İçərişəhərin “Abşeron” rənglər dünyası...

post-img

...Təcrübə müəllimimlə birlikdə Qız qalasının yanından ötüb qədim İçərişəhərə daxil olduq. Burada çoxsaylı turistlər var idi. Onlar kiçik töhfə mağazalarındakı antik əşyalara, suvenirlərə xüsusi maraq göstərirdilər. Biz isə Asəf Zeynallı, 8 ünvanına, “Abşeron” rəsm qalereyasına tərəf tələsirdik. Orada qalereyanın rəhbəri, tanınmış sənətşünas Eldəniz İbrahimov bizi gözləyirdi.

Eldəniz müəllim dedi ki, bu qalere­ya Azərbaycanın mədəniyyət tarixində ilk özəl rəsm salonudur. Həm sovetlərə, həm müstəqilliyə qədər paytaxtımızda özəl rəsm qalereyası olmamışdır. Qale­reya fəaliyyətə 1997-ci ilin yayında baş­layıb. Həmin ilin noyabrında isə ilk “Na­türmort” sərgisi keçirilib. 

Qeyd edək ki, “Abşeron”da ölkəmi­zin, o cümlədən türk xalqlarının tanınmış rəssamlarının əsərləri dəfələrlə nümayiş olunub. Qalereya bir çox istedadlı rəs­samlarla sıx əməkdaşlıq edir. Onlardan biri də tanınmış fırça ustası Məhəmməd Orucovdur. Öyrəndik ki, rəssamın həm burada, həm də Türkiyədə ondan çox sərgisi keçirilib. Onun “Nənələr”, “Natür­mort”, “Şəhərin yay günləri”, “Pəncərə” tabloları tamaşaçılar tərəfindən rəğbətlə qarşılanıb. Yeri gəlmişkən, əsərlərinin bir çoxu bu sərgilərdə kifayət qədər yüksək məbləğdə satılıb. 

Qalereyadakı əsərlərə baxdıqda bu tablolarda Azərbaycan təbiətinin gözəl­liyini, Bakımızın bənzərsiz mədəniyyət abidələrini, insanların könül dünyasının sayrışmalarını görmək mümkündür.

Eldəniz İbrahimov bildirdi:

– Əcnəbilər buradakı əsərlərə də bi­ganə qalmırlar. Onların diqqətini özünə çəkən əsas məqam isə rəssamlarımızın özəl və qeyri-adi rəng duyumudur. Bizim rəngkarlar “isti” və “soyuq” boyalardan elə məharətlə istifadə edirlər ki, adam bir an rəsmlərdə əks olunan görüntülərin gerçək olduğuna inanır.

Qalereyada digər istedadlı rəssam Valeh Kərimovun “Dəhnə kəndi” tablosu da diqqətimizi cəlb etdi. Rəsmdə Azər­baycan kəndinin gözəlliyi, buradakı ev­lərin özünəxas memarlıq üslubu qabarıq əks olunub.

...Biz qalereyada olarkən Qazaxıs­tandan 2 turist salona daxil oldu. Onlar həvəslə tablolara göz gəzdirdilər. Mə­lum oldu ki, qonaqlar Azərbaycan təsviri sənətinin bir çox korifeyləri ilə, uzaqdan da olsa, tanışdırlar. Mikayıl Abdullayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Və­cihə Səmədova və başqa görkəmli rəs­samlarımız barədə xoş fikirlər söylədilər.

Sənətşünas Eldəniz İbrahimov qo­naqları maraqlandıran sualları ətraflı cavablanırırdı. Biz isə bu özəl və gözəl sənət ocağını xoş əhval və zəngin duy­ğularla tərk etdik. 

Leyla HADİ,
tələbə-jurnalist

Mədəniyyət