Cənub bölgəsinin Vətənə sədaqət imtahanı

post-img

Lənkəran hadisələrindən 30 il keçir

Çağdaş Azərbaycanda ictimai-siyasi inkişafın, dövlət quruculuğunun, iqtisadi dirçəlişin 34 ilini əhatə edən zaman kəsiyi böyük siyasət xadimi Heydər Əliyevin adı və əməli fəaliyyəti ilə bağlıdır. Bu mürəkkəb proseslər onun fəlsəfi məfkurəsində öz əksini tapmışdır. Dahi şəxsiyyət Heydər Əliyevin sayəsində xalqımız milli-mənəvi dəyərlərinə, soykökünə qayıtmış, 1993–2003-cü illər tariximizə dirçəliş və tərəqqi dövrü kimi yazılmışdır. 

Xalqın təkidi ilə 1993-cü ildə siya­si hakimiyyətə qayıtmış dünya şöhrətli siyasətçi öncə Gəncəyə gedərək Surət Hüseynovun başıpozuq dəstələrini ram etmiş, daha sonra isə Cənub bölgəsində Əlikram Hümbətovun yaratdığı qarışıqlıq və itaətsizliyi aradan qaldırmışdır. 

Avqustun 24-də Ümummilli lider Heydər Əliyevin çağırışı ilə ayağa qalx­mış Lənkəran sakinləri tarixi düşmən­lərimizin əli ilə respublikamızın ərazi bütövlüyünün parçalanmasına çalışan Əlikram Hümbətovun başçılıq etdiyi qul­dur dəstəni darmadağın etmişdilər. O za­man separatçılıq hərəkətlərinə qəti etira­zını bildirən əliyalın xalq qondarma “Talış Muğan Respublikasının” elan olunduğu Lənkəran Şəhər İcra Hakimiyyətinin bi­nasına hücum edərkən sakinlərdən 5 nəfər yaralanmış, Soltanağa Bayramov, Paşa Təhməzov və Etibar Əliyev isə xain qüvvələrin gülləsinə tuş gələrək şəhid ol­muşdular. Prezident Heydər Əliyev on­ların şücaətini yüksək qiymətləndirərək, hər üçünü Azərbaycanın Milli Qəhrəmanı fəxri adı ilə təltif etmişdir. 

Çağdaş tariximizin “qara yara”sı ad­landırılan həmin hadisələrdən 30 il ötür. Azərbaycanda siyasi sabitlik yaranması­nı istəməyən qüvvələr öz əlaltılarının, o cümlədən Əlikram Hümbətovun vasitə­silə respublikada qarşıdurma yaratmaq­da maraqlı idilər. Həmin qüvvələr AXC iqtidarının fərsiz idarəetməsindən istifa­də edərək silahlı dəstələr yaradır, hər­bi hissələri “özəlləşdirirdilər”. Məsələn, Ə.Hümbətovun yaxın əlaltıları Cəmil və Mikayıl Hacıyev qardaşları “N” saylı hər­bi hissəyə briqada komandiri və müavini təyin olunmuşdular. Onların hərbi hissə­nin silahlarını xarici ölkə vətəndaşlarına satdıqları, “Sadval” cəmiyyətinin üzvləri ilə əlaqələri bəlli idi. Ə.Hümbətov və onun cinayətkar dəstəsi tərəfindən paylanan və satılan xeyli silah–sursat var idi. Müvafiq orqanlar tərəfindən iş aparılsa da, heç bir nəticə əldə olunmamışdı. Ə.Hümbətovun bütün fəaliyyəti xarici ölkələrin kəşfiyyat orqanları tərəfindən istiqamətləndirilirdi. 

Bu cinayətkar separatçı ünsür ətrafına topladığı dövlətə zidd qüvvələrin dəstəyi ilə qondarma “Talış Muğan Respublikası” elan edəndən sonra Rusiya, Belarus və İran İslam Respublikasının başçılarına müraciət edərək, “TMR” i tanımağı xahiş edirdi. Hətta Ə.Hümbətov “TMR”–in qon­şu ölkənin tərkibinə daxil olması istəyini də bildirir, “müstəqil dövlətin başçısı” kimi guya bölgənin qazla təminat problemini həll etmək adı ilə İrana səfər etməyi plan­laşdırırdı. Bütün bunlar əvvəlcədən ha­zırlanmış ssenari idi. Onun hansı yollarla maliyyələşdirilməsi də, Surət Hüseynov­la məxfi görüşləri də məlum idi. Ölkənin daxilində onu dəstəkləyənlər itirdikləri vəzifələri qaytarmaq istəyənlər və mafioz qüvvələr idi. 

Aradan keçən 30 ildən sonra 1993-cü ilin iyun–avqust hadisələrinin təhlili müəy­yən nəticələr çıxarmağa imkan verir. Hə­min günlərin canlı şahidi, Vətənə sədaqət imtahanı vermiş vətənpərvər ziyalı İbra­him Quliyevin xatirələri öz obyektivliyi ilə maraq kəsb edir. 

İbrahim Quliyev SSRİ DİN İdarəetmə Akademiyasını fərqlənmə diplomu ilə bi­tirmiş, daha sonra hüquq elmləri doktoru alimlik dərəcəsi almışdır. Ehtiyatda olan polis polkovnikidir, I Qarabağ müharibəsi iştirakçısıdır. Hazırda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı sədrinin müşaviri, Yeni Azərbaycan Par­tiyası və Azərbaycan Ağsaqqallar Şurası­nın İdarə Heyətinin üzvüdür. 

İbrahim Quliyevin dedikləri: “Cənub bölgəsində Əlikram Hümbətov başda ol­maqla separatçı qüvvələr baş qaldıranda mən Astara rayon polis şöbəsinin rəisi idim. Respublika ərazisində fövqəladə vəziyyət elan olunması ilə bağlı rayonun hərbi komendantı təyin olundum. Səla­hiyyətim daxilində qanunların aliliyini tə­min edirdim. Surət Hüseynovun, Rəhim Qazıyevin və pərdə arxasında gizlənən digərlərinin himayədarlığı ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi sistemin­də məsul vəzifələrə irəli çəkilən Əlikram Hümbətov əlində xeyli hərbi texnika, si­lah və canlı qüvvə cəmləşdirmişdi. O, düşmən qüvvələrin fitvası ilə dövlətə xə­yanət yolu tutdu, özü üçün “respublika” yaratmaq xəyalına düşdü. Vətənimizin erməni işğalçıları tərəfindən amansızca­sına təcavüzə məruz qaldığı ağır gün­lərdə öz silahlı dəstəsini cəbhədən geri çəkərək Lənkərana gətirən bu xəyanət­kar onları bölgənin rayonlarına göndərir, icra hakimiyyəti başçılarını qanunsuz olaraq vəzifədən kənarlaşdırır, yerinə öz adamlarını “təyin” edirdi. Əleyhinə çıxan­ları, buyuruğuna əməl etməyənləri həbsə alırdı. 

Biz separatçıların qanunazidd hərəkətlərinə göz yuma, bəziləri kimi gözləmə mövqeyində dayana bilməzdik. Əlikramın Azərbaycanda 2-ci Gəncə ha­disələri törətmək, qan tökmək niyyəti ay­dın idi. Odur ki, qanunun bizə verdiyi sə­lahiyyətlərdən, imkanlardan istifadə edib, bütün qüvvə və bacarığımızı qarşıdur­maya sədd çəkməyə yönəltdik. Dəfələrlə Ə.Hümbətovla görüşüb onu tutduğu yol­dan çəkindirməyə cəhd etdik. O isə nəinki xəyanətkar əməllərindən əl çəkmir, ək­sinə, Azərbaycan hökuməti ilə toqquşma yaratmaq üçün bəhanələr axtarırdı. 

İyulun 10-da Astara fövqəladə vəziy­yət rayonu hərbi komendantı qərarga­hının iclasını keçirdik. Həmin gün iclas iştirakçıları qərar qəbul etdilər. Qərara əsasən, Əlikram Hümbətovun Azərbay­canın Cənub bölgəsində hakimiyyəti ələ almaq cəhdləri qeyri-qanuni sayıldı və bu bədnam “hökumət”dən gələn bütün göstərişlərin Astara rayonu ərazisin­də icrasına yasaq qoyuldu. Bu qərarla əlaqədar Azərbaycan rəhbərliyinə mü­raciət də qəbul edildi. Mən hərbi komen­dant kimi bəyanat hazırlayaraq rayon ərazisində yaydım. Həmin bəyanatda hər kəsi yalnız Azərbaycan Respublika­sının Konstitusiyasının tələblərinə əməl etməyə, respublikamızın ərazi bütöv­lüyü uğrunda mübarizə aparmağa, Ali Sovetin Sədri, respublika Prezidenti sə­lahiyyətlərini icra edən Heydər Əliyevin tövsiyələrini dönmədən həyata keçir­məyə çağırdım”. 

– İbrahim Quliyev daha sonra qeyd edir ki, müntəzəm olaraq Prezident Apa­ratına, DİN rəhbərliyinə vəziyyət barədə gündəlik məlumat verir, onlardan göstə­rişlər alırdı: “Biz bilirdik ki, Heydər Əliyev bölgədəki vəziyyətə tam nəzarət edir və hər şeydən xəbərdardır. Ulu öndərin rəh­bərliyi ilə avqustun 13-də keçirilən geniş müşavirə, Cənub bölgəsindən seçilmiş deputatlar, həmin rayonlardan olan rəh­bər işçilər və ziyalılarla görüş məhz bu məsələyə yönəldilmişdi. Həmin müşa­virənin davamı olaraq Milli Məclisin 16–17 avqust tarixlərindəki növbədənkənar iclaslarında da bölgədəki vəziyyət ətraflı müzakirə olunmuş, parlament üç gün ər­zində “Cənub bölgəsində ictimai asayişin bərpası” haqqında qərar qəbul etmişdi. Heydər Əliyev xalqa, xalq isə inandığı, seçdiyi liderinə arxalanmışdı. Onun sepa­ratçı qüvvələrə qarşı barışmaz mövqeyi bizi ruhlandırırdı.

Artıq İbrahim Quliyev açıq-aşkar hə­dələnməyə başlandı. Hətta Surət Hüsey­nov “dostu və qardaşı” Əlikrama mane olduğına görə onu ciddi cəzalandırmağı tapşırmışdı. Lənkərana növbəti dəfə ge­dəndə onu tutub döydülər və gözlərini bağlayaraq icra hakimiyyətinin yaxınlığın­dakı hərbi hissəyə – Əlikramın bazasına apardılar. Olmazın işgəncələr verdilər. 

Sonra gözünü yenidən bağlayıb Le­rik yolu üstündəki meşəyə apardılar. 5 gün orada saxladılar. Daha sonra əhali­nin ayağa qalxmasından ehtiyat edərək buraxdılar. 

Avqustun 20-dən sonrakı günlər Lənkəranın, ümumiyyətlə, Azərbaycanın Cənub bölgəsinin tarixinə qızıl hərflərlə yazılasıdı: Ayın 23-də Heydər Əliyev te­leviziya ilə 7 rayonun əhalisinə və oradakı silahlı qüvvələrə müraciət edərək Hüm­bətovu devirməyə çağırdı. Bu çıxışdan 1 gün sonra Əlikram Hümbətova qarşı Lənkəranda 10 min nəfərdən çox insanın iştirak etdiyi mitinq keçirildi. Hümbətovun silahlıları meydana yığışan kütləyə atəş açdı, etirazçılar isə heç nəyə baxmadam irəli atıldılar və Hümbətovu qaçmağa məcbur etdilər. 

Həmin günlərdə bütün Cənub bölgəsi qondarma “TMR”-ə qarşı ayağa qalxmış­dı. Astarada da ictimaiyyət nümayəndələ­rinin izdihamlı mitinqi keçirildi. Hamılıqla və qətiyyətlə bildirildi ki, astaralılar qon­darma respublika ideyasını, Ə.Hümbəto­vun cinayətkar əməllərini müstəqil döv­lətimizə xəyanət kimi qiymətləndirirlər və onun quldur dəstələrinə qarşı qətiyyətli mübarizə aparacaqlar. 

...Lənkəran hadisələrinin ildönümü münasibətilə hər il şəhərin Paşa Təhmə­zov küçəsindəki Qəhrəmanlar xiyabanın­da anım tədbiri keçirilir. Dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi, türk dünyasının sevimli və mərd oğlu Heydər Əliyevin misilsiz xilaskarlıq missiyasın­dan iftixarla bəhs edilir. Həmin hadisələr zamanı şəhid olmuş Azərbaycanın milli qəhrəmanlarının xatirəsi anılır, büstləri önünə gül-çiçək dəstələri qoyulur. Bu gün xalqımız əmindir ki, müstəqil Azərbaycan Heydər Əliyev ideyalarına sədaqətlə xid­mət edən Prezident, Silahlı Qüvvələrin müzəffər Ali Baş Komandanı İlham Əliye­vin rəhbərliyi ilə daha yüksək zirvələr fəth edəcəkdir. 

Cəmil QULİYEV,
tarix üzrə fəlsəfə doktoru, AJB–nin üzvü

Sosial həyat