Teatr forumundan doğan ümidlər yaxud yeni mövsüm qarşısında düşüncələr

post-img

İlham RƏHİMLİ
[email protected]

Artıq Azərbaycan teatrlarının böyük əksəriyyəti 2023–2024-cü il mövsümünün açılışına hazırlaşır. Bu yaradıcılıq pilləsinə inamla, məsuliyyətlə hazırlaşanlar da var, sadəcə olaraq, məzuniyyətdən qayıdıb adi şəkildə işə başlamaq kimi yanaşanlar da. Mürəkkəb yaradıcılıq planlarını reallaşdırmaq barədə ciddi yaradıcılıq axtarışlarına qatlanan teatrlar da var, “necə olursa-olsun, təki təzə olsun”, deyib, zəif, sadə süjetli, az ifaçı olan pyes axtarışına üstünlük verən kollektivlər də.

Hamısına uğurlar diləyirəm, amma di gəl ki, “dövlər teatrı” adlandırdığımız bütün səhnə ocaqlarında yüksək sənət uğrunda mübarizə əsas meyardırmı? Doğrudanmı onların hamısı yaradıcılıq qələbəsi üçün hər cür axtarış cəhdlərinə cəsarətlə yanaşırlar? Suallara birbaşa cavab vermək çətindir və bu qəlizliyin də bir xeyli səbəbləri var. 

Teatrsevərlərə bir daha xatırladım ki, bu il aprelin 14-də Adil Kərmli Azərbay­can Respublikasının Mədəniyyət naziri təyin olundu. Az keçmədi ki, nazirlik te­atr və kino forumları keçirdi. Forumlar çox peşəkarcasına, demokratcasına, tənqidə, təkliflərə, iradlara açıq şəkildə keçirildi. Onlarla məruzəçi (teatrşünas, kinoşünas, aktyor, rejissor, operator, dramaturq, ssenarist, kollektiv rəhbəri) müxtəlif mövzularda çıxışlar etdilər. Hiss olunurdu ki, yeni rəhbərlik bu sahələrdə həlli vacib problemləri üzə çıxarmaq, im­kan dairəsində, müəyyən zaman çərçivə­sində qüsurları aradan qaldırmaq, sənət ocaqlarının yeni yaradıcılıq platformasını və konsepsiyanı müəyyənləşdirmək və həmin istiqamətdə fundamental tədbirlər görmək niyyətindədir. Hörmətli nazirin forumda, eləcə də müxtəlif sənət ocaq­larının kollektivləri ilə görüşlərində bu se­vindirici və ümidverici münasibəti, istəyi açıq-aydın görmək olur.

Nazirliyin niyyəti həm ümidvericidir, həm də bütün teatr kollektivlərindən yeni prinsiplərlə işləməyi tələb edir.

Əminəm ki, tədricən bu prosesin ilk çığırlarını görəcək, monumental, parlaq qələbələrə aparacaq magistral yolun üfüqlərini hiss edəcəyik. Mən yalnız teat­rımızın bəzi problemləri barədə öz qeyd­lərimi bildirmək istəyirəm. Yeri gələrsə, səriştəli peşəkarlarla mətbuatda, televizi­yada səmərəli mübahisə-dialoqlar apar­mağı da məqsədəuyğun sayıram.

Teatr forumunda mən də çıxış etdim və müəyyən problemlərə, nisbətən kiçik görünən məsələlərə, gündəlik qayğılar­dakı boşluqlara şəxsi münasibətimi bildir­dim. Müəyyən real, həmçinin ilk baxışda mübahisəli təkliflər də irəli sürdüm. Hə­min problemlərin, məsələlərin, təkliflə­rin eləsi var ki, cari teatr mövsümündə aradan qaldırıla bilər. Eləsi var ki, onun reallaşması üçün nəinki aylar, hətta illər lazımdır. Elə mətləblər da var ki, onla­ra nail olmaq üçün Mədəniyyət Nazirliyi dövlət və hökumət qarşısında konsep­tual şəkildə məsələ qaldırmalıdır və ciddi mailiyyə məsrəfi ilə bağlı olduğuna görə problemin həlli yollarında hökumətin bir sıra qurumları müştərək çalışmalıdırlar.

Müəyyən problem və çatızmalıqla bağlı acı reallığı qəbul etməliyik və mütləq yüksək səviyyədə, yəni başda Mədəniy­yət Nazirliyi və nazir Adil Kərimli olmaqla, mövcud problemlərin həlli yollarını inam­la, səbrlə, idrakla tapmaq mümkündür. Həll yollarını tapıb reallaşdırmaq üçün sərt, lakin qətiyyətli, səmərəli, perspektiv­li addımlar atmaqdan başlamaq lazımdır. Bir daha xatırladıram ki, mövcud qüsura­ların hamısını qısa müddətdə həll etmək qeyri-mümkündür. Problemin həcmindən və mahiyyətindan asılı olaraq onların həllinə aylarla, hətta bəzən illərlə vaxt la­zımdır. Bunu tezbazar, ümumiyyətlə, hər şeyi Mədəniyyət Nazirliyindən gözləmək­lə həll etmək də real deyil. İstəklərimiz o zaman reallaşar ki, hər şey nazirlikdən umulmasın, kollektivlər öz fəaliyyətlərin­də onlardan asılı olan dəmir nizam-inti­zamlı yaradıcılıq fəaliyyətlərindəki boş­luqları aradan qaldırmalıdırlar.

Fikrimcə, çağdaş Azərbaycan teatrla­rının fəaliyyətlərinin səviyyəsinə əsasla­naraq onları 4 qrupa bölmək olar:

a) Reanimasiyada olan teatrlar. Nə qədər ağrılı-acılı olsa da, onlar morqun bir addımlığındadır. Kompleks məsləhət­ləşmə, səriştəli peşəkarların “konsiliumu” ilə vəziyyətdən çıxış yolu tapmaq lazım­dır. Ehtiyac olarsa, real durum tələb edər­sə, hər cür narazılıqların fövqündə durub, sərt və qətiyyətli addımlar atılmasına qə­rar verilməlidir.

b) Ciddi cərrahiyyə əməliyyatına ehtiyacı olan teatrlar. Cərrahiyə əməliy­yatı bir şərtlə uğurlu nəticə verər ki, “cər­rah bıçağı” yaradıcı, cəsarətli və qətiyyət­li peşəkarların əlində olsun.

c) Terapevtik müalicəyə ehtiyacı olan teatrlar. Bu istiqamətdə ciddi təd­birlər həyata keçirilməli, mövcud reallığın fəsadları üzə çıxarılmalı, yerində sayma­ğın, ətalət simptomlarının dəqiq diaqno­zunu qoyub profilaktik “müalicə” tədbirləri görülməlidir.

ç) Qabaqcıl, lakin müəyyən ye­niləşmə, təmizlənmə tədbirlərinə eh­tiyacı olan teatrlar. Onların perspektivli və fundamental yaradıcılıq konsepsiyası ilə işləmələrinə nail olunmalıdır. Fəaliy­yətlərində yaradıcılıq nizam-intizamını yeni bədii-estetik tələblərlə gücləndirmək lazımdır. Həmin kollektivlərə göstərilən dövlət qayğılarında qətiyyətlə prinsipi­allığı əsas götürmək, boşluqları aradan qaldırmaq vacibdir.

Forumda maaşların azlığı, vergi və kommunal xərclərin çoxluğu barədə söhbətlər də getdi. Ümidvaram ki, nazir Adil Kərimli imkan dairəsində bu işlərin qaydaya qoyulması üçün respublikanın əlaqədar qurumları ilə məsləhətləşmələr aparacaq, optimal variantın tapılması­na cəhd göstəriləcəkdir. Ancaq dostlar, gəlin hər kiçik qayğı üçün nazirliyi gü­nahlandırmağa tələsməyək, özümüz də yaradıcılığa münasibətlərimizi kökündən dəyişməliyik. Dövlətin teatrlara göstərdiyi qayğıların (fəxri adlar, prezident mükafla­rı, prezident təqüdləri və s.) müqabilində bəzən teatrların verdikləri məhsuldarlıq, təəssüflər ki, çox-çox aşağı olur. Necə deyərlər, iddia çox, məhsuldarlıq az. Te­atr xadimləri əksər vaxtlarda yerli-yersiz Mədəniyyət Nazirlyindən gileylənirlər. Bu gileylərin bir qismi haqlıdır. Ancaq, nə­dənsə, kollektivlərin özündə mövcud olan ciddi problemlərdən, xoşagəlməz hallar­dan danışılmır. Reallıqda isə daim nazir­likdən nəsə tələb olunur. Zənnimcə, kol­lektivlər vaxtaşırı daxili problemlərindən danışmalı, təsirli tədbirlər görməlidirlər ki, Mədəniyyət Nazirliyi də lazımi köməklik­ləri həyata keçirə bilsin. Mövcud qüsur­lardan bir neçəsini xatırlatmaq istərdim.

Əvvəlcə onu deyim ki, hər il onlarca teatr işçisinə (rejissor, aktyor, teatrşünas, teatr rəssamı) prezident mükafatı verilir. Xüsusi xidmətləri olan sənətkarlara fərdi prezident təqüdü ayrılır. Bunun müqa­bilində teatr xadimlərinin iş prinsipləri, fəaliyyət dərəcələri, fundamental kon­sepsiyaları nədən ibarətdir? Bu qayğının müqabilində yaradıcılıq məhsuldarlığı hansı səviyyədədir? Teatrların bütün iş­lərdə nazirliyi qınaması ədalətlidirmi?

1. Bəzi hallarda hansısa teatr rəhbər­lyinin subyektivliyi ucbatından fəxri ad­ların təqdimatında qeyri-obyektivliyə yol verilir. Nəticədə səhnədə daha səmərəli fəaliyyət göstərən, daha çox rol oynayan aktyor kənarda qalır. Oynadığı səhnə obrazlarında, çəkildiyi bir-iki filmdə par­laq uğur qazana bilməyən aktyorların Əməkdar artist, hətta bəzən Xalq artisti fəxri adlarına layıq görülmələri təəccüb və narazılıq doğurur. Bəzi cəfakeş akt­yorlara isə teatrların rəhbərlikləri qayğı göstərmədikləri üçün təqdimat siyahıla­rında adları yer almır.

2. Teatrlarda prezident mükafatı alan elə Xalq artisti var ki, aylarla, hətta illər­lə səhnəyə çıxmır. Bəs nə üçün vicdan­ları belələrini vadar etmir ki, aldıqları prezdient mükafatından imtina etsinlər? Və yaxud, illərlə səhnəyə çıxmayan ak­tyor-aktrisa nə üzlə kollektivdən maaş alır? Hətta aylarla, illərlə teatrın qapısını açmayan “sevimlilər” var ki, kimlərinsə himayəsində kölgələnirlər, danışanda, mətbuata müsahibə verəndə yüksək sənət kriteriyalarından dəm vururlar. Təəssüf doğuran odur ki, bu ərköyünlü­yü edənlərin əksəriyyəti istedadı olan, yaradıcılıqlarına ümid bəslənilən sənət­çilərdir. Belələri ciddi işə cəlb edilməli, onların “cığallıqlarına” son qoyulmalıdır. Unutmayaq ki, belə xoşagəlməz hallar kollektivdə haqlı narazılıqlar yaradır.

3. Rejissorlar öz bioqrafiyalarını zən­ginləşdirmək üçün deyil, truppanın daha da formalaşmasına təkan verəcək, kol­lektivin yaradıcılıq qələbəsinə çevrilə biləcək, hansısa aktyorun sənətdə boy artımına zəmin yaradacaq əsərlərə mü­raciət etməlidirlər. Bəzən repertuar se­çimində truppanın potensial yaradıcılıq gücü nəzərə alınmır.

4. Rejissorların “dostbazlıqla”, müəy­yən təmənna ilə rol bölməsini kökündən ləğv etmək lazımdır.

5. Teatrların bəzi aparıcı aktyorlarının “diktəsi”, “ərköyünlüyü”, hətta “hökmran­lığı” ilə repertuar qurmaq siyasətinə son qoyulmalıdır. Bunun acı nəticələri göz qabağındadır.

6. Əgər teatrda Yaşar, Almaz (“Ya­şar”, “Almaz”, Cəfər Cabbarlı), Natəvan (“Natəvan”–İlyas Əfəndiyev), İsgəndər, Molla Abbas (“Ölülər” və “Dəli yığıncağı” – Cəlil Məmmədquluzadə), Otello (“Otel­lo”, Vilyam Şekspir)... yoxdursa, yaxud bu obrazlar üçün aktyorlar düzgün seçil­məyibsə, orada möhtəşəm sənət qələbə­sindən danışmaq səmərəsizdir.

7. Teatrlar mütləq klassik və çağdaş əcnəbi müəlliflərinin məşhur pyesləri­ni tamaşaya hazırlamaqla mövzu rən­garəngliyini artırır, dünya dramaturqları­nın özəl bədii və üslub xüsusiyyətləri ilə tamaşaçıları tanış edir, aktyorlar fərqli bədii-estetik obrazları oynamaqla yaradı­cılıqlarını zənginləşdirirlər. Ancaq burada da müəyyən bir ölçü, hədd olmalıdır. Son 23 ildə, yəni XXI əsrdə Akademik Mil­li Dram Teatrının hazırladığı 111 pyesin 48-i əcnəbi əsəridir. Son on ildə 7 uşaq tamaşası oynanılıb ki, onun da dördü tərcümədir. Gənc Tamaşaçılar Teatrının oynadığı 135 əsərin 56-sı əcnəbi müəllif­lərin əsərləridir (bura xarici əsərləri səh­nələşdirmələr də daxildir). Əcnəbi əsərlər hər iki teatrda 40 faizdən çoxdur. 

8. Mövzunun aktuallığını bəhanə edib onun arxasında gizlənən teatrlar reper­tuara zəif əsərlərin yol açmasına imkan yaradırlar. Bütün hallarda əsas meyar prinsipial yaradıcılıq olmalıdır.

9. Aktyorların rejissorluq iddiaları əksər hallarda səmərə vermir, “cansız”, “quru”, emosiyadan məhrum tamaşalar repertuara ayaq açır. Bu işdə ciddi qa­nun-qayda yaradılmalıdır.

10. Bəzi teatrların adları ilə yaradıcı­lıq fəaliyyətləri arasında uyarsızlıq var. Zənnimcə, Musiqili Komediya Teatrının adının Musiqili Teatr qoyulması potensial yaradıcılıq imkanı olan kollektivi 113 illik fəaliyyətindən sapdırıb. Qeyri-müəyyən janrlı tamaşalar repertuarda yer alır.

11. Dramaturqlarla teatrların yaradı­cılıq əlaqə bağlarını möhkəmləndirmək üçün pyes alınmasının və qonorar ödə­nilməsinin şərtləri ciddi nəzərdən keçi­rilərək nizama salınmalıdır.

12. Teatrın yaradıcılıq konsepsiyasını birmənalı şəkildə baş rejissor və ya bədii rəhbər müəyyənləşdirməlidir. Direktorla­rın yaradıcılıq hegemonluğu iddialarına son qoyulmalıdır.

13. Dünyanın heç bir teatrında aktyo­ru yaşa görə təqaüdə çıxarmırlar. Meyar yalnız istedaddır və bu da ən obyektiv ölçüdür. Gizlin deyil ki, teatrlarımızda ki­fayət qədər istedadsız gənc var və kol­lektivləri onlardan təmizləmək lazımdır. Gücü, enerjisi, yaradıcılıq ehtirası fəal olan sənətkarlara “yaş” iddiası ilə ya­naşmaq, zənnimcə, doğru deyil. Xatırla­dıram: SSRİ Xalq artisti fəxri adına Milli Dram Teatrının sənətkarlarından Mirza­ğa Əliyev 65 yaşında, Sidqi Ruhulla 62 yaşında, İsmayıl Osmanlı 72 yaşında, İsmayıl Dağıstanlı 67 yaşında, Azərbay­canın Xalq artisti fəxri adına Rza Təh­masib 70 yaşında, Lütfi Məmmədbəyov 67 yaşında, Gənc Tamaşaçılar Teatrında Süleyman Ələsgərov 67 yaşında, Ağakişi Kazımov 66 yaşında, Hüsenynağa Sa­dıqov 65 yaşında, Gəncə teatrında Məm­mədəli Balayev 75 yaşında, Vaqif Şərifov 69 yaşında, İrəvan teatrında Vidadi Əli­yev 76 yaşında layıq görülüblər (siyahını xeyli uzatmaq da olar).

14. Ayrı-ayrı teatrların illik yaradıcı­lıq fəaliyyətləri teatrşünaslar tərəfindən təhlil edilərək, yazılı şəkildə Mədəniyyət Nazirliyinə verilməsi və onun əsasında müvafiq tədbirlər görülməsi səmərəli olar. Bunun üçün nazirlik müəyyən məb­ləğ qarşılığında teatrşünaslarla müqavilə bağlaya bilər. 

15. Çağdaş zamanda bütün ağırlı­ğı dövlət büdcəsinin üzərinə qoymaq düzgün deyil. Respublikamızın işğaldan azad edilmiş rayonlarında möhtəşəm quruculuq işləri aparılır. Teatrların biz­nes qolunu tətbiq və inkişaf etdirmək lazımdır ki, sənət ocağı əlavə gəlirlərə nail ola bilsin. Bunun üçün teatrın ştatına peşəkar menecer götürülməlidir. Yaxud, teatr hansısa özəl menecerlər qurumu ilə müəyyən şərtlərlə müqavilə bağlaya bilər. Menecer Azərbaycanın bölgələ­rinə və xarici ölkələrə teatrın qastrolları­nı, müxtəlif müqavilələrin reallaşmasını, sponsorlarla əlaqələri tənzimləyər.

16. İmkanlı şirkətlərlə sponsorluq əlaqələri qurulmalı, ikitərəfli razılaşdı­rılmış qarşılıqlı əməkdaşlıq şərtlərinin müqaviləsi bağlanılmalıdır. Teatr afişa və məramnamələrində (tamaşa proqramla­rında) həmin şərtlər əsasında sponsorluq edən qurumun reklamının yerləşdirmə forma və prinsiplərini reallaşdırmalıdır.

17. Azərbaycanın imkanlı bankları ilə müxtəlif müddətlərə (1, 2, 3 illik və s.) müqavilələr bağlana və teatr afişa və proqramlarında müntəzəm olaraq hə­min bankın reklamını yaya bilər. Bunun müqabilində həmin bank teatrın yaradıcı heyətinə güzəştli kreditlər verə bilər. Bu kreditlərlə xüsusən gənc aktyorlar mən­zil və digər vacib sosial problemlərini həll etmiş olarlar.

Mədəniyyət Nazirliyinin yeni rəhbər­liyinin işgüzarlığına, prinsipiallığına, te­atrlarımızın səriştəli peşəkarlarının güc­lərinə, yaradıcılıq coşqunluğuna böyük ümid və inamla yazıma nöqtə qoyuram.

Mədəniyyət