Bərdə şəhərində yerləşən Qarabağ Regional DOST Mərkəzində vətəndaşlara xidmət göstərilməsinə başlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildiriblər ki, vətəndaşlar həftənin 5 günü saat 9:00-dan 18:00-dək mərkəzin xidmətlərindən yararlana bilərlər.
Qeyd edək ki, mərkəzdə məşğulluq, əmək, əlillik və sosial müdafiə sahələrində “bir pəncərə” prinsipi ilə 15 istiqamət üzrə 159 xidmət göstərilir. Mərkəzdə ilk iş günündə 208 vətəndaş müxtəlif xidmətlərdən yararlanıb.
Prezident İlham Əliyevin iştirakı ilə bugünlərdə açılışı olan mərkəzin dördmərtəbəli binası lazımi avadanlıqla təchiz olunub və ən yüksək tələblərə cavab verir. Burada 123 işçi çalışır, eyni zamanda, “Könüllü DOST” proqramı üzrə 50 könüllü fəaliyyət göstərir. Mərkəzdə gün ərzində orta hesabla 650–700 vətəndaşın qəbulu nəzərdə tutulur.
Regional mərkəzin əhatə dairəsinə 9 inzibati rayon daxildir. Burada, ümumilikdə 900 mindən çox əhaliyə xidmət göstəriləcək. Onlardan 220 mini bilavasitə sosial müdafiəyə cəlb olunan şəxslərdir.
Zərifə HÜSEYNOVA, XQ