Kitabların hikmət dünyası

post-img

Özbəkistandakı Heydər Əliyev adı­na Azərbaycan Mədəniyyət Mərkəzi­nin layihəsi çərçivəsində Daşkənddə özbək dilində “Vətən üçün can fəda edən qəhrəmanlar” adlı kitab işıq üzü görüb.

Tədqiqatçı-jurnalist Mövlan Şükürza­dənin qələmə aldığı kitab Birinci Qara­bağ savaşında Azərbaycan torpaqlarının bütövlüyü uğrunda döyüşlərdə şəhidlik zirvəsinə ucalmış Milli Qəhrəman İsgən­dər Aznaurovdan bəhs edir. “Ön söz”ün müəllifi Özbəkistandakı Azərbaycan Mə­dəniyyət Mərkəzinin direktoru Samir Ab­basovdur.

Əslən Axıska türklərindən olan, qə­dim Buxara şəhərində dünyaya göz aç­mış, ömrünün böyük bir hissəsini ora­da yaşayan İskəndər Aznaurov qədim köklərə malik 3 qardaş xalqın – axıska, özbək və Azərbaycan xalqlarının ortaq qəhrəman övladı kimi xarakterizə olunur. O, Azərbaycanın Gədəbəy rayonunda erməni işğalçıları ilə gedən döyüşlər za­manı, işğal altında olan bir çox yurd yer­lərimizin azad edilməsində xüsusi şücaət və igidlik göstərib. 

*** 

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda şair, Prezident təqaüdçüsü Xatirə Fərəclinin rus di­linə tərcümə olunmuş “Qış ağacları” adlı şeirlər toplusunun təqdimatı ke­çirilib. 

“Dünyada biz” layihəsi əsasında ər­səyə gəlmiş kitabı rus dilinə Giya Paçxa­taşvili, Fəxrəddin Qəribsəs, Serqey Te­levnoy və Vaqif Rəsul çeviriblər. 

Tədbirdə qeyd edilib ki, AYB Sumqa­yıt Bölməsinin məsləhətçisi, “Zərif” Ədə­bi Qadınlar Birliyinin rəhbəri olan Xatirə Fərəcli sözün əsl mənasında zərif duyğu­lar tərcümanıdır. Elə şeirlərinin tərcümə­sində də bu ruh əsasən qorunub saxlanıb. 

Mərasimdə təqdim edilən topludan nümunələr səsləndirilib. Sonda Xatirə Fərəcli çıxış edərək, haqqında söylə­nilənlərə və şeirlərinin uğurlu tərcümə­sinə görə minnətdarlığını bildirib. O, rəhbərlik etdiyi “Mədəni İnkişafın Təbliği” İctimai Birliyinnin “Dünyada biz” layihəsi çərçivəsində çağdaş Azərbaycan ədəbiy­yatı nümayəndələrinin şeirlərindən ibarət almanax tərtib etdiyini də söyləyib.

***

İstedadlı rəssam və yazıçı Zahir Məliklinin yeni çapdan çıxmış sayca 4-cü kitabı “Torpağı Vətən edənlər (şəhidlik zirvəsinin Yardımlı fatehləri)” adlanır. 

Nəfis tərtibatla buraxılmış kitabın şə­hid valideynləri və rayon ictimaiyyətinin iştirakı ilə təqdimat mərasimi olub. Tibb elmləri üzrə fəlsəfə doktoru, tibb xidməti polkovniki, yazar Ramiz Əkbər, filologiya üzrə fəlsəfə doktoru, Azərbaycan Texniki Universitetinin kafedra müdiri Həbib Mir­zəyev, filologiya üzrə fəlsəfə doktoru, AD­PU-nun Cəlilabad filialının müəllimi Bilal Hüseynli və başqaları çıxış edərək kitabı Azərbaycanın ərazi bütövlüyü uğrunda canından keçmiş igidlərimizin ruhuna eh­tiram nümunəsi kimi dəyərləndiriblər. 

Sonda şəhid ailələrinin üzvlərinə kita­bın nüsxələri hədiyyə edilib. 

Ə.ƏLİYEV, “Xalq qəzeti”





Sosial həyat