Azərbaycanın ilk qara filmləri

post-img

Azərbaycan kinosu – 125

Bir janr kimi, qara film anlayışı dünya kinosuna 40-ci illərdə daxil olub. Qara film zəif işıq və qaranlıq effektləri ilə ekran işinin ideya xəttinə xidmət edir. Bu cür filmlərlərdə hadisələr qaranlıq evlərdə, küçələrdə cərəyan edir. Hansısa bir cani axtarışda olarkən insanlar arasındakı münasibətlər kölgə-işıq konteksində əksini tapır. 

Düzdür, daha öncə Alfred Hiçkokun 30-cu illərdə ekranlaşdırdığı “39 addım”, “Ledi qeyb olur” filmlərində bunun ilkin nümunələri yaradılmışdı. 40-cı illərdə çə­kilən ” Malta Şahini”, “Gilda” , “Nyu-York müəmması” və digər filmlər isə bu janrın kamil örnəkləri olub. 

Milli kinomuzda qara film janrının tələblərinə qismən cavab verə bilən ek­ran əsəri “Kölgələr sürünür”dür. Mərhum rejissor, Əməkdar incəsənət xadimi Arif Babayevin 1981–ci ildə çəkdiyi “Birisigün gecəyarısı” filmini isə inamla kinomuzun ilk qara filmi hesab etmək olar. Azərbay­can müəllif kinosunun yaradıcılarından olan A.Babayevin yaradıcılığında bu film fərqli yer tutur. Məmməd Avdiyev və Ana­toli Donetsin “Respublika naminə” adlı sənədli povestinin motivləri əsasında ekranlaşdırılan filmin ssenari müəllifləri həm bu yazıçılar özləri, həm də Xalq ar­tisti Ramiz Fətəliyevdir. 

Hadisələr 1920-ci ildə Bakıda cərə­yan edir. Neft Bakısı uğrunda Sovet Ru­siyası və İngiltərə arasındakı mübarizə kəşfiyyat məlumatlarının yazı makinasın­da əksi ilə göstərilir. Ağ kağıza yazılan məlumatların qara haşiyədə əksi filmin janrından xəbər verir. Sovet hökumətinin cəza orqanı olan Fövqəladə Komissiya ölkə üzərinə gələn ingilis təhdidinin qar­şısını almalıdır. Onun ilk rəhbəri Baba Əliyev (Həsən Məmmədov) çətin bir işin öhdəsindən gəlməlidir. İngilislərin Bakıya hava hücumu təşkil etmək istədiyi anda eserlərin qiyamı baş tutmalıdır. Onlar həmçinin İsrafil bəylə (Rasim Balayev) birləşməlidirlər. Lakin ÇK (Fövqəladə Ko­missiya) ilkin addım ataraq Hacı İlyası (Hamlet Xanızadə) həbs edir. 

İngiltərənin prosesləri Ənzəlidən idarə etdiyini bilən sovetlər orada öz agentlərini saxlayırlar. Bakıda neftxuda oğlu olmuş Məmmədov da (Hacımurad Yegizarov) sovet kəşfiyyatına gizli xid­mət edir. Məmmədov ingilislərin etima­dını qazanmaq üçün ticari fəndgirliyə əl atır. O, polkovnik Bartlenin xanımına qiymətli boyunbağı hədiyyə edir. Biz Məmmədovu bugünümüz prizmasından qiymətləndirsək, onu ikili agent də saya bilərik. Çünki filmin sonunda ÇK onu öz vətəninə buraxmır. 

Ekran işinin qara film elementləri Hacı İlyasın dindirilməsində də öz əksini tapır. Onu dindirən müstətiqlə söhbətdə kölgə-işıq elementlərindən geniş istifadə olunur. Hacı İlyas 1920-ci ilin 20 aprelin­də cumhuriyyət hökümətinin süqutunu hiss edərək ölkədən qaçdığını etiraf edir. Sovet höküməti üçün cumhuriyyət kəşfiy­yatının daha vacib agenti isə Şah ləqəbli Mustafa Seyidoğludur (Əli Zeynalov). 

İçərişəhərə doğulub böyümüş A.Ba­bayevin bu məkanla bağlı yaddaşı film­də geniş əksini tapıb. Bu baxımdan re­jissor qara film janrını sevimli məkana proyeksiya edə bilib. Bununla da qara filmi Azərbaycan seyrçisi üçün doğmala­şıb. İçərişəhər film üçün əsas məkandır. Şəhərdə sovet qoşunlarının az olmasına baxmayaraq, əks qüvvələrdə bir əndişə var. Bu epizoddakı qaranlıq daha çox zirzəmi zülmətinə bənzəyir. Bu, köhnə sahibkarların yeni sovet hökumətində bu məhz zülmətdə yaşamağa məhkum ol­malarına işarədir. 

Bakı təkcə neft məkanı deyil, həm də vətənin bir parçasıdır. Filmdə bu motiv şəhəri ingilislərin bombardman edəcəyi xəbərindən qabarıq görünür. Keçmiş sa­hibkar Abdullayev bunu bilərək London­la əlaqədar olan gizli təşkilatdan çıxır. Bu isə onu ölümə aparır. Abdullayev pul qazandığı dogma Bakının yolunda artıq başından da keçməli olur. 

Filmdə İsrafil bəyi canlandıran Rasim Balayevin rolu epizodik görünsə də, yad­daqalandır. O, ətrafındakı insanlara da güvənmir. Hücuma qarşı müqavimətin mənasız olduğunu görüb intihar edir. İs­rafil bəyin bolşevik hökümətinə təslim ol­maması həmin dövr üçün cəsarətli addım hesab edilə bilər

Keçmiş sahibkarlar sirr açmasın deyə Hacı İlyası kamerasında öldürt­mək istəyirlər. Bunu bilən Baba Əliyev türməyə gəlir. Hacı İlyas bundan sonrakı həyatının sovetlərdən asılı olduğunu hiss edərək vacib sirri onlara açır. ÇK onun vasitəsilə Mustafa Seyidoğlunu yaxlaya bilir. M.Seyidoğlu Hacı İlyasla üzləşərkən “İndi də sovetlərə qulluq edirsən!” – deyə qəzəblənir. 

“Birisigün gecəyarısı” filmi dövrünün ideloji tələbləri baxımdan çəkilsə də, günümüz üçün də əhəmiyyətini saxlayır. Arif Babayevin bu son ekran əsəri Azər­baycan kinosunun dünyadakı film este­tikalarına yaxın olduğunu sübut edib. Ən əhəmiyyətlisi budur ki rejissor xarici film­ləri parodiya etməyib, qara filmə Azər­baycan koloritini qata bilib. Film 1986-cı ildə Azərbaycan Dövlət mükafatını qa­zanmışdır. 

Ceyhun MİRZƏLİ,
sənətşünas





Mədəniyyət