Rubenin Lenin sevdası

post-img

yaxud Ermənistanda Qarabağ naminə inqilab avantürası

Qarabağdakı separatçı rejimin sabiq “dövlət naziri”, hazırda oyunbazlığını ictimai hərəkat yaradaraq həyata keçirən Ruben Vardanyan rejimin rəhbəri Arayik Arutyunyan barədə təhqir xarakterli aşağılayıcı fikirlərini Ermənistan rəhbərliyinə də ünvanlayıb. Onun Telegram kanalında yazdıqları belə deməyə əsas verir. 

Rubenin nələri yazmasından söz açacağıq. Hələlik isə bildirək ki, Var­danyanın isterikası Qarabağdakı se­paratçılıq çənbərinin tam daraldığının doğurduğu son dərəcə aciz mənzərə­dir. Azərbaycan Ordusunun bölmələri dünən bölgədəki qeyri-qanuni erməni hərbi birləşmələrinin 30-dək texniki ava­danlığını sıradan çıxarıblar. Ölkəmizin Müdafiə Nazirliyinin yaydığı məlumatda oxşar tədbirlərin davamlı şəkil alacağı açıqlanıb. Bu, öz yerində...

R.Vardanyan yazdıqları ilə Ermənis­tandakı sentyabr seçkilərini hədəf se­çir. O seçkiləri ki, orada İrəvan merinin kimliyi bəlli olacaq. Bu, adi hadisə deyil və məsələnin də təfərrüatlarında diqqət yetirəcəyik. Əlqərəz, Ruben bildirib ki, bütövlükdə, erməni dünyası ekzisten­sial böhran yaşayır. “Biz millət olaraq məhv olmaq təhlükəsi qarşısındayıq. Qarabağa və Ermənistan ərazilərinin bir hissəsinə təhdidlər artıq aydın real­lıqdır. Düşmənlərimizin növbəti addım­ları Ermənistana təcavüz, bütün erməni xalqının, onun mədəniyyətinin məhv edilməsidir”, – deyən Rubenin vay-şi­vən ritorikasına üstünlük verdiyi ortada­dır.

Pafoslu cümlələrinin hədəfi başqa olsa da, o da aydın görünür ki, Vardan­yan erməni xalqını Azərbaycanla yeni müharibəyə çağırır. O deyir ki, Qaraba­ğı, “bizim forpostumuzu müdafiə etmək, bütün xalqın ümumi işi və ölüm-dirim məsələsidir”. Bu yerdə Ruben ittihama keçir. “Bəs Ermənistan dövləti, ən güclü oyunçu kimi bunun üçün nə edir? Qa­rabağı itirir!”, – deyən Vardanyan bol­şevizmin banisi Leninin inqilabi şəraitlə bağlı məşhur “aşağılar əvvəlki qaydada idarə olunmaq istəmir, yuxarılar əvvəlki qaydada idarə etmək” deyimini Ermə­nistana uyğunlaşdırmaq yolunu tutur: “Ermənistanda siyasi vəziyyət belə gö­rünür: aşağılar bacarmır, yuxarılar istə­mir”. 

Rubenin baş nazir Nikol Paşinyan iqtidarı üzərinə isterik hücumunun daha bir göstəricisi onun Qarabağın Azərbaycana təslim edilməsini Ermə­nistanın suverenliyinin tam itirilməsi ssenarisini tərkib hissəsi kimi görmə­sidir. Vardanyanı yalnız bir məqamda nisbətən haqlı saymaq mümkündür. O anlamda ki, müasir Ermənistan Res­publikası ümumən Qarabağ avantüra­sı üzərində qurulmuş dövlətdir. Yəni, onun ideoloji mahiyyətini məhz bu avantüra və onun doğurduğu millətçi­lik təşkil edir. Deməli, Qarabağ əldən çıxırsa, dövlət üçün ideya mənbəyi qalmır. İdeya mənbəyi olmayan dövlət isə məhvə məhkumdur. Və deməli, ya Ermənistan özünün xəstəliyindən qur­tulmalı, ya da yox olmalıdır ki, indiki halda Vardanyan üçün birinci variant tam istisnadır. Nəticəyə gəlirik ki, o, Ermənistan adlı dövlətin ümumiyyətlə yer üzündən silinməsini istəyir. Əks halda, durumu gərginləşdirmək yolu tutmazdı.

Vardanyanın özünün “Telegram manifesti”ndə “keçmişlər” ifadəsini iş­lədir. Çox güman, Ermənistanın əv­vəlki rəhbərliyini nəzərdə tutur. Onun sözlərindən belə çıxır ki, ölkənin keç­miş iqtidarı da indiki durumun yaran­masında günahkardır. Ancaq son iki ilədək hansı cəhənnəmdə süləndiyi bəlli olmayan (əslində, R.Vardanyanın maliyyə möhtəkirliyi ilə məşğul olması məlum məsələdir – red.) sabiq “dövlət naziri”, eyni zamanda erməni xalqını da ittiham edir. Yazır ki, “keçmişlər” müba­rizədən üz döndərdilər. Çünki gördülər ki, xalq yuxudadır və yuxuda olmağı xalqa bağışlaya bilmədilər. Belə çıxır, Paşinyan xalqın yuxuda olmasına görə hakimiyyətə gəlib. Sarkisyan və bütöv­lükdə Qarabağ klanı bundan incidiyi üçün prosesə qarşı çıxmaq istəməyib. Həqiqətən də sarsaq məntiqdir. 

Göründüyü kimi, Rubenin isterikası pik həddə çatıb. Bu emossional psixoz halı ilə o, ard-arda suallar ünvanlayır: Qarabağ bu vəziyyətdə nə etməlidir? Ermənistanı Qarabağın təhlükəsizliyi­nin təminatçısı kimi qaytarmaq üçün hamımızın – dünya ermənilərinin hansı planı olmalıdır? Vardanyan suallarına cavab da müəyyənləşdirib. O, fərqli si­yasi vəziyyətin yaradılmalı, “xədimlərin” “satqınlarla” psevdomübarizəsinin ye­rini hər şeyi bilən, istəyən və bacaran yeni qüvvənin tutmalı olduğunu bildirib. Bəs, yeni qüvvə kimdir və ya kimlərdir?..

Vardanyan yaxşı bilir ki, baş na­zir Nikol Paşinyanın administrasiyası sentyabr seçkilərinə ciddi hazırlıq gö­rür və qalib gəlmək hazırkı iqtidar üçün hava-su kimi vacibdir. Əvvəla, paytaxt əhalinin yarısının cəmləşdiyi yerdir, ikincisi, Ermənistanda seçki sistemi elə qurulub ki, İrəvanda təşkil olunacaq proses, faktiki olaraq, ölkəyə rəhbərlik mübarizəsindəki vacib halqadır. Var­danyan bunu dərk etdiyindən, bilava­sitə ona fokuslanır və bildirir ki, seçkidə qalibiyyət Qarabağı tərk edən elitanı hakimiyyətdən uzaqlaşdırmaq üçün ilk addımdır. Rubenin fikrincə, həmin elita­nın nümayəndələri ya bölgəni satıblar, ya da başa düşmürlər ki, əməlləri ilə Er­mənistanı və erməni xalqını təhlükəyə atırlar.

***

Bu yerdə bir məqama da diqqət yetirək. R.Vardanyan yazır ki, Ermə­nistan üçün neqativ sayıla biləcək sse­narinin qarşısını almaq gücündə olan yeganə siyasi birlik ermənicə “Aprelu Yerkir” kimi səslənən partiyadır. “Apre­lu Yerkir” tərcümədə həyat üçün ölkə deməkdir. Daha bir vacib cəhət “Həyat üçün ölkə”nin rus dilində tərcüməsi ilə bağlıdır. Təsəvvür edin ki, "Страна для жизни" youtube kanalıdır. Onu hazırda Belarusda siyasi məhbus həyatı yaşa­yan Sergey Tixanovski yaradıb. Kana­lın məqsədi ölkədə baş verənlər, biznes həyatı və sadə vətəndaşların necə ya­şamaları barədə həqiqətləri çatdırmaq­dır. Uzun sözün qısası, S.Tixanovski Belarus Prezidenti Aleksandr Lukaşen­koya qarşı müxalifdir və o, 18 il müddə­tinə azadlıqdan məhrum edilib...

***

Deməli, Vardanyanın Leninin fikirlə­rinə üz tutmasının səbəbi bilindi. O, öz aləmində Ermənistanda, belə demək mümkünsə, “böyük sentyabr inqila­bı” hazırlığına keçib. Bu, tipik bolşevik təfəkkürüdür. “Aprelu Yerkir”ə, yəni “Hə­yat üçün ölkə” partiyasına gəlincə, qu­rumun namizədi Mane Tandilyandır. Ru­ben “Telegram manifestində” Maneni və partiyadaşı Mesrop Arakelyanı dəstək­ləməyə çağırış edib. Bəs, Tandilyan və Arakelyan kimlərdir ki, Vardanyan onları Qarabağ uğrunda canlarından keçməyə hazır şəxslər kimi qiymətləndirir? 

Xanım Tandilyanın həyat yoldaşı və övladları xaricdə yaşayırlar. Erməni mediası bir müddət əvvəl yazmışdı ki, Mane ölkəni həyat, daha doğrusu ya­şamaq üçün yer saymadığından, doğ­malarını kənara aparıb. Ən əsası isə Tandilyanın övladlarını hərbi xidmətdən yayındırdığı faktı da var. İndi bu adam Rubenin fikrincə, vətənpərvərdir. M.A­rakelyana gəldikdə, o, ötən il qondarma rejimdə “dövlət naziri”nin, daha dəqiq desək, Vardanyanın özünün köməkçisi postunu tutub. Deməli, belə nəticəyə gəlirik ki, Ruben Ermənistanda inqilabı adları çəkilən bu iki şəxsin köməyi ilə gerçəkləşdirməyi düşünür. Beləliklə, ayının min oyununun bir armudun ba­şında olduğu aşkardır. 

Bu aşkarlıq şəraitində əvvəldə vur­ğuladığımız bir fikrə də qayıtmaq istər­dik. Azərbaycan hər ötən gün Qarabağ­dakı separatçılıq çənbərini bir qədər də daraldır. Mövcud durumda Vardanyan və digər avantüristlər kağızdan düzəldil­miş gəmidə oturub balıq tutmaq sevda­sına düşənləri xatırladırlar. Ancaq bunu dərk etməyəcək qədər iflicdirlər. Rube­nin “Teleqram manifesti” isə ifliclər üçün elegiyadır. 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

Siyasət