Məktəblərimiz tədris ilinə hansı dərsliklərlə gedir?

post-img

2023-2024-cü tədris ilinə sayılı günlər qalır. Orta təhsil müəssisələrində yeni dərs ilinə hazırlıq tədbirləri sırasında dərsliklərin bölüşdürülməsi və hazırlanması xüsusi diqqət və intizam tələb edir. Buna görə də, şagirdlər, eləcə də onların valideynləri böyük intizarla dərsliklərin paylanılması gününü gözləyirlər. 

Valideynlərin bir neçəsi ilə həmsöhbət olub yeni tədris ilinə hazırlıqdan danışdıq. Bakı şəhər sakini Zəminə Osmanova ilk övla­dının rus bölməsində təhsilini başa vurduğunu, bu sahədə müəllim ça­tışmazlığını nəzərə alıb ikinci övla­dını Azərbaycan bölməsinə verdiyi­ni bildirdi: 

– Fikrimcə, dərsliklər kökündən yenilənməlidir. Əvvəllər 1-ci sinif­də əlifba sırası ilə çətinlik çəkmə­dən hərfləri öyrənərdik. İndi kələfin ucunu elə itiriblər ki, əlifba sırası ilə ilk və son hərfləri görmürsən. Uşaq ilk hərfi öyrənmək üçün çoxlu söz­lər oxumalıdır, hətta tələffüzü çətin sözləri. Üstəlik, tanınmamış şairlərin mənasız, çətin qavranılan, demək olar ki, söz yığınından ibarət şeirləri əlif­ba kitabına salınıb. Mürəkkəb olduğu qədər də gərəksiz tapşırıqlar uşaqları təhsildən soyudur. 1-ci sinifdə ingilis dili dərsliyində hətta çalışmanın şərt­ləri xarici dildə yazılır. Eləcə də 6-cı sinifdən başlayan rus dili dərsliyində. Elə 1-ci sinifdən məcbursan ki, artıq repetitora müraciət edəsən. Hamı re­petitorluğun qarşısının alınması üçün çağırış edir. Nöqsanlar isə elə dərslik­lərdən başlayır.

Valideyn haqlıdır. Pedaqoqlar da dərsliklərin keyfiyyətindən narazılıq edirlər. Bəs rəsmi qurumlar durumu necə qiymətləndirirlər. Dərsliklərlə bağlı növbəti tədris ilində hansı yeni­liklər var. 

Elm və Təhsil Nazirliyinə bu­nunla bağlı ünvanladığımız sorğu­ya cavab olaraq bildirilib ki, 2023-2024-cü tədris ilinə 24 adda dərslik təkmilləşdirilib, 37 adda dərslik isə yeni hazırlanıb. Ümumilikdə, 318 adda dərslik olmaqla 7 milyon 758 min 970 nüsxə dərslik çap edilərək yerlərə çatdırılıb. Növbəti tədris ilinə I-IV siniflər üzrə 4 azsaylı xalqın dilində olan dərsliklər ye­nilənib və çap edilərək təhsil müəs­sisələrinə çatdırılıb. Digər azsaylı xalqların dili üzrə dərsliklər üzə­rində işlər davam etdirilir. 

Dərsliklərin rəqəmsal versiyaları www.e-derslik.edu.az portalında, pdf nüsxələri www.trims.edu.az saytında yerləşdirilib. 

Ötən illər ərzində ümumtəhsil məktəblərində (xüsusən də aşağı si­niflər üçün) dərsliklərin yaş səviyyə­sinə uyğun olmaması ilə yanaşı, müa­sir standartlara da cavab verməməsi ilə bağlı suala isə nazirlikdən belə cavab aldıq: “Müasir dərslik müəl­lifləri bildirirlər ki, qabaqcıl təhsil sisteminə malik ölkələrin dərslik hazırlanması təcrübəsindən bəhrələ­niblər. Onlar ibtidai siniflərdən baş­layaraq dərsi düşündürücü suallar əsasında qurmağa çalışırlar. Etiraf etməliyik ki, 20 – 30 il əvvəlin dərs­lik nümunələri müasir şagird üçün yeknəsəkdir. Azərbaycan Respubli­kasının Təhsil İnstitutunda bu sual ətrafında tədqiqat aparılır. Tədqiqatın ilkin nəticələri göstərilən faktın küt­ləviliyini sübut etmir”. 

Təhsil eksperti Elmin Nuri isə dərslik probleminə münasibətini belə açıqladı: 

– Ümumtəhsil müəssisələri üçün hazırlanan dərsliklərin əsas problemi onların çağdaş təhsilin tələbləri ilə uzlaşmamasıdır. Təbii ki, bu, bütün fənlərə və mövzulara aid deyil. İc­timai humanitar profilli “Azərbay­can dili”, “Azərbaycan ədəbiyyatı”, “Azərbaycan tarixi”, “Ümumi tarix”, “Həyat bilgisi” və s. dərsliklərdə mo­dern kurikulum yanaşması öz əksini tapmır. 

Akademik dil, məzmun ağırlığı, üslub əsas göstəricidir. Şagirdləri təh­sildən soyudan, mövzunun qavranıl­masını çətinləşdirən əsas meyar məhz budur. İbtidai siniflərdə bu, daha ağır fəsadlara səbəb olur. Müəllimləri, valideyinləri qınamamalıyıq. Onlar etirazlarında haqlıdırlar. Əsasən də ibtidai siniflər üçün hazırlanan dərs­liklər çağdaş dünya təhsilinin stan­dartlarına cavab vermir. Dərsliklər oyun, əyləncə, nitqi qavrama, analitik təhlil əsaslı olmalıdır. Faktlarla çox yüklənən, mürəkkəb üslublu mətn­lər anlaşılmamazlığa gətirib çıxarır. Müxtəlif mövzuların ümumi toplusu olan dərsliklərdə 1 mətn qavranıl­madıqda, ümumi boşluq yaranır və həmin dərslik şagird üçün əhəmiyyət­liliyini itirir. 

Dərsliklərimizdə təfəkkür və ana­litik metodlar, faktlara deyil, situasi­yaya görə hərəkət metodikası kimi detallara az rast gəlinir. Dərsliklərin yaddaşa deyil, analitik təfəkkürün in­kişafına yönəlik metodlardan istifadə edilməklə, uşaqların yaş psixologiya­sına və maraq dünyasına uyğun hazır­lanması vacibdir. Bunu da qeyd etmə­liyik ki, son zamanlar bu tendensiya aradan qalxır. Xüsusən, Azərbaycan Respublikasının Təhsil İnstitutunun bu istiqamətdəki işlərini vurğulasaq yetərlidir. Təhsil İnstitutunun baza­sında Dərsliklərin Müstəqil Moni­torinq Mərkəzi yaradılıb. İnstitutun direktoru Rüfət Əzizov özü sosial şəbəkə vasitəsilə müraciət edir ki, dərsliklərlə bağlı hər hansı problem­lə rastlaşdıqda məlumat verilsin. Elm və Təhsil Nazirliyinin də bu məsələyə münasibəti həmişə ciddi olub. Dərs­lik komanda işidir. Ona görə də güclü bəndi kimi, zəif bəndi də olur. Bəzən dərsliyin hansısa fəsli yüksək səviy­yədə hazırlanır, digəri isə yox. 

Ekspertin dediklərinə əlavə ola­raq qeyd edək ki, dərsliklərimizdə Azərbaycanın yeni reallıqlarının – 44 günlük Zəfər tariximiz, ölkəmi­zin siyasi və iqtisadi göstəricilərinin yüksək səviyyədə əksi müsbət haldır. Bunu xüsusən, 11-ci sinif Azərbay­can tarixi dərsliyi, 9-cu sinif “Zəfər tarixi”, eləcə də ədəbiyyat dərsliklə­rində görürük. 

Elmin Nuri qeyd etdi ki, məktəb­lərdə əsas dərsliklərlə yanaşı, törəmə vəsaitlərə də ehtiyac duyulur. Mək­təblilərin bu vəsaitlərlə pulsuz və güzəştli şərtlərlə təmini yaxşı olardı. Bu gün saysız-hesabsız iş dəftərləri, test kitabları, kimlərinsə marağına xidmət edən və o qədər də faydalı olmayan vəsaitlər var ki, onların əv­vəlcədən təftiş edilməsi yaxşı olardı. Çünki bu vəsaitlərin bəziləri kom­mersiya məqsədi daşıyır, uşaqlarda zehni, valideynlərdə isə maddi çətin­liyə səbəb olur. İlk növbədə məktəb­də satışına icazə verilən vəsaitlərin siyahısı tərtib olunmalıdır. Xüsusi ko­missiya yaradılmalı və həmin komis­siyanın müsbət rəyini alan vəsaitlərin istifadəsinə icazə verilməlidir. 

Azərbaycanda xarici tədris meto­dikasına əsasən işləyən “LANDAU School”, Bakı Oksford Məktəbi, Böyük Britaniya Məktəbi kimi özəl təhsil müəssisələrindən də nələrisə öyrənmək olar. “LANDAU Scho­ol”un dərsliklərini vərəqləyəndə əl­dən qoymaq istəmirik. İnsan, sanki, istirahət edir, əylənir. Bununla belə, lazımsız yamsılamalara yol vermək olmaz. Xarici dərsliklərin çətin dildə yazılmasına valideynlər, müəllimlər dəfələrlə irad bildiriblər. Burada ilk növbədə şagirdin yaş psixologiya­sı, dilə bələdçilik səviyyəsi nəzərə alınmalıdır. Bu dərsliklər xarici dilli məktəblərdə həmin dili bilənlər üçün yazılır. Ölkəmizin milli təhsil müəs­sisələrində isə uşaqlar xarici dili yeni­cə öyrəndiklərinə görə onların hazır­lıq səviyyəsi nəzərə alınmalıdır.

Leyla QURBANOVA, XQ



Sosial həyat