Gedən getsin, qalan qalsın

post-img

“Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsindən keçən ermənilər onlara göstərilən xidmətdən razıdırlar

Azərbaycanın beynəlxalq normalara uyğun olaraq aprelin 23-də Ermənistanla şərti sərhəddə yaratdığı sərhəd nəzarət-buraxılış məntəqəsi öz işini uğurla davam etdirməkdədir. Gün ərzində məntəqədən keçməklə Beynəlxalq Qırmızı Xaç Komitəsinin (BQXK) və ərazimizdə müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlılarının vasitəçiliyi ilə Qarabağ iqtisadi rayonunda yaşayan erməni əsilli onlarca Azərbaycan vətəndaşı Ermənistana səfər edir. Onların geri qayıdışı da eyni qaydada təmin edilir. Yəni, suveren dövlətlər arasında sərhədi keçməklə bağlı mövcud olan beynəlxalq praktika hazırda “Laçın” sərhəd nəzarət-buraxılış məntəqəsində tətbiq olunur.

Qarabağdakı erməni separatçıları­nın ötən əsrin 80-ci illərinin sonu – 90-cı illərinin əvvəllərində Azərbaycanda mərkəzi hakimiyyətin zəif olmasından istifadə edərək yaratdıqları qondarma “dqr”in tör-töküntüsünün başçılarının nə deməsindən, məntəqəni necə təq­dim etməsindən asılı olmayaraq, sər­hədi keçən erməni əsilli vətəndaşlar məmnundur. Elə avqustun 22-də sər­həd nəzarət-buraxılış məntəqəsindən keçmiş Elen Arstamyan kimi.

Qeyd edək ki, dünən səhər saatla­rında BQXK əməkdaşlarının müşayiəti ilə erməni əsilli şəxslərin növbəti dəfə sərbəst keçidi təmin edilib. Məntəqə­dən Gorusa doğru BQXK-yə məxsus ümumilikdə 9 nəqliyyat vasitəsi keçib. Həmin nəqliyyat vasitələrinin içərisin­də BQXK-nın əməkdaşları, sürücülər, müşayiətçilər, tibb işçisi və xəstələrdən ibarət 57 nəfər olub. Növbəti dəfə isə 60-a yaxın şəxs Ermənistan istiqamə­tinə hərəkət edib.

Bu, bir daha mülki ermənilərin məntəqədən keçidində heç bir maneə­nin, hər hansı çətinliyin olmamasını göstərir. Həmçinin Ermənistanın Azər­baycan tərəfindən Laçın yolunun blo­kadada saxlanmasına dair iddialarının yalan və böhtan olduğunu bir daha sü­buta yetirir.

Dünən yalnız Xankəndidən Ermə­nistana gedən bir erməni qadına çan­tasının üzərindəki qadağan olunmuş atributla (qondarma rejimin bayrağı adlanan əski parçası çanta üzərinə həkk olunmuşdu – S.H.) bağlı sərhəd­çilərimiz tərəfindən xəbərdarlıq edilib. Sərhədçilərimiz nəzakətlə bildiriblər ki, çantanı müsadirə etmirlər, ancaq bir daha belə hallar təkrarlanmamalıdır.

***

Sərhəddən asan və şəffaf qaydada keçid Ermənistanın və Qarabağdakı separatçıların yalan və böhtanlarının if­şası baxımından da mühüm əhəmiyyət daşıyır. Məsələn, Qarabağ erməniləri­nin Azərbaycan cəmiyyətinə yenidən inteqrasiya edəcəkləri təqdirdə, guya, onları Vaqif Xaçatryanın aqibətinin göz­ləyəcəyi barədə iftira var. Bu baxımdan, Ermənistanda revanşist kəsimi təmsil edən politoloq Armen Badalyanın de­diklərinə diqqət yetirək: “Qarabağın 120 min (?) sakini, o cümlədən siyasətçilər, generallar və ictimai xadimlər Vaqif Xa­çatryanın taleyini yaşamaq və azərbay­canlıların əsirliyinə düşmək istəyirlərsə, o zaman Xankəndi ilə Bakı arasında bir­başa danışıqlara razılıq versinlər. Əgər belə bir perspektiv onları qane etmirsə, o zaman, Arayik Arutyunyanın “istefa­sı”na nail olmalı, “parlament” tərəfindən özlərinə yeni başçı seçməlidirlər”.

Bu məqam qondarma rejimin “qla­varı” Arayik Arutyunyanın avqustun 8-də beynəlxalq aktorlara etdiyi müra­ciətdə də öz əksini tapmışdı. O demişdi ki, 44 günlük müharibədən iki ildən çox vaxt keçsə də, Qarabağı hərbi yolla er­mənisizləşdirməyə (?) nail ola bilməyən Azərbaycan məqsədlərinə güc yolu ilə deyil, başqa üsullarla nail olmaq üçün ardıcıl cəhdlərini davam etdirir. O, La­çın yolunda sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının erməni əhalinin sərbəst hərəkətinin qəsdən məhdudlaşdırılması məqsədi daşıdığı­nı, sonra isə Qarabağ əhalisinin normal yaşayışını təmin etmək üçün həyata keçirilən humanitar yüklərin daşınma­sının tamamilə dayandırıldığını (?) bildirmişdi. Onu da demişdi ki, bu “qa­nunsuz” yaradılmış keçid məntəqəsinin bilavasitə qurbanı “Artsax respublika­sı”nın “vətəndaşı” Vaqif Xaçatryan olub.

Ancaq zaman bu kimi separatçı başçıların dedikləri sözlərin heç bir əsasının olmasığını bir daha ortaya qoydu. Əvvəla, Azərbaycan qarşısı­na Qarabağı ermənisizləşdirmək kimi bir məqsəd qoymayıb. Ölkəmizin belə bir niyyəti heç zaman olmayıb, bu gün də yoxdur, gələcəkdə də olmayacaq. Əksinə, rəsmi Bakı Qarabağ ermə­nilərinin Azərbaycanın siyasi, hüquqi və sosial-iqtisadi çərçivəsinə yenidən inteqrasiyasına nail olmağa çalışır. Xa­rici İşlər Nazirliyinin BMT Təhlükəsizlik Şurasında avqustun 16-da aparılmış müzakirələrə dair bəyanatında qeyd edildiyi kimi, ölkəmiz Qarabağ bölgə­sində yaşayan erməni əsilli sakinlərin Azərbaycan Konstitusiyasında nəzərdə tutulmuş, habelə Azərbaycanın tərəf­dar çıxdığı insan hüquqları üzrə bütün müvafiq beynəlxalq mexanizmlərə uy­ğun olaraq, hüquq və azadlıqlarını tə­min etməklə bərabərhüquqlu vətəndaş kimi reinteqrasiya siyasətini aparır. Bu baxımdan, Arutyunyanın iddia etdiyi Qarabağın ermənisizləşdirilməsi iddiası tamamilə yalandır.

Onun sərhəd nəzarət-buraxılış məntəqəsinin yaradılmasının Qara­bağ ermənilərinin sərbəst hərəkətinə maneə törətdiyi fikri də böhtandır. Məsələ ondadır ki, Qarabağ erməniləri məntəqədən günün istənilən saatında sərbəst hərəkət edə bilirlər. Bu məqam artıq ermənilərin özləri tərəfindən də etiraf olunur. Sadəcə, Azərbaycan qa­nunvericiliyi çərçivəsində sərhəd nə­zarət-buraxılış məntəqəsindən keçmək və aparılan-gətirilən yükləri bəyan et­mək lazımdır.

Vaqif Xaçatryanın həbsinə gəldik­də isə 1991-ci il dekabrın 22-də Xocalı rayonunun Meşəli kəndində törədilən qətliamda iştirak etməkdə ittiham olu­nan bu adam sərhədi keçərkən saxla­nılan yeganə şəxsdir. İnsanlıq əleyhinə cinayət törətmiş V.Xaçatryanın həbsi ilə bağlı ictimaiyyəti yanlış yönləndirən Arutyunyan kimilərinə bir daha xatırlat­maq istərdik ki, beynəlxalq humanitar hüquqda müharibə cinayətkarlarına qarşı müvafiq tədbirlər görülməsinə mane olan heç bir məhdudiyyət yoxdur. Bu şəxsin həbsi Azərbaycan qanunveri­ciliyi və beynəlxalq hüquq çərçivəsində həyata keçirilib. Ermənistan tərəfi 30 ilə yaxın azərbaycanlılara qarşı soyqı­rımı daxil insanlıq əleyhinə cinayətlər və kütləvi qırğınlar törədilməsinə görə məsuliyyət daşıyanları müdafiə və əməllərini ört-basdır etmək əvəzinə, onların cinayət məsuliyyətinə cəlb edil­məsi işinə dəstək verməlidir. Beləliklə, A.Arutyunyanın beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün ortalığa atdığı daha bir iddianı ifşa olunmuş saya bilərik.

Bütün bunlardan əlavə, Azərbay­can Qarabağ ermənilərinə başqa se­çim şansları da qoyub. Ölkəmiz qəti sözünü deyib və seçimi Qarabağ er­mənilərinin özlərinin ixtiyarına buraxıb. Qarabağ erməniləri Azərbaycan vətən­daşlığını qəbul etməli, ölkəmizin normal vətəndaşları olmalı, qanunlarına sayğı göstərməli, öz dırnaqarası saxta dövlət atributlarını zibil yeşiyinə atmalıdırlar. Bununla razılaşmayanlar bölgəni tərk edib köç etməkdə sərbəstdirlər. Onlar dünyanın istənilən yerində “dqr” yarat­maq hüquqlarını da özlərində saxlayır­lar. Baxaq görək, hansı ölkə özünün suveren ərazisində onlara bu hüququ tanıyacaq?

Fərid ŞƏFİYEV,
Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri

– Qarabağ ermənilərinin iki seçimi var. Bu seçimlərdən biri Azərbaycan cəmiyyətinə reinteq­rasiyadır, digəri başqa yerə çıxıb getməkdir. İndi onlar bu məsələ­ni süründürməyə, hansısa bey­nəlxalq tərəfdaş tapmağa çalışırlar. Məsələn, Nyu-Yorka gedərək BMT Təhlükəsizlik Şurasında Azərbay­cana qarşı diplomatik addım atmaq istədilər. Bu da uğursuz oldu.

Qarabağ ermənilərinin reinteq­rasiyaya hazır olduqları barədə optimist fikir bildirməyə tələsmirəm. Hələ ki, çətinliklər var. Amma son xəbərlər bundan ibarətdir ki, er­mənilər Ağdam-Xankəndi yolunun açılmasını müzakirə etməyə hazır­dırlar. Hər halda, bunu yaxın gələ­cək göstərəcək.

“Laçın” sərhəd nəzarət-buraxı­lış məntəqəsindən Qarabağ er­mənilərinin keçidinə gəldikdə isə deməliyəm ki, bu, normal proses­dir. Ümumiyyətlə, onlar reinteqra­siya paketini qəbul etsələr, sərbəst hərəkət edəcəklər. Onlar Ermənis­tana da, Rusiyaya da, dünyanın başqa ölkələrinə də gedib geri qa­yıda biləcəklər. Ancaq bir şərtlə ki, Azərbaycan pasportunu daşısınlar.

Ermənilərlə bağlı yüz faiz proq­noz vermək çətindir. Son məqamda kimsə müdaxilə edir və sair. Bunu sülh müqaviləsi üzrə danışıqlardan da görmək mümkündür. Ancaq hələ də bir yenilik yoxdur. Ümumiyyətlə, Qarabağ erməniləri daxilində mü­zakirələr gedir. Artıq onların “blo­kada”, “soyqırımı” taktikası və stra­tegiyası uğursuzluğa düçar olub. Düzdür, bəzi Qərb mediası ənənə­vi olaraq erməniləri dəstəkləyir. Amma buna baxmayaraq, reallıq dəyişmir və ermənilər də bununla barışmalıdırlar. Bu baxımdan Qa­rabağ ermənilərinin Azərbaycanın təkliflərini qəbul etməklə bağlı ciddi müzakirə apardıqları ehtimalı bö­yükdür.

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət