə, siyasi proseslərdə iştirak edə bilməzlər: Onlar dövlətə xidmət edir, dövlətin möhkəm­lənməsinə, dövlət orqanlarının fəaliyyə­tinin təmin olunmasına xidmət edirlər. Bu, Amerikada da belədir, İngiltərədə də, Fransada da, Türkiyədə də, İranda da və başqa ölkələrdə də. Lakin yadı­nıza salın, bu binanın divarları içərisin­də nə kimi çirkin əhval-ruhiyyə, hallar meydana çıxdı. Buraya gəlmiş, polis işini bilməyən adam, peşə hazırlığı ol­mayan adam və mənəviyyatca pozğun mövqelərdə duran adamlar burada cür­bəcür təşkilatlar yaradıblar – “Boz qurd” təşkilatı, “Boz qurd” fəxri adı... 

Bu bina, bu orqan Azərbaycanda dövləti qorumaq əvəzinə, dövlətə xid­mət etmək, ictimai asayişi qorumaq, cinayətkarlığa qarşı mübarizə aparmaq əvəzinə, bəzən cinayətkarlar yuvasına döndü, burada cürbəcür siyasi proses­lər və sizə deyə bilərəm ki, çox primitiv səviyyədə, mədəniyyətdən kənar səviy­yədə siyasi proseslər meydana çıxdı. Təəssüf ki, Azərbaycanın o vaxt ümumi mühiti elə idi ki, onlar bizim informasiya orqanları tərəfindən təbliğ edilirdi, hətta bəzi adamlar tərəfindən böyük ruh yük­səkliyi ilə qəbul olunurdu. Şübhəsiz ki, onlar da elə o səviyyədə olan adamlar idi. Mən Türkiyənin dövlət rəhbərləri ilə dəfələrlə söhbət aparmışam. “Boz qurd”, ümumiyyətlə, Türkiyədə mey­dana gəlmiş bir hərəkatdır. Şübhəsiz ki, biz demokratik prinsiplərə riayət edərək heç bir ictimai-siyasi hərəkatın meydana gəlməsinə etiraz etməmişik və etiraz etmirik. Ancaq “Boz qurd”un məkanı, vətəni olan Türkiyədə heç vaxt polis “Boz qurd”a qoşulmayıbdır. Polis orqanlarında “Boz qurd” heç bir fəaliy­yət göstərməyibdir. İndi görün nə qə­dər iyrənc, dəhşətli və gülməli haldır ki, burada Daxili Işlər naziri özbaşına belə bir fəxri ad müəyyənləşdirib. Yaxşı polis işçisinin ən yüksək fəxri adı “Boz qurd” adı idi. Bu, nə qədər əcaibdir! 

“Ürəyim dağa döndü”

Heydər Əliyev hakimiyyətdə oldu­ğu bütün dövrlərdə gənclərin dünya­nın qabaqcıl ali təhsil ocaqlarında təhsil almasına xüsusi qayğı göstər­mişdir. O, müstəqillik dövründə bu ənənənin davam etdirilməsinin mü­hüm əhəmiyyət kəsb etdiyini vurğu­layırdı:

– Xatirimdədir. Moskvada təhsil alan azərbaycanlı gənclərlə bir neçə dəfə görüş keçirmişdik. Belə görüşlərdən biri MXAT-ın binasında olmuşdu. O vaxtkı ali təhsil naziri, şəhərin rəhbərləri, Mos­kvadakı bütün institutların rektorları, ta­nınmış professorlar oraya toplaşmışdı. Salon ağzınadək dolu idi. Orada Cəb­rayıl rayonunun dağ kəndindən olan bir gənc – adı yadımda deyil, Moskva Uni­versitetinin humanitar fakültələrindən birinin 4-cü kursunun əlaçı tələbəsi idi, –rus dilində çıxış edəndə ürəyim dağa döndü. Biz bu yoldan da istifadə etmi­şik və güman edirəm ki, düz etmişik. Bundan sonra da bu yollardan istifadə etmək lazımdır. Amma indi, təsəvvür edin, Moskvada universitetdə tələbə oxutmaq üçün nə qədər pul vermək lazımdır. Sankt-Peterburq Universite­tində də, həmçinin. Bunu bilirsinizmi? Amma o vaxtlar pul vermək söhbəti yox idi, əksinə, təhsil almağa göndərilən azərbaycanlı tələbələr təqaüd alırdılar. Bundan əlavə, onlara maddi yardım da göstərilirdi. 

Bu mütəxəssislər bizim üçün dəyər­li mütəxəssislərdir. Təəssüf ki, həmin ali məktəblərdə təhsil almış mütəxəs­sislərdən son illərdə səmərəli istifadə olunmadı, onlar dağılıb hərə bir tərəfə getdi, qoyduğumuz ənənə də müəyyən qədər pozuldu. Biz indi başqa şəraitdə yaşayırıq. Gənclərimizi xaricə – Lon­dona da, Amerikaya da, Türkiyəyə də, Şərq ölkələrinə, Moskvaya, Sankt-Pe­terburqa da göndərməliyik. Beləliklə də gənclərimizin təhsil diapazonunu, müxtəlif sahələrdə mütəxəssislər ha­zırlanmasının diapazonunu genişlən­dirəcəyik və müstəqil Azərbaycan üçün yeni intellektual nəsil yetişdirəcəyik. Bunu etməliyik, bu bizim vəzifəmizdir

“Müəllim adı yüksək addır”

Azərbaycanda hörmət əlaməti olaraq adamların biri-birinə “müəl­lim” deyə müraciət etməsinin səbə­bini ulu öndər Bakı səhərinin təhsil işçiləri ilə görüşdə belə əsaslandır­mışdı:

– Məktəb, müəllimlər həmişə xalq, insanlar arasında, ictimaiyyətdə hör­mət, ehtiram qazanmışlar və buna la­yiq olmuşlar. Müəllim adı yüksək addır. Azərbaycanda müəllimə daim böyük hörmət olmuşdur. Müəllim cəmiyyətdə tanınan, seçilən, hörmət edilən şəxs olmuşdur. Heç də təsadüfi deyildir ki, dilimizdə insanların bir-birinə müraciət formasında "müəllim" sözü şəxslərin müəllim olub-olmamasından asılı ol­mayaraq istifadə edilib. Bizdə bu ənənə çoxdan yaranıb və hamı bir-birinə mü­raciət edərkən qarşısındakı şəxsə hör­mət və ehtiram əlaməti olaraq "müəl­lim" deyir. Çoxları heç müəllim deyil, amma biz bir-birimizə müraciət edərkən "ağa", "cənab", "bəy" deyil, "müəllim" deyirik. Bu, təsadüfi deyil. Bəlkə də başqa xalqlarda belə müraciət forması yoxdur. Bu, ondan irəli gəlir ki, xalqımız savadsızlıqdan, gerilikdən, ətalətdən bugünkü günə qısa tarixi bir müddət­də gəlib çatmaqda müəllimlərin rolunu qiymətləndirir və qarşısındakı adama hörmət əlaməti olaraq "müəllim" deyir. Ona görə də müəllimin cəmiyyətdə xü­susi yeri olduğu artıq heç kəsdə şübhə oyatmır. Müəllimə hörmət, ehtiram hə­mişə olub, bu gün də var, gələcəkdə də olmalıdır. 

(ardı var)

Faiq SADIQOV,
Əməkdar jurnalist

 

Sosial həyat