Ekoloji pəhriz ömrü uzadır

post-img

Harvard Universitetinin alimləri müəyyən ediblər ki, ekoloji pəhrizə əməl edən insanların 30 ildə müəyyən səbəblərdən ölmə ehtimalı 25 faiz azalıb. Tədqiqatçılar PHDİ indeksi tərtib edərək, ərzaqların ekoloji və faydalılıq qiymətləndirməsini aparıblar. Sonra bu indeksi 100 min ABŞ sakini üzərində sınayıblar.

Xəbəri yayan agentlik qeyd edib ki, məlumat bazası 1986–2018-ci illəri əhatə edib. Sınaqların nəticələrinə görə, alimlər sübut edib ki, maksimal PHDİ indeksli pəhrizə uyğun qidalanan insanlarda istənilən səbəbdən ölüm səviyyəsi  adi qaydada qidalananlara nisbətən dörddəbir qədər az olub.

Tədqiqatçılar,  onu da aşkar ediblər ki, ekoloji pəhriz insanları xərçəng və ürək-damar xəstəliklərindən 15 faiz, neyrodegenerativ xəstəliklərdən 20 faiz, iltihabi xəstəliklərdən isə 50 faiz qoruyur.

Ən faydalı qidalar sırasında nişastasız meyvələr, tərəvəzlər, bütün növ taxıllar, qoz, ləpələr, doymamış yağlar, paxlalılar yer alıb. Ətraf mühit və sağlamlıq üçün zərərli qidalar isə qırmızı ət, un məmulatları, şəkər və yumurta elan edilib.

Z.HÜSEYNLİ,  “Xalq qəzeti”

 

Sosial həyat