Faşistlərə ağır zərbə vurmuş azərbaycanlı

post-img

II Dünya müharibəsinin qəhrəmanı Mirzə Vəliyev – 100

İkinci dünya müharibəsində Azərbaycan xalqı cəbhəyə 600 mindən çox oğul və qızını yola salıb. Onların təxminən yarısı döyüş meydanlarından geri qayıtmayıb. Müharibə illərində göstərdikləri igidliyə görə 170 mindən çox əsgər və zabit müxtəlif orden və medallarla təltif edilib, 42 azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Azərbaycanlı çağırışçı və könüllülərdən formalaşdırılan 77-ci, 223-cü, 336-cı, 402-ci və 416-cı milli atıcı diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib.

Dava başlananda Qusar rayonunun Yuxarı Ləgər kənd sakini Mirzə Vəliyevin 18 yaşının tamamına 2 ay qalırdı. Sə­birsizliklə həmin günü gözləyib və vaxtı çatan kimi hərbi komissarlığa üz tutaraq, könüllü olaraq döyüşlərə göndərilməsini istəyib. Onun Şimali Qafqazdan başla­yan döyüş yolu Ukrayna, Polşa, Rumı­niya, Bolqarıstandan keçməklə Macarıs­tanda sona çatıb. 

Bu gün 100 yaşı tamam olan igid həmyerlimizlə bağlı məlumatlar azdır. Amma ölümündən sonra, 1945-ci ilin martında Sovet İttifaqı Qəhrəmanı adına layiq görülməsi onun haqqında çox şey deyir. Qusar şəhərində adına küçə var, N.Nərimanov parkında, doğma kəndin­dəki məktəbin, eləcə də Xaçmaz rayonu Nabran kənd məktəbinin qarşısında qəh­rəmanın büstləri qoyulub. Sovet dövrün­də sovxozların biri onun adını daşıyıb.

...Baş serjant Mirzə Vəliyevin top­çular bölməsi 1944-cü ilin 5 noyabrında qeyri-bərabər döyüşdə düşmənin neçə-neçə zirehli maşınını sıradan çıxarıb. Bu zaman ağır yaralanan bölmə komandi­ri son mərmini topa qoyaraq atıb. Son nəfəsində də düşmən texnikasını məhv edərək qəhrəmancasına həlak olub. 

Onu da deyək ki, son vaxtlara qədər Mirzə Vəliyevin məzarının harada olduğu dəqiq bilinmirdi. Üç il əvvəl Macarıstanda səfərdə olan soydaşımız Sənan Məhər­rəmov oradakı “Qardaşlıq” cəmiyyətinin sədr müavini Ramiz Əmirlidən öyrənib ki, qəhrəmanın məzarı paytaxt Budapeştin yaxınlığındakı Vaşad qəsəbə qəbiristan­lığındadır. Bu xəbəri Ramiz müəllimə hə­min qəsəbənin meri Yojef Zoltan Marton deyibmiş. Birlikdə ora ziyarətə gediblər. İgid eloğlumuzun son döyüşə atıldığı və həlak olduğu Vaşad qəsəbəsində ruhu­na böyük ehtiramla yanaşıldığının canlı şahidi olublar. Onların dediklərini təqdim edirik.

Sənan Məhərrəmov:

– Macarıstana idman yarışına get­mişdik. Mirzə Vəliyevin haqqında eşidən kimi Ramiz müəllimlə əlaqə saxladım. Mən, o və Yojef Zoltan Marton qəhrəma­nı ziyarət elədik. Haqqında eşitdiklərim qəlbimi qürurla döyündürdü. 

Ramiz Əmirli:

– Dostum Jozef sağ olsun ki, bu müqəddəs məkanı bizə tanıdıb. Maca­rıstandakı azərbaycanlılar tez-tez bura gəlir, qəhrəman həmyerlimizin məzarını tər güllərlə bəzəyirik. Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Mura­dovun təşəbbüsü ilə burada yaradılmış Azərbaycan Evi açılıb. Biz dost ölkədə Azərbaycanımızın, Mirzə Vəliyev kimi ta­rixi qəhrəmanlarımızın adına layiq olma­ğa çalışırıq. 

Jozef Zoltan Marton: 

– İlk dəfə ad-soyad oxşarlığına görə Mirzə Vəliyevin azərbaycanlı olduğunu düşünmüşdüm. Fikrimi dostlara deyən­dən sonra səfirliklə əlaqə saxladıq və dəqiqləşdirmələr zənnimdə yanılmadı­ğımı göstərdi. Bizim Vaşad müharibə vaxtı, 1944-cü ildə düz 7 dəfə əldən-ələ keçib. Çünki Budapeşti tutmağın yeganə yolu buradan keçirdi. Nənəm-babam de­yirdilər ki, o zaman Mirzəgil az qüvvə ilə faşistlərə ciddi müqavimət göstəriblər, düşmən qorxmaz Mirzəni əl qumbarası ilə vurub. Biz qardaş xalqlarıq və onu öz doğmamız sayırıq. Fikrimiz var ki, Qu­sar rayonuna gedib qəhrəman haqqında daha çox material əldə edək və burada onun xatirəsini layiqincə əbədiləşdirək. 

Onu da deyək ki, 2019-cu ildə ölkə­mizin Macarıstandakı səfiri olmuş (hazır­da Bosniya və Hersoqovinada səfirdir), görkəmli ədəbiyyatşünas-alim, profes­sor Vilayət Quliyev də şəxsi “Facebook” səhifəsində 9 May günü qəhrəmanın uyuduğu məzarıstana ziyarətə getməsi barədə belə bir xəbər paylaşmışdı: “…Budapeştin 45 km.-də yerləşən Vaşad qəsəbəsi uğrunda faşistlərə qarşı döyüş­lərdə həlak olmuş həmvətənimiz, Sovet İttifaqı Qəhrəmanı Mirzə Vəliyevin məza­rını ziyarət etdik. Koronavirusun qorxu­sundan düşmən gülləsindən qorxmayan igidləri yad etməmək insafdan deyil. Çox güman ki, yaxın vaxtlarda kiçik bir şəhəri xatırladan Vaşad qəsəbəsində Mirzə Və­liyev küçəsi də olacaq”.

O zaman İctimai televiziya ilə verilən bir süjetdə həmin ziyarətdən kadrlar göstərilib. Düz 75 ildən sonra Mirzə Vəliyevin məzarı üstünə sərilən üçrəngli Azərbaycan bayrağı da, Vətəndən gə­tirilmiş əklil də, tər qızılgüllər də sanki bəxtəvərliklə qımışırdı... 

Mirzə Vəliyev valideynlərini erkən itirib, özü isə cəbhəyə gedəndə subay olub. Buna görə də yaxın qohumları ilə əlaqədar axtarışlarımız bir nəticə ver­mədi. Yalnız Xaçmaz rayonunun Nabran kənd icra nümayəndəsi Nəzakət İsgən­dərova dedi ki, bu il mayın 9-da onun məktəb həyətindəki büstünü ziyarət edən İlham adlı bir ağsaqqal qonaq Mirzə Və­liyevin qohumu olduğunu bildirib və onun ruhuna göstərilən ehtirama görə minnət­darlıq edib. Təəssüf ki, onun da ünvanını götürməmişik.

Bax, belə. Qəhrəmanın 100 illik yu­bileyi ilə bağlı haqqında hələlik öyrənə bildiklərimiz elə bunlardır. 

Əli NƏCƏFXANLI, “Xalq qəzeti”



Sosial həyat