Yarım əsrin astanasında

post-img

Söhbət “Gəncə Körpü Tikinti-2” ASC-dən gedir

“Gəncə Körpü Tikinti-2” deyəndə yada, ilk növbədə, körpülər, yol qovşaqları və keçidlər, asfalt magistral yollar, eləcə də ən müxtəli təyinatlı sosial obyektlər düşür. Cəsarətlə demək lazımdır ki, kollektiv bu illərdə, necə deyərlər, heç vaxt büdrəməyib, əksinə ildən-ilə püxtələşib, etibar qazanıb, sifarişçi təşkilatları keyfiyyətli işi ilə özünə cəlb edə bilib. Bu şirkət heç vaxt özü iş axtarmayıb, onu axtarıb tapıblar, sifariş veriblər və peşman da olmayıblar.

“Biz köhnə kişilərdənik...”

Artıq indidən “Gəncə Körpü Tikinti-2” ASC öz yubileyinə hazırlaşır, 50 yaşını təntənə ilə qeyd edəcək şirkət 1975-ci ildə körpü tikinti idarəsi kimi yaradılmış, 2001-ci ildən isə səhmdar cəmiyyət kimi fəaliyyət göstərməyə başlamışdır. Azərbaycanda körpülərin salınması tarixindən söz düşəndə bu müəssisənin adı birincilər sırasında çəkilir. Səhmdar cəmiyyətin rəhbəri Aqibət Məmmədovla bu barədə söhbət edərkən yarızarafat, yarıciddi dedi ki, “biz köhnə kişilərdənik və o zaman hər təşkilatın körpü salmağa nə gücü, nə qüdrəti çata bilərdi”

Şirkət respublika ərazisində körpü keçidlərinin, yolötürücülərinin, yeral­tı keçidlərin, suötürücü boruların və avtomobil yollarının, eləcə də digər süni qurğuların tikintisi ilə uzun illərdir məşğul olur. Təcrübəli kollektivin fəa­liyyəti bununla da yekunlaşmır. Şəhər və magistral yollarda abadlıq, müxtəlif tikinti obyektlərində monolit və yığma dəmir-beton konstruksiyaların tikin­ti-quraşdırma işləri də müəssisə tərə­findən həyata keçirilir. Özü də kollekti­vin əsas məqsədi daim irəliyə getmək, elmi-texniki tərəqqinin son nailiyyət­lərindən istifadə etmək, yeni istehsal texnologiyalarına yiyələnmək, görülən işləri beynəlxalq standartlar səviyyə­sinə qaldırmaq, tapşırıqları keyfiyyətlə, təhlükəsiz, vaxtında, ekoloji və əmək mühafizəsi tələblərini pozmadan ye­rinə yetirmək və işçi potensialının rifah halını yaxşılaşdırmaqla yanaşı, dövləti­miz üçün infrastrukturların inkişaf etdi­rilməsinə nail olmaqdır. Yeri gəlmişkən, belə bir maraqlı faktı qeyd edək ki, ha­zırda orta aylıq əmək haqqı 800 manatı keçən bu müəssisədə hələ elə bir hal olmayıb ki, maaşlar gecikdirilsin. Ona görə də kollektiv nikbindir, qarşısına qoyduğu istənilən işi vaxtında və key­fiyyətlə başa çatdıra bilir. Burada yük­sək ixtisaslı və təcrübəli kadrlar yetişib, dəqiq desək, yalnız peşəkarlar çalışır.

“Texnikanı göstər, imkanını deyim...”

Deyir “dostunu mənə göstər, sənin kim olduğunu deyim”. İndi onun sözü olmasın, sifariş vermək, təklif tenderinə imza atmazdan qabaq ağıllı şirkət rəh­bəri bu işi görəcək təşkilatın imkanları ilə maraqlanır.Bu mənada “Gəncə Kör­pü Tikinti-2”-yə həsəd aparmaq olar. Səhmdar cəmiyyət dünyada qabaqcıl nə var, daim onu əldə etməyə çalı­şıb və demək olar ki, buna nail olub. Mersedes Benz, Ford, Kamatsu, Kato, Mann, Liebherr, Bomaq, Caterpillar, Casagrande, Solimes... Yəqin tanıdı­nız, dünyaca məşhur olan şirkətlərin texnikalarının adlarıdır. Hamısı “Gən­cə Körpü Tikinti”nin texnika parkında cəmləşib. Yük maşınları, qreyderlər, buldozerlər, ekskavatorlar, qazma aq­reqatları, müxtəlif tonnajlı mobil kran­lar, yolbasan maşınlar (katok), yüklə­yicilər, asfaltyayan maşınlar, qoşqular, yarımqoşqular, beton mikserləri və di­gər çox sayda texnika. Hətta müəssisə 2007-ci ildə “Oğuz-Qəbələ-Bakı” su kəməri layihəsinin həyata keçirilməsin­də iştirak edərkən əlavə olaraq xeyli texnika almışdır. Bütövlükdə bu cür texniki vasitələrin sayı 160-a yaxındır. İndi özünüz fikirləşin, kim istəməz ki, belə bir şirkətlə işbirliyi yaratmasın?

Bəli, müəssisə daim dünyanın qa­baqcıl şirkətləri ilə əməkdaşlıq etməyə can atıb. Düşünüb ki, təhvil verdiyi obyektlər öz keyfiyyətinə və davamlılı­ğına görə seçilməli, razılıqla qarşılan­malıdır. Burada artıq xəsislik etməklə, köhnə, səmərəsiz texnika və digər vasitələrlə iş görməklə uzağa getmək, sadəcə, mümkün deyil. Məsələn, ti­kintidə istifadə olunan qəliblər dünya­nın qabaqcıl istehsalçısı olan “PERİ” şirkətində, deformasiya tikişləri Fransa təmsilçisi “Freysas Freysinet” şirkətin­də, rezin dayaq hissələri “Arsan Kau­cuk” və “Maurer” firmalarında istehsal olunub.

Yaxud götürək ASC-nin özünün is­tehsal sahələrini. O nə asfaltı, nə be­ton boruları, nə də digər əsas materi­alları başqa yerdən almır, özü istehsal edir. Cəmiyyətin Göygöl rayonunun Quşqara kəndində saatda 60 kubmetr beton istehsal edən zavodu var. Bu­rada müasir texnologiya ilə 15 və 18 metr uzunliğunda dəmir-beton aşırım tirləri, müxtəlif en kəsikli dəmir-beton borular və yol dirəkləri, körpü dayaq sütunları, yığma dəmir-beton keçid blokları, müxtəlif özül blokları, dairəvi dəmir-beton borular üçün təməl, baş­lıqaltı bloklar istehsal olunur. Bundan başqa, müəssisənin 2 ədəd “Tümmak” markalı və hər biri saatda 60 kubmetr beton istehsalı gücünə malik 2 ədəd mobil tipli beton zavodu vardır ki, bu da öz növbəsində tikinti sahəsinin vaxtın­da və keyfiyyətli betonla təmin edilmə­sində mühüm rol oynayır.

Yuxarıda adını çəkdiyimiz məkan­da səhmdar cəmiyyətin daş çeşidləmə və xırdalama sexi, saatda 80 ton asfalt verən “Teltomat” və saatda 40 ton as­falt istehsal edən D-508-2A tipli zavod­ları da fəaliyyət göstərir. Bu zavodlar­dan Gəncə şəhərinin, eləcə də digər şəhər və rayonların abadlaşdırılması və asfaltlaşdırılması ilə yanaşı, avto­mobil yollarının təmir və tikinti işlərinin görülməsində istifadə olunur.

Cəmiyyətin labaratoriyası da hamı­nın diqqətini cəlb edir. Burada da ABŞ və Avropanın ən qabaqcıl labaratoriya istehsalçılarının istehsal etdikləri, müa­sir tələblərə cavab verən cihaz və ava­danlıqlarından səmərəli istifadə olunur. Yəni keyfiyyət müəssisədə prioritet məsələlərdən biridir.

“Bir adam körpü qurar, min adam keçər”

Unutmuşam, hansı xalqın zərb-məsəlidi, bu. Amma tarixən körpü salmaq, yol çəkmək müqəddəs, xe­yirxah bir iş olub. Çünki bu işi görənlər üç-beş nəfəri deyil, minləri, milyonları nəzərdə tutub, gələcəyi düşünüb. İndi bir anlığa düşünün ki, Bakıda bu kör­pülər olmasaydı, indi hansı acınacaqlı vəziyyət yaranmışdı. Cənab Preziden­timiz İlham Əliyev necə böyük uzaq­görənliklə bu işləri həyata keçirdi, düzü adam məəttəl qalır...

Bayaqdan “Gəncə Körpü Tikin­ti-2”-nin Direktorlar Şurasının sədri, Əməkdar mühəndis Aqibət Məmmə­dovla söhbət edirəm. O bunları danı­şır, amma bir kəlmə də demir ki, bu nəhəng obyektlərin ərsəyə gəlməsində rəhbərlik etdiyi kollektivin də payı, zəh­məti var. Demir. Məsələn, “Oğuz- Qə­bələ-Bakı” nəhəng su kəmərinin çəkili­şi layihəsindən danışır, amma “Gəncə Körpü Tikinti-2”-nin orada necə əzm­karlıq göstərdiyindən bircə kəlmə də danışmır, sadəcə, “hə, biz də iştirak etmişik” deməklə kifayətlənir. Halbu­ki, bu kəmərin dağlardan-dərələrdən, sıldırım qayalardan keçməklə Bakıya gətirilib çıxarılması hansı çətinliklər ba­hasına başa gəlib, onu çoxları bilmir. Azərbaycanda ən böyük layihələrdən biri olan bu kəmərin uzunluğu 262,5 kilometr, diametri 2000 millimetr, subu­raxma qabiliyyəti saniyədə 5 kubmetr olmaqla özüaxımlıdır və şüşəlifli boru­larla çəkilmişdir. Təzyiqi 20 atmosfer­dən yuxarı olan, çay və yol keçidləri də daxil olmaqla 55 kilometrlik hissəsi polad borulardan tikilmiş bu su kəməri sosial xarakterli olub, Bakı şəhəri əha­lisinin içməli su ilə təminatında əvəzsiz rol oynayır. Oğuz-Qəbələ-Bakı kəməri ilə şəhərə özaxımlı rejimdə verilən su paytaxtın Yasamal, Nəsimi rayonları­nı bütövlüklə, Səbail, Nərimanov və Binəqədi rayonlarının əksər hissəsini, Nizami, Xətai və Sabunçu rayonlarının isə bir hissəsini təmin edir.

“Bakı şəhərində nəqliyyat sistemi­nin təkmilləşdirilməsi üzrə 2006-2007-ci illər üçün Tədbirlər Planı”nın təsdiq edilməsi haqqında Azərbaycan Res­publikası Prezidentinin 1 fevral 2006-cı il tarixli sərəncamının icrası ilə əlaqədar haqqında söhbət açdığımız şirkətin gördüyü işləri qeyd etməmək, sadəcə, mümkün deyil. Həmin sərən­cama müvafiq olaraq M.Hadi küçəsi ilə Babək prospektinin kəsişməsindəki (metronun Xalqlar Dostluğu dairəsi) və Mikayıl Əliyev küçəsi ilə Babək pros­pektinin kəsişməsindəki (Maşın Ba­zarı dairəsi) bu nəhəng körpü komp­leksinin inşası uğurla tamamlanaraq 2009-cu ildə istismara verilmişdir. Bu yol qovşağı istinad divarları ilə birlikdə ümumi uzunluğu 2 kilometrdən artıq olan 2 körpüdən, 3 ədəd avtomobil keçidindən ibarətdir.Əsas körpülər­dən birinin uzunluğu 196 metr, digə­rinin uzunluğu isə 129 metrdir. Hər iki körpü 5 aşırımdan ibarətdir və aşırım hissələri xüsusi texnologiya ilə gərgin­ləşdirilib. Yan yollardan körpülərə çıx­maq üçün 4 ədəd ramp tikilib. İstinad divarları arası yolörtüyü 22 santimetr qalınlıqda verilib ki, bu da yol qovşa­ğının istismar müddətini artırır.

Bunlar da son deyil. Bakı şəhərində Ziya Bünyadov və Atatürk prospektlə­rinin kəsişməsində yolötürücüsü, Bakı şəhərində Ziya Bünyadov prospekti ilə Əhməd Rəcəbli küçəsinin kəsişməsin­dəki yolötürücüsü, Bakı şəhərində Ko­roğlu dairəsi Heydər Əliyev Beynəlxalq Hava Limanı avtomobil yolunun yeni­dən qurulması işləri üzrə Suraxanı və Sabunçu rayonu ərazilərində körpü keçidləri son illər ASC-nin inşa etdiyi obyektlər sırasındadır. 

Bu işlər Azərbaycanın müxtəlif böl­gələrində də müvəffəqiyyətlə davam et­dirilib. Gədəbəy rayonu İsalı kəndində 180 şagird yerlik tam orta məktəb bina­sı, Gəncə şəhərində “İmamzadə” Dini Коmpleksinin yenidən qurulması və ətrafında abadlıq işləri, Gəncə Şəhər Təhsil İdarəsinin yeni inzibati binasının və şəhər 2 saylı 240 yerlik uşaq bağça­sının, “Gəncə və Şəki şəhərlərinin su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsin­də Azərbaycan tərəfinin payı hesabına Gəncə şəhəri ərazisində su və kanali­zasiya sistemlərinin, eləcə də hazırda tikintisi davam etdirilən Gəncə Ekoloji Park Kompleksinin və onun ətrafında abadlıq işləri, həmçinin Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi son illər bu əzmkar kollektivin inşa etdiyi obyektlərin yalnız bir qismidir.

...Az şəhər və rayon olar ki, “Gən­cə Körpü Tikinti-2”-nin orada izi ol­masın. Qazax rayonunda uzunluğu 7 kilometrə çatan Aşağı Salahlı avtomo­bil yolu, uzunluğu 13 kilometrdən çox, 10 metr enində olan Kəmərli avtomo­bil yolu, Sabirabad rayonunun Cavad kəndi ərazisində Kür çayı üzərindəki 144 metr uzunluğunda olan körpü, Ələt-Astara avtomobil yolunun bir hissəsinin tikintisi, burada hər birinin uzunluğu müvafiq olaraq 78 metr və 93 metr olan 2 körpünün salınması, Gədəbəy-Qızıltorpaq-Qonaqlı avtomo­bil yolunun 29-cu kilometrliyində Fın­dıqlıçay üzərində uzunluğu 84, eni 13 metrə yaxın körpü keçidi, 4 körpü inşa olunmaqla Gəncə-Dolama avtomobil yolunun tikintisi, Kürdəmir-Ucar avto­mobil yolundakı 3 ədəd körpü keçidi, Tovuz dolama yolunun inşası və digər obyektlər bu gün adları çəkilən şəhər və rayon sakinlərinin rahatlığını təmin edib. Özü də keyfiyyət göz qabağında­dır. 

24-dən 65-ə gedən yol 

İxtisasca yol-inşaat mühəndisi olan Aqibət Məmmədov ali məktəbi bitirdik­dən və hərbi xidmətini başa vurduqdan sonra Azərbaycan Respublikasının Av­tomobil Yollarının Tikintisi və İstismarı Nazirliyinin məktubuna əsasən Körpü Tikinti idarəsində tikinti ustası kimi işə başlayanda cəmi 24 yaşı var idi. 3 il sonra, yəni 1985-ci ilin iyununda isə artıq iş icraçısı təyin olunmuşdu. 1991-ci ildə, 33 yaşlı bir gənci Gəncə şəhər 2 saylı Körpü Tikinti İdarəsinə rəis və­zifəsinə təyin edirlər.

İndi Aqibət Məmmədovun 65 yaşı var. Deyir ki, eyni təşkilatda 41 il fasilə­siz işləmək sizə asan gəlməsin. Yaxşı ki, geriyə baxanda gözlərim önündə yalnız yaxşı işlər gəlib dayanır. 

– Gizlətmirəm, doğulub boya başa çatdığım Gədəbəydə özümdən asılı olmadan həmişə sanki uşaq oluram, kövrəlirəm, həm də elə bil daha böyük məsuliyyət hiss edirəm. Niyə belədir, izah edə bilmirəm. 

O gün on bir il qabaq istifadəyə ver­diyimiz Fındıqlıçay üzərindəki körpüyə baxmağa getmişdim. Körpünün girəcə­yində iki ağsaqqal şirin söhbət edirdi. Salam verib keçmək istəyirdim ki, biri qolumdan tutdu: “Aqibət Məmmədov deyilsənmi?” – deyə soruşdu. Düzü diksindim. Sonra onların xoş sözlərini eşidib ürəkləndim. Ölkə Prezidenti­nin, dövlətimizin göstərdiyi diqqətdən danışdılar. Dedilər ki, bu körpü onlar­la kəndi birləşdirdi, adamların yolunu asanlaşdırdı, Allah razı olsun...Sevin­cimdən gözlərim doldu...

Eyni sözləri Gədəbəy şəhərinin gi­rişində salınan körpünün də açılışında eşitmişdim. Qırmızı lenti cənab Prezi­dentimiz kəsmişdi...

Şirkət rəhbəri bunları deyib əlavə etdi ki, Azərbaycan Prezidentinin təşəbbüsü və köməyi ilə salınan yollar, körpülər, müxtəlif obyektlər ölkəmizin necə böyük sürətlə inkişafına əyani sü­butdur. Bunu unuda bilmərik. Yüz illər keçsə də, bu xeyirxah işlər sadalana­caq.

...Bir müəssisədə 24-dən 65-dək yol uzun bir yoldur, amma şərəfli yol­dur. Aqibət Məmmədovun göstərdiyi fəaliyyət dövlətimiz tərəfindən yüksək qiymətləndirilib. Belə ki, o, Azərbaycan Respublikası Prezidentinin 9 aprel 2010-cu il tarixli sərəncamına əsasən, “Tərəqqi” medalı, 10 aprel 2012-ci il tarixli sərəncamına əsasən “Əməkdar mühəndis” fəxri adı və 15 noyabr 2018-ci il tarixli sərəncamı ilə III dərəcəli “Əmək” ordeni ilə təltif edilib. Bununla yanaşı, “Xudafərin” Ali Yol Mükafatına və “Müstəqil Azərbaycan naminə” fəxri diplomuna layiq görülüb.

50 yaşına indidən hazırlaşan “Gən­cə Körpü Tikinti-2” ASC hələ bundan sonra da insanları sevindirməklə məş­ğul olacaq, tikdiyi yollar, körpülər, bina­lar, qurğular onları hamının gözündə daha da ucaldacaq. 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri







Sosial həyat