Azərbaycan Respublikasının Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən qeyri-hökumət təşkilatları Zəngəzur dəhlizinin açılması ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət ünvanlayıb. 15 QHT rəhbərinin imzaladığı sənəddə deyilir:
–Naxçıvan Muxtar Respublikası 30 ildən çoxdur blokada şəraitində yaşayır. Naxçıvan əhalisi blokadaya görə 15 ilə yaxın qazsız qalıb, hətta elektrik enerjisi olmayıb. Azərbaycanın əsas hissəsindən gələn enerji xətləri Ermənistan tərəfindən kəsilib. Naxçıvanı Azərbaycanın əsas hissəsi ilə birləşdirən dəmir yolunun keçdiyi Zəngəzur dəhlizi 1992-ci ildən birdəfəlik bağlanıb. Lakin ötən müddətdə beynəlxalq birlik Naxçıvanın dinc sakinlərinin problemlərinin, eyni zamanda, blokadanın aradan qaldırılması üçün heç bir addım atmayıb və Ermənistana bu məsələdə heç bir təzyiq etməyib. Niyə bu illər ərzində bizim haqq səsimiz eşidilməyib?
Müraciətin davamında qeyd edilir ki, təcavüzkar Ermənistanın Naxçıvanı işğal etməsinin qarşısı alınsa da əhali, yaşayış məntəqələri ötən müddətdə həmişə atəşə tutulub: “İndi isə qonşu ölkə muxtar respublikanın Sədərək rayonuna bitişik məntəqədə – Arazdəyəndə Espo Konvensiyasının tələblərinə zidd olaraq, metallurgiya zavodu inşa edir. Bu, blokadaya məhkum edilmiş Naxçıvan əhalisinə qarşı ekoloji terror siyasətidir. Transsərhəd ərazidə Azərbaycan hökumətinin razılığı olmadan ağır sənaye zavodunun tikilməsi ətraf mühitin, havanın zəhərli tullantılarla çirklənməsinə, ekosistemin pozulmasına səbəb olacaq”.
Sənəddə beynəlxalq birliyin nəzərinə çatdırılır ki, son günlərdə “humanitar böhran” şousu arxasında Ermənistandan Qarabağa nəzarətsiz dəhliz tələb edən Ermənistan və onun himayədarları 31 ildir ki, Naxçıvanı blokadada saxladığını tamamilə unudur:
– 2020-ci ildə 44 günlük müharibədən sonra imzalanmış 10 noyabr tarixli üçtərəfli Bəyanatın müddəalarına əməl etmir, Zəngəzur dəhlizinin açılması istiqamətində heç bir tədbir görmür. Biz bu barədə dünya ictimaiyyətinin Ermənistana ardıcıl çağırışlarını, sanksiyalarını gözlədiyimiz bir vaxtda, tam əksi baş verir. Laçın yolunun guya bağlı olması barədə yalan məlumatlar, böhtanlar əsasında bir-birinin ardınca bəyanat verənlər, Azərbaycan dövlətini əsassız olaraq qınayanlar niyə bir dəfə də olsun Naxçıvanın on illərdir blokadada qalması barədə məsələ qaldırmayıblar? Bu qərəzli, riyakar, yanaşma bizi hiddətləndirir. Əgər beynəlxalq aləm bölgədə həqiqi blokada görmək istəyirsə, Naxçıvan Muxtar Respublikasına baxa bilər.
Müraciət bu sözlərlə bitir: “30 ildən artıq blokada şəraitində yaşayan Naxçıvan əhalisi, nəhayət, Zəngəzur dəhlizi vasitəsilə Azərbaycanın digər bölgələri ilə quru əlaqəsinin yaradılmasını, regionda kommunikasiyaların açılmasını tələb edir. Zəngəzur dəhlizi açılmalı, blokada aradan qaldırılmalıdır. Biz tələb edirik ki, dünya birliyi Ermənistanı Zəngəzur dəhlizi layihəsini icra etməyə məcbur etsin”.
“Xalq qəzeti”