Əcdadımız soyqırımına uğrayıb

post-img

Dinlə mübarizədə sovet insanlarının başına bir fikir yerləşdirmişdilər: insan meymunlardan törəyib. Sonra bu fikir düzəldildi: yox, meymundan deyil, amma müasir meymunlarla ortaq əcdadımız var. İndi isə dünyanın mənzərəsi daha da mürəkkəbləşib. Müasir insanın əcdadı qədimdə yeganə varlıq olmayıb. Ən azı neandertallar və denisovlular var idi, ancaq “Homo sapiens” (Ağıllı insan) sağ qaldı!

Biologiya elmləri doktoru Mixail Gelfand deyib: “Avropalıların və Yaxın şərqlilərin genomunda genlərin, təx­minən, 2–4 faizi neandertala uyğun­dur. Yəni bizim uzaq əcdadlarımız ne­andertallarla qarışıb. Və denisovluların DNT analizi göstərdi ki, onların genlə­rinin 6 faizə qədəri bu gün Melaneziya və Avstraliya aborigenlərində tapılır. Bu və digər faktlar bizə deyir ki, vax­tilə planetdə müxtəlif tipli insanlar birgə yaşayıb, lakin nədənsə yalnız “Homo sapiens” sağ qalıb. “Növ” sözü çox düzgün deyil, amma hələlik başqa bir termin yoxdur”.

Üstəlik, böyük bir DNT bankının təhlili göstərir ki, müasir insanların DNT-sində elmin heç nə bilmədiyi ən azı daha bir “tip” insanların genetik iz­ləri var. Onların qalıqları hələ də tapıl­mayıb.

Neandertalların və denisovluların niyə yoxa çıxdığı da aydın deyil. Ver­siyalardan birinə görə, bu, sivilizasiya tarixində ilk soyqırımı idi.

P.ƏFƏNDİ, “Xalq qəzeti”

Sosial həyat