Qadın adını və ləyaqətini uca tutan lider

post-img

Müstəqillik dövründəki ilk qadınlar qurultayının 25 illiyi “Heydər Əliyev ili”nə düşür 

 

Hesab edirəm ki, bu qurultay XX əsrdə Azərbaycanın tarixin­də ən böyük tarixi hadisələ­rindən biridir. Azərbaycan qa­dınları bu qurultayla müstəqil Azərbaycanda gələcəyin qadın hərəkatının əsasını qoyublar, qadınların cəmiyyətdə fəallığı­nın, onların cəmiyyət və dövlə­tin həyatında iştirakının əsası­nı qoyublar. Siz bunun əsasını qoymusunuz, böyük iş görmü­sünüz. Bu münasibətlə mən sizi ürəkdən təbrik edirəm.

Ulu öndər Heydər Əliyevin Azərbaycan Qadınlarının I Qurultayındakı nitqindən 

Bakı, 14 sentyabr 1998-ci il

 

“Heydər Əliyev və dövlət qadın siyasəti” mövzusunda qələmə almaq istədiyimiz bu sətirləri Ulu öndərin Qəbələyə ikinci gəlişi zamanı şahidi olduğum faktları xatırlatmaqla başlamaq istəyirəm. Belə ki, Ümummilli lider 2002-ci ildə Şəki şəhərinə səfəri zamanı yolüstü əvvəl Vəndam qəsəbəsində, sonra isə rayon mərkəzində dayanmış, onun görüşünə toplaşan camaatla olduqca səmimi söhbət etmişdir. 

Həmin söhbətlərin yaddaqalan məqamlarından biri də böyük liderin qısa, amma tarixi ünsiyyət zamanı qə­bələli qadınlara hörmət və ehtiramla yanaşdığının şahidi olmağımız idi. O zaman dostlarımızdan biri yazmışdı ki, Heydər Əliyevin qəbələli qadınlarla ünsiyyət zamanı nümayiş etdirdiyi sə­mimiyyət tarixi faktdır. Başqa bir qələm sahibi isə əlavə etmişdi ki, Ulu öndər təkcə qəbələli qadınlarla deyil, ümu­miyyətlə, dünyanın harasında olursa- olsun, qadınlarla söhbət, təmas zama­nı möhtəşəm bir səmimiyyət və başqa siyasətçilər üçün bəlkə də əlçatmaz olan ehtiram nümayiş etdirirdi.

Onun bir ifadəsi daim mənim, deyə bilərəm ki, həm də bütün xanımları­mızın yadındadır. Çünki həmin fikirdə Azərbaycan qadınına çox böyük qiy­mət verilirdi: “Cəmiyyətdə qadınların üzərinə daim çox böyük vəzifələr dü­şür, onların işi həmişə ağırdır. Ancaq onlar bu vəzifələri şərəflə yerinə yetirir və həmişə olduğu kimi, indi də cəmiy­yətdə aparıcı rol oynayırlar”. 

Qətiyyətlə deyə bilərik ki, ölkəmiz­də dövlət qadın siyasətinin əsas prin­siplərinin müəyyən edilməsinin və döv­lət səviyyəsinə qaldırılmasının məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz tarixi bir faktdır. O, qadın­ların idarəetmə, qərar qəbuletmə və sosial həyatın bütün sahələrində irəli çəkilməsini daim vacib məsələlərdən biri kimi qabardırdı. Azərbaycanda qadın hüquqlarının qorunması, təbliğ olunması, onlara yüksək imtiyazların verilməsi, qadınların dövlət siyasətinin həyata keçirilməsində və qanunların qəbul edilməsində iştirakının artırılma­sı Heydər Əliyev siyasətinin ayrılmaz tərkib hissələrindən olmuşdur.

Bu zaman daha bir tarixi faktın yada salınmasına ehtiyac var. Ulu ön­dər ötən əsrin 90-cı illərində dəfələrlə xatırlatmışdı ki, müasir müstəqil Azər­baycan dövləti əsrin əvvəlindəki Azər­baycan Xalq Cümhuriyyətinin varisidir. O cümhuriyyətin ki, bir çox Avropa ölkələrindən 20-25 il əvvəl qadınla­ra seçib-seçilmək hüququ vermişdir. Unutmaq olmaz ki, Heydər Əliyev tək­cə dövlət müstəqilliyimizi bərpa edən­dən sonra deyil, elə sovet rejiminin ən güclü olduğu dönəmdə – 1969-82- ci illərdə – respublikamıza birinci dəfə rəhbərlik edəndə də gender məsələsini daim gündəlikdə saxlamış, qadınların cəmiyyətin bütün sferalarında irəli çə­kilməsinə nail olmuşdu. Nazir, deputat və müxtəlif icra strukturlarının rəhbər­ləri arasında xanımların sayının artı­rılması tendensiyasının təməli məhz həmin illərdə qoyulmuşdu. 

Yadımdadır, Ulu öndər qadınların I qurultayındakı nitqində demişdi ki, indi Azərbaycan qadını səhiyyədə işləyən­lərin 70 faizini, təhsildə, maarifdə iş­ləyənlərin 50-60 faizini, mədəniyyətdə işləyənlərin 70 faizini təşkil edir: “An­caq təsəvvür edin, əsrin əvvəlində bun­ların heç biri yox idi. Bəli, biz XX əsrin əvvəlində, yaxud da XIX əsrin sonun­da Azərbaycan qadınlarının savadlı, bilikli, mədəniyyətə qovuşmuş, dünya mədəniyyətini mənimsəmiş tək-tək nümayəndələrini tanıyırıq, bilirik. An­caq indi səhiyyə sistemində həkimlərin 70 faizi qadınlardırsa, əsrin əvvəlində bir nəfər də qadın həkimimiz yox idi. Təsəvvür edin, qısa bir tarixi zamanda nə qədər sıçrayış əmələ gəlibdir. Bu, təkcə səhiyyə, təhsil sahəsində deyil­dir. Həyatın bütün sahələrində mühən­dis, iqtisadçı, başqa ixtisaslardan olan nə qədər qadın var. Əsası isə ondan ibarətdir ki, qadınlar savad, bilik alıblar, elmə, mədəniyyətə qovuşublar”.

Mən Ulu öndərin həmin tarixi nitqin­dən daha bir iqtibas gətirmək istəyirəm. Çünki bu gün Azərbaycan Ordusu dün­yanın ən güclü silahlı qüvvələri sırasın­dadır. Ümummilli liderimiz 25 il əvvəl sanki bugünkü Azərbaycan həqiqət­lərini görürdü: “ Mən sizə xüsusi min­nətdarlığımı bildirirəm, ona görə ki, siz Azərbaycan Ordusunun yaranmasında böyük işlər görmüsünüz. Sizin övladla­rınız, gənclər indi Azərbaycan Ordusu­nun əsasını təşkil edirlər... Bu, böyük bir işdir. Biz böyük ordu yaratmışıq və yaradırıq. Əmin ola bilərsiniz, Azərbay­canın Milli Ordusu yaranıb formalaşıb­dır və indi Azərbaycan dövlət müstəqil­liyini, ərazilərini qorumağa qadir bir ordudur. Bu sahədə qadınların xidməti böyükdür. Mən sizə xüsusi təşəkkür edirəm. Ümidvar olduğumu bildirmək istəyirəm ki, siz, Azərbaycan qadınları Azərbaycan Ordusunu daha da güc­ləndirmək, inkişaf etdirmək, daha da qüdrətli etmək üçün bundan sonra da gözəl insanlar yetişdirəcəksiniz. O in­sanlar tərbiyəli, vətənpərvər olacaqlar, Vətən yolunda həlak olmağa hazır öv­ladlar olacaqlar. Mən əminəm ki, siz bu işdə də öz xidmətlərinizi göstərəcəksi­niz”.

Bəzi qələm sahibləri belə ifadələri “peyğəmbərcəsinə səsləndirilmiş fikir” adlandırırlar. Böyük fəxr və iftixarla əlavə edirik ki, azərbaycanlı qadınların tərbiyə etdiyi mərd və cəsur əsgərlər torpaqlarımızın düşmən əsarətindən azad olunmasını təmin ediblər. Şəhid analarına baş əyir, qazi analarının qü­ruruna şərik oluruq. 

Fəxr etməli olduğumuz başqa bir məqam isə ondan ibarətdir ki, polito­loq və ekspertlər Ümummilli liderimizin qadınlarla bağlı məsələlərin həlli üçün imzaladığı mühüm fərman və sərən­camlar qadın hüquqlarının reallaşması və təminatı istiqamətində irəliyə doğru atılmış tarixi addımlar kimi qiymətlən­dirirlər. O, daim vurğulayırdı ki, dövlət quruculuğunun bütün mərhələlərində xüsusi xidmətləri olan Azərbaycan qa­dınları ölkəmizdə ictimai-siyasi sabitli­yin və əmin-amanlığın qorunması, milli dövlətçiliyimizin daha da möhkəmlən­dirilməsi üçün bu gün də var qüvvələri­ni sərf edirlər.

Fikrimizi bir az da konkretləşdirmək üçün deyə bilərik ki, ulu öndər Heydər Əliyev 1998-ci ildə “Azərbaycanda qa­dınların rolunun artırılması haqqında” fərman imzalamışdır. Bu sənəd hər mənada qadınların fəallığına, cəmiy­yətdə öz yerlərini tutmalarına kömək olmuşdur. Heydər Əliyevin 2000-ci ildə imzaladığı “Azərbaycan Respublika­sında dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” fərman isə ölkə­də qadın siyasətinin daha da güclən­məsinə gətirib çıxarmışdı. 2000-ci ilin iyun ayında Azərbaycan Respublika­sının Nazirlər Kabineti “Azərbaycan Respublikasında qadın məsələləri üzrə 2000-2005-ci illər üçün Milli Fəaliyyət Planı”nı qəbul etmişdir. 

Bəli, bu gün Azərbaycanda lider qadınlar, sahibkar qadınlar zümrəsi yetişmişdir. Hökumətdə, nazirliklərdə, Milli Məclisdə qadınlarımızın fəallığı artmaqda davam edir. Bu kimi müsbət nəticələrin əldə olunmasında Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə qadın hüquqlarının qorunması üçün bir çox qanunlar qəbul etməsi, fərman və sərəncamlar imzalaması, beynəlxalq təşkilatlara üzv olaraq mühüm sənəd­lərin ölkəmizdə tətbiq olmasını reallaş­dırmasındakı rolu danılmazdır. Azər­baycan qadınları cəmiyyətin dinamik inkişafı istiqamətində həyata keçirilən irimiqyaslı layihələrdə öz fəallığı ilə se­çilirlər.

Məhz həmin siyasətin nəticəsidir ki, bu gün Azərbaycanın Birinci vit­se-prezidenti də, parlamentin sədri də də məhz zərif cinsin nümayəndələridir. Onu da vurğulamaq lazımdır ki, ulu ön­dərimizin adını daşıyan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə keçirilmiş çoxsaylı beynəlxalq tədbirin bir neçə­si məhz qadınlarla bağlı olmuş, azər­baycanlı xanımların beynəlxalq qadın hərəkatına yeni töhfələr verməsini tə­min etmişdir. 

Biz – Azərbaycan qadınları fəxr edirik ki, bugünkü qüdrətli dövlətimizin tərəqqisində ölkəmizin xanımlarının da böyük payı vardır. Dövlətimizi və cənab Prezidenti əmin edirik ki, Azərbaycan qadını Vətənimizin daha da qüdrətlən­dirilməsini təmin edən Heydər Əliyev siyasi kursunu bundan sonra da daim dəstəkləyəcək və xalqımızın qazana­cağı yeni uğurların iştirakçısı olacaqdır. 

Sədaqət BAYRAMOVA,
Azərbaycan Qızıl Aypara Cəmiyyəti Qəbələ rayon bölməsinin sədri





Sosial həyat