Min illərin qardaşlığı

post-img

Üç həftə əvvəl ölkəmizdə məxsusi bir Özbəkistan ruzgarı əsirdi. Bakıda qardaş ölkənin Mədəniyyəti Günləri çərçivəsində çoxsaylı maraqlı tədbirlər gerçəkləşdirildi. Budur, yenə də paytaxtımızı qoşa dalğalanan Azərbaycan və Özbəkistan bayraqları bəzəyir. Prezident İlham Əliyevin dəvəti ilə Prezident Şavkat Mirziyoyev Azərbaycana dövlət səfərinə gəlib. 

Azərbaycan və özbək xalqlarını yaxın milli adət və ənənələr, ümumi dil qrupu, mədəniyyət və din birləşdirir. Diplomatik, iqtisadi münasibətlərimiz ən yüksək sə­viyyədədir. Ədəbi birlik köklərimiz neçə-neçə əsr əvvələ gedib çıxır. Əlişir Nəvai ilə Nizami Gəncəvi “tandem”i buna gözəl nümunədir. Nizami ortaq mədəniyyətimi­zin zirvəsində dayanır, Əlişir Nəvai onun ardıcıllarından olması ilə fəxr edib. Məhz dünyaca məşhur “Xəmsə” yaradıcılığın­da öncüllük Azərbaycan və Özbəkistana məxsusdur. 

Filologiya elmləri doktoru Almaz Bin­nətova aparılan tədqiqatlara istinadla bil­dirib ki, Nizami "Xəmsə"sinin ən qədim variantı Özbəkistan Əlyazmalar Fondun­dan, Nəvai əsərlərinin ən qədim nüsxələri isə Azərbaycan Əlyazmalar İnstitutundan əldə edilmişdir. Bu o deməkdir ki, Azər­baycan–özbək ədəbi əlaqələrinin tarixi yüzilliklərə gedib çıxır. Yazıçı-dramaturq Kamil Yaşen yazır ki, böyük Nizaminin vəfatından on illər sonra, Orta Asiya monqollar tərəfindən işğal olunduğu döv­rdə Xarəzmdə naməlum özbək müəllif "Müftah ül-ədl" adlı bədii əsər yaratmışdı və həmin əsərin əsasını Nizaminin "Şah və iki bayquş" haqqında hekayəsi təşkil edirdi. 

Nəvai "Heyrət ül-Əbrar" ("Nəciblərin heyrəti") əsərində Nizamini öz ustadı və ilhamvericisi hesab etmiş, ona səcdə qıl­mış, onu "pir", "Xızr" adlandırmış, "Xəm­sə"sini "Beş xəzinə" deyə şərəfləndirmiş­dir. Nəvai hər dastanının başlanğıcında Nizamiyə məhəbbət və hörmət əlaməti olaraq xüsusi səhifələr yazmışdır. "Gən­cə günəşi elə bir bayraq qaldırdı ki, söz ölkəsini bir qələmlə birləşdirdi, dostlaş­dırdı". 

Bakıda və Daşkənddə hər iki dahiyə abidə qoyulub. Mədəni-ədəbi tədbirlər həmin heykəllərin ziyarəti ilə başlanır. 

Sovet dönəmində iki qardaş xalqın birlyi 1979-cu ildə Azərbaycanda ke­çirilən Özbəkistan SSR ədəbiyyatı və incəsənəti günlərinin davamı olaraq 1980-ci ilin iyununda Özbəkistanda Azər­baycan ədəbiyyatı və incəsənəti günləri keçirilib.

Ölkələrimiz arasındakı mədəni əlaqələrdən danışarkən görkəmli özbək şairi və tərcüməçisi Osman Qoçqarın Azərbaycan ədəbiyyatından tərcümələri də qeyd olunmalıdır. Onun Mirzə Cəlil­dən, Mirzə Ələkbər Sabir, Məhəmməd Hadi, Hüseyn Cavid, Cəfər Cabbarlı ("Od gəlini", "Sevil", "1905-ci ildə" pyes­ləri) və başqa klassiklərimizdən, xüsusən Hüseyn Cavidin “İblis”, “Əmir Teymur”, “Şeyx Sənan” kimi əsərlərinin tərcümələ­ri özbək ədəbi mühitində böyük rəğbətlə qarşılanıb.

Müstəqillik illərində Azərbaycan–öz­bək ədəbi əlaqələri müxtəlif aspektlər­də – həm tədqiqat, həm də dissertasiya mövzusu olaraq geniş araşdırılıb, bədii əsərlərin tərcüməsi həyata keçirilib. Bu əlaqələr kontekstində müstəqillikdən əv­vəl beş, müstəqillik illərində isə iki doktor­luq dissertasiyası müdafiə edilib.

Prezident İlham Əliyevin ötənilki Daş­kənd səfəri zamanı Prezident Şavkat Mirziyoyev qardaşlıq münasibətlərimizi xarakterizə edərək deyib: “Özbəkistanda Azərbaycan ilə ənənəvi dostluq, etimad və qarşılıqlı anlaşma münasibətlərinə xüsusi qiymət verilir. Bu münasibətlərin əsasını ortaq mənəvi dəyərlər, din, oxşar mədəniyyətlər və dil təşkil edir. Xalqları­mızı çoxəsrlik tarix bağlayır. Bizim Şərq­şünaslıq İnstitutunun fondlarında Nizami, Xaqani, Tusi, Füzuli, Xətai və bir çox başqa Azərbaycan şairlərinin və mütəfək­kirlərinin onlarca nadir əlyazmaları qayğı ilə qorunub saxlanır. Füzulinin əlyazma­larından birini mən bu gün hörmətli İlham Heydər oğluna hədiyyə etdim”. 

Bəli, hər iki xalq, beləcə, bir-birinin mədəniyyətindən bəhrələnib, bir-biri­nin mədəniyyətinə və onun inkişafına özünəməxsus təsir göstərib.

Xatırladaq ki, inişil payızda Ekspo Mərkəzində keçirilən VII Bakı Beynəlxalq Kitab Sərgi-Yarmarkasında iştirakçıların daha çox Özbəkistan Milli Kitabxanası sərgi ekspozisiyasına maraq göstərdi­yinin şahidi olmuşduq. Səbəbini soruş­duğumuz ziyalılar ölkələrimiz arasında ortaq dəyərlərin daha çox olduğunu əsas gətirmişdilər. Sonra gördük ki, İçərişəhər­də yerləşən, Mərkəzi Asiyadan gələn ta­cirlər tərəfindən inşa edilmiş XV əsrə aid Buxara karvansarası da, necə deyərlər, qonaq-qaralıdır. Deməli, qarşılıqlı sev­gilər əcdadlarımızdan gələn sağlam kökə bağlıdır. 

Bu ayın əvvəlində Azərbaycanda ke­çirilən Özbəkistan Mədəniyyəti Günlərin­də iştirak etmək üçün ölkəmizə gəlmiş nümayəndə heyətinin rəhbəri, qardaş ölkənin Mədəniyyət naziri Ozodbek Na­zarbekov jurnalistlərə müsahibəsində qardaşlığımızın mədəni-ədəbi dayaqla­rından bəhs edib: “Keçmişimizə baxanda Özbəkistan və Azərbaycan xalqları ara­sında daim ədəbi əlaqələr mövcud olub. Təəccüblü deyil ki, bir çox Azərbaycan yazıçıları Özbəkistanda yaşayıb-yaradıb­lar. Eyni zamanda Özbəkistan yazıçıları Azərbaycanda yaşayıb-yaradıb, ədəbiy­yatına böyük töhfə veriblər”.

Təbii ki, mədəniyyət bayramı çər­çivəsində daha çox tədbir məhz ədəbi əlaqələrə həsr olunmuşdu. Azərbaycan Milli Kitabxanasında özbək ədəbiyyatının görkəmli nümayəndəsi Abdulla Qədirinin “Ötən günlər” əsərinin Azərbaycan dilində yeni tərcümə olunmuş nəşrinin təqdimatı yaddaqalan tədbirlərdən olub. Tədbirdə alimlər böyük məmnunluqla vurğulayıblar ki, iki ölkə arasında tarixən formalaşan ədəbi tərəfdaşlıq bu gün də davam edir və bunun da sayəsində, bütövlükdə, türk ədəbiyyatının nüfuzu beynəlxalq aləmdə daha da artır, özbək və Azərbaycan xalq­larının ədəbi potensialı dünyaya daha geniş nümayiş etdirilir. 

Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva təqdimat mərasimindəki çıxışı zamanı deyib: "Özbəkistan, bizim özümüzdür. Biz bu gün özümüzlə görüşürük". Ardınca Günay xanım Azərbaycanda Özbəkistan Mədəniyyət Günlərinin önəmini açıqlayıb: “Bu, xalqlarımızın bir-birinə bəslədikləri sevgidir, hörmətdir, isti münasibətdir. Bu, eyni zamanda Dövlət Başçılarımız tərə­findən sərgilənən nümunəvi qardaşlıq əlaqələrinin təzahürüdür. Xalqlarımızın qarşılıqlı ehtiramını, səmimiyyətini insan­lar bütün təbəqələrdə hiss edir. Biz Bey­nəlxalq Türk Mədəniyyəti və İrsi Fondu olaraq, ötən il Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Səmərqənd Zirvəsin­də, digər tədbirlərdə, Fond tərəfindən başladılan, növbəti dəfə Daşkənddə ger­çəkləşdirilən “Şuşa Günləri”ndə, Şuşanın 2023-cü il Türk Dünyasının Mədəniyyət Paytaxtı elan olunmasının açılış mərasi­mində bu doğmalığı, bu qonaqpərvərliyi yaşamışdıq”.

Yeri gəlmişkən, Beynəlxalq Türk Mə­dəniyyəti və İrsi Fondunun türk xalqları, o cümlədən Azərbaycan və Özbək xaqları arasındakı mədəni birliyin gücləndirilmə­sinə əhəmiyyətli töhfələr verir. Məsələn, ötən il Əlişir Nəvainin 580 illik yubileyi münasibətilə şairin əsərlərindən ibarət ki­tabı Azərbaycan dilində nəşr edilib. Təş­kilatın mərkəzi qərargahında Özbəkista­nın Ali Məclisinin deputatlarının, ölkənin Azərbaycandakı səfirinin iştirakı ilə “Nə­vai Günü” keçirilib. 

Bəli, Azərbaycan və Özbəkistan mə­dəni-ədəbi əlaqələri bu gün də davam və inkişaf etdirilir. İnanırıq ki, qardaş ölkə pre­zidentinin dövlət səfəri münasibətlərin ge­nişlənməsinə daha güclü stimul verəcək.

Əli ƏLİYEV, “Xalq qəzeti”

Mədəniyyət