BMT TŞ-də gözlənilən müzakirələr kimin nə dərəcədəobyektiv və səmimi olduğunu üzə çıxaracaq
Avqustun 11-də Ermənistanın BMT yanında daimi nümayəndəsi Mqer Marqaryan “Dağlıq Qarabağın” dinc əhalisinin tam blokadaya (?) alınması nəticəsində humanitar vəziyyətin pisləşməsi ilə bağlı BMT Təhlükəsizlik Şurasının növbədənkənar iclasının çağırılması barədə təklif irəli sürüb.
İrəvanın məhz indiki məqamda, BMT TŞ-ya ABŞ-ın sədrliyi dönəmində belə bir çağırış etməsi təsadüfi sayıla bilməz. Ümumiyyətlə, sülh prosesinin hazırki “susqun və kövrək” mərhələsində, Ermənistanın Bakıya qarşı “humanitar böhran”, “Laçın yolunun blokadası”, “etnik təmizləmə” böhtan-iddialarını dünyaya car çəkdiyi vaxtda bu “strateji addım”ı atması olduqca maraqlı sualları ortaya qoyur. Əlbəttə, Hayastan rəhbərliyinin bu addımı özbaşına deyil, kənar dəstəkçilərinin, “hərəkətverici qüvvələrin” təhriki ilə atdığı şübhə doğurmur. Qarabağ münaqişəsinin dinc yolla həllində vasitəçiyə çevrilmiş qüvvələrin timsalında son vaxtlar biz İrəvan–Bakı gərginliyindən daha çox Rusiya–Qərb qarşlıdurmasına şahidlik edirik. Doğrudur, hələlik bunu tərəflərdən heç biri açıq etiraf etmir.
Bu mənada “Laçın dəhlizi problemini” BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarmaqla İrəvan Bakıya da “özünəməxsus xidmət” göstərmiş olur. Çünki həmin müzakirələrə qatılacaq TŞ-nın həm daimi, həm də qeyri-daimi üzvlərindən kimin arxasında əlində nə gizlətdiyi məlum olacaq.
“Daş ölkə” kimin kölgəsinə sığınıb?
30 il ərzində BMT-nin Azərbaycana dair 4 qətnaməsi kağız üzərində qaldı. İndi Laçın yolu məsələsini BMT Təhlükəsizlik Şurasının gündəliyinə salmaqla Bakını təhdid etməyi hədəfləyən İrəvanın “canfəşanlığı” sülh prosesinə yalnız mənfi təsir göstərəcək. Həmin BMT TŞ-də Ermənistan–Azərbaycan münaqişəsi ilə bağlı fərqli möqeyə malik və bu prosesdə iştirak edən böyük güclər var. Onlar proseslərdə moderator olmaq əvəzinə, haqsız tərəfin mövqeyini müdafiə edəcəklərsə, bu, ilk növbədə, BMT-nin mexanizmlərinə ciddi hörmətsizlik olacaq. Həm də, bu, Azərbaycanın da həmin dövlətlərlə bağlı qərar verməsinə imkan yaradacaq.
Aydın məsələdir ki, haylar himayədarları ilə məsləhətləşmədən heç bir iş görmürlər. Bəs, indi “ən qədim sivilizasiyanın daş ölkəsini” Fransadan başqa kim dümsükləyir? Bunu bilmək üçün son günlər dünyanın bəzi informasiya agentliklərində, qəzetlərində işıq üzü görmüş anti-Azərbaycan xarakterli “seriallara” diqqət yetirmək kifayətdir. Elə götürək ABŞ Dövlət Departamentinin qeyri-rəsmi tribunası rolunu oynayan “Тhe Washington Post” qəzetindəki məqaləni. Görünür, Vaşinqtonda Ermənistan–Azərbaycan münaqişəsinin beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində məntiqi sonluqla birməsinə yol verməmək qərarına gəliblər. Bunun bir çeçə səbəbini göstərmək olar. Türkiyə-Azərbaycan alyansının güclənməsinə yol verməmək, bölgədə idarəçiyini uzatmaq üçün münaqişəni yenidən alovlandırmaq səyləri və s. Bu aspektdə beynəlxalq erməni lobbisinin genişmiqyaslı fəaliyyətini də nəzərdən qaşırmaq olmaz.
Tutaq ki, BMT TŞ Azərbaycanın əleyhinə bir sənəd qəbul etdi. Həmin TŞ-nin qətnamələrinin icrasının məcburi xarakter daşımadığını hamıdan yaxşı biz bilirik. Bəs indi istədikləri sənədi əldə edəcək Ermənistan Laçın yolu ilə bağlı sənədin birtərəfli qaydada icrasını yerinə yetirməyə qadirdirmi? Bəli, bu, artıq ritorik sualdır.
BMT TŞ-də qüvvələr nisbəti
Beynəlxalq təşkilatın Təhlükəsizlik Şurasındakı 10 qeyri-daimi üzvündən azı ikisi ilə Azərbaycan yaxından siyasi və iqtisadi əməkdaşlıq edir. Bunlar Albaniya və BƏƏ-dir. Qeyri-daimilərdən daha dördü – Qabon, Qana, Mozambik və Ekvador isə Qoşulmayanlar Hərəkatında ölkəmizlə tərəfdaşdırlar. BMT TŞ-nın 5 daimi üzvünə gəldikdə isə, Ermənistan onlardan yalnız birinin – “himayədarı” Fransanın dəstəyinə ümid bəsləyə bilər. Rusiyanın bu dəfə İrəvanın yanında duracağı da inandırıcı görünmür. Bunun başlıca səbəbi kimi Moskvanın Qarabağ məsələsini “beynəlmilələşdirməyin” qəti əleyhinə olması versiyasını irəli sürmək mümkündür. Axı Cənubi Qafqazda zəifləməkdə olan mövqeyini yenidən gücləndirməyə qərarlı görünən Kreml nizamlama prosesinə kənar aktorların müdaxiləsinə qısqanc yanaşır və hesab edir ki, Bakı və İrəvan arasında aparıcı moderator rolunu məhz özü oynamalıdır.
Bu məqamda oxuculara İrəvan və Parisin 2022-ci ilin dekabrında Qarabağ ermənilərinin “hüquqlarını pozmaqda” və “Laçın dəhlizindəki blokadaya” görə Bakını ittiham edən sənədi BMT TŞ-dan keçirməyə çalışdıqlarını xatırlatmaq yerinə düşər. Birbaşa fransız “ekspertlərin” hazırladığı qətnamə layihəsi elə ilk müzakirə günü bloklandı və bu prosesdə ən fəal iştirakçı məhz Rusiya oldu. Bundan başqa, Böyük Britaniya, BƏƏ və Albaniya bəyanatın mətninə köklü dəyişikliklər təklif edəndən sonra Fransa sənədi geri götürməyə və müzakirəni dayandırmağa məcbur oldu. Bu konteksdən yanaşanda İrəvanın yeni “oyunu” Cənubi Qafqazda Rusiyanın rolunu zəiflətməyə və nizamlama prosesinə Qərb ölkələrini daha yaxından cəlb etməyə hesablanıb. Məqsəd isə Moskvanın özünün “sülhyaratma missiyasını” yerinə yetirməyə qadir olmadığını təsdiqləmək və Laçın yolunun açılmasına nail olmaqdır.
İntəhası, mövcud beynəlxalq vəziyyət, bölgədə böyük güclərin maraqlarının cəmləşməsi və Ermənistanın məğlub tərəf kimi tanınması faktı BMT TŞ-da Azərbaycanı ittiham edəcək hansısa sənədin qəbulunu istisna edir. TŞ-nın beş daimi üzvündən gələk Çinin üzərinə. Son vaxtlar Azərbaycanla böyük layihələr üzrə möhkəmlənən əlaqələri fonunda Pekinin Ermənistanın sənədinin altına öz imzasını qoyacağı ağlabatan görünmür. Qaldı ABŞ. Bəli, qarşıdakı müzakirələrdə çox şey məhz Birləşmiş Ştatların mövqeyindən asılı olacaq.
Düzdür, Vaşinqtonun yaxın müttəfiqləri bu müstəvidə çətin ki, ona qarşı getsinlər. Amma bu zaman ortaya mütləq həqiqət amili çıxacaq. Yəni, ABŞ-ın Cənubi Qafqazda sülhə nailolma təşəbbüslərində nə dərəcədə səmimi olduğunu anlamaqdan ötrü səsvermə etalon rolunu oynayacaq. Əgər orada Birləşmiş Ştatların köməyilə anti-Azərbaycan sənədi qəbul olunarsa, bu halda Bakı sülh danışıqlarının Amerika trekinin üzərinə yağlı bir nöqtə qoya bilər. Eyni münasibətin Vaşinqtonla “qədim xalqa sevgi” mövqeyində həmrəy ola biləcək Rusiyaya qarşı da göstəriləcəyi istisna edilmir.
İrəvanın “humanitar böhran” imitasiyası
“Bu gün, Azərbaycan və Ermənistan arasında davamlı sülhün bərqərar edilməsi istiqamətində göstərilən səylər Ermənistanın məqsədyönlü gərginlik və revanşizm siyasətinin qurbanına çevrilib və ciddi çağırışlarla üzləşir. 2022-ci ilin dekabrında ilk uğursuzluğuna baxmayaraq, Ermənistan yenidən BMT Təhlükəsizlik Şurasını siyasi, hərbi və informasiya yönümlü manipulyasiya kampaniyası üçün alətə çevirməyə cəhd göstərir”.
Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin İrəvanın məlum müraciətinə etiraz bəyanatında deyilir. Bəyanatda daha sonra qeyd edilir ki, Ermənistanın bölgədə “humanitar vəziyyətin pisləşməsi” və “davam edən blokada” kimi əsassız iddialarla BMT Təhlükəsizlik Şurasına müraciəti növbəti dəfə beynəlxalq tərəfdaşlar vasitəsilə balanslı, beynəlxalq hüquqa əsaslanan və məqbul həll yolu tapmağa yönəlmiş səylərə qəsdən və məqsədyönlü şəkildə mane olmaq məqsədi daşıyır.
Aşkar görünən fakt ondan ibarətdir ki, İrəvan “humanitar böhran” imitasiyalı siyasi avantüralara getməklə nizamlama prosesinə mane olmağa, sülh sazişinin imzalanmasını uzatmağa çalışır.
Azərbaycanın Rusiya Federasiyası, ABŞ, Avropa İttifaqı və BQXK ilə vəziyyətdən çıxış yolları axtarmaq üçün apardığı intensiv qarşılıqlı fəaliyyətinə baxmayaraq, Ermənistanın bu diplomatik səylərə qəsdən mane olması heç bir şübhə doğurmamalıdır. Ermənistanın BMT Təhlükəsizlik Şurasına müraciətinin bu kampaniyanın bir hissəsi olduğu vurğulanan XİN-in bəyanatında bunun nizamlama prosesində iştirak edən tərəflərin, o cümlədən Təhlükəsizlik Şurasının üzvlərinin səylərinə ciddi zərbə vurduğu bildirilir.
Həqiqət anı uzaqda deyil
Azərbaycan ədalətli beynəlxalq birlik hesab etdiyi BMT-yə hüquqi prizmadan yanaşmaqla yanaşı, ehtiyac yaranarsa, özünün suveren hüquqlarının pozulmaması istiqamətində zəruri addımları atacağını də gizlətmir. Yəni, taleyüklü məsələ ilə bağlı qərarı Bakı özü qəbul edəcək. Əgər antiterror əməliyyatının keçirilməsi zərurəti ortaya çıxarsa, bunu da reallaşdıracaq. Və bu zaman Azərbaycan TŞ-dakı müzakirələrdə tutduqları mövqedən asılı olaraq Rusiyanın, Fransanın, Avropa İttifaqının, ABŞ-ın sülh danışıqlarında vasitəçiyindən imtina edə bilər.
İrəvanın son siyasi-ideloji təxribatlarından belə nəticə hasil olur ki, Bakının güman etdiyi kimi, ilin sonunadək sülh müqaviləsinin imzalanması reallaşmaya bilər. 450 milyon dollarlıq silah-sursatı Hindistandan İrana, oradan isə Zəngəzur dəhlizinə daşıyan Ermənistan yeni “arqumentlərlə” çıxış etməyə başlayıb. “Humanitar böhranı”, “etnik təmizləmə təhlükəsini” iki-üç dövlətin gündəliyindən çıxarıb “qloballaşdırmağa” cəhdlər edən Erministan iqtidarı Azərbaycana qarşı bir növ hibrid müharibəsinə star verib. Baş verən son proseslər həm də onu deməyə əsas verir ki, İrəvan iqtidarında revanşist qüvvələr hələ də məkrli niyyətlərindən əl çəkməyiblər.
Deyəsən, daşların toplanması məqamı yetişir. Biz tarixin tale daşlarını nə vaxt və hara qədər səpələdiyini bilməsək də, onları bir yerə cəm etmək anı yetişəndə prosesin iştirakçısına çevrilirik. Elə iştirakçıların əsl simalarının və daşların ədalətli düzülüşünü qəbul edib-etməyənlərin kimliyi də məhz həmin “həqiqət anı”nda üzə çıxır.
Fərhad MƏMMƏDOV,
politoloq
Hazırda İrəvanın strategiyası bu məsələnin BMT Təhlükəsizlik Şurasında müzakirəsinə nail olmaqdır. Müzakirə nəticəsində isə ortaya üç xarakterli sənəd çıxa bilər. Onlardan ən ciddisi qətnamədir. İkinci və az əhəmiyyətli sənəd TŞ-nın indiki sədrinin bəyanatıdır. Üçüncü isə sadəcə press-relizdir. Fransanın sədrlik etdiyi keçən ilin dekabr debatında yalnız press-reliz olmuşdu. Bu dəfə isə ötən ildəkindən fərqli olaraq, daha ciddi uğura imza atmaq istəyirlər.
Azərbaycanın möqeyi beynəlxalq hüquqa, ərazi bütövlüyü prinsipinə əsaslanır. İrəvanın irəli sürdüyü müddəalar, şübhəsiz, Bakı tərəfindən darmadağın ediləcək. Amma onu da nəzərə almalıyıq ki, bu gün Ermənistanın mövqeyini son iyirmi beş il ərzində faktiki olaraq dəstəkləyən ölkələr var. Bu müddətdə Qərbin və Rusiyanın ermənilərə dəstək verdiyini görmüşük. Hələ 2011-2012-ci illərdə ABŞ, Fransa və Rusiya bütün müstəvilərdə eyni mövqedə idilər. Maraqlıdır ki, rəsmi İrəvanın BMT TŞ-ya müraciətində nə Rusiyanın, nə də rus sülhməramlılarının adı çəkilir. Çünki onlar iki istiqamətdə işləyirlər. Birincisi, Laçın yolunun eksklüzivliyi, ikincisi, Qarabağda humanitar vəziyyətlə bağlıdır. Axı Laçın yolu ilə bağlı məsələdə Rusiya sülhməramlılarının adı mütləq qeyd olunmalıydı. Amma buna Qərb imkan verməyib. İrəvan yəqin vurğunu daha çox məsələnin humanitar aspektinə yönəldəcək.
Bakının mövqeyi ondan ibarətdir ki, əgər kimsə Qarabağda yaşayan ermənilərin humanitar durumundan narahatdırsa, öz yardımını Azərbaycanın Ağdam şəhərindən keçməklə çatdıra bilər. Təkrar edirəm, burada Laçın yolunun hansısa eksklüzivliyindən söhbət gedə bilməz. Müraciətdə elektrik enerjisi və qaz təminatı da qeyd edilir. Vəziyyətin anomallığı odur ki, həmin əraziyə elektrik və qaz sırf Ermənistandan verilir. Eləcə də digər məsələlərlə bağlı Bakının deməyə sözü və arqumenti var. İntəhası, nəzərə almalıyıq ki, İrəvanın bu təşəbbüsünün arxasında, ABŞ başda olmaqla, Qərb dayanıb. Onlar BMT TŞ-da hansısa sənədin ortaya çıxması və Azərbaycana təzyiq etmək üçün çalışacaqlar. Proseslərin hansı məcrada davam etməsindən asılı olmayaraq, Azərbaycan öz mövqeyindən geri çəkilməyəcək.
Rasim MUSABƏYOV,
Milli Məclisin deputatı, politoloq
Ermənistan BMT Təhlükəsizlik Şurasında istədiyinə nail olmaqdan ötrü azı doqquz səs toplamalıdır. Azərbaycan bunun qarşısını almaq üçün imkanlara malikdir. Yada salaq ki, Fransanın bununla bağlı iki cəhdi alınmadı. Bakı onun səylərini neytrallaşdırmağı bacardı. İndi TŞ-ya ABŞ sədrlik edir və bir qədər ikibaşlı oyun oynayır. Amma ortalıqdakı mövcud reallıq ondan ibarətdir ki, BMT Təhlükəsizlik Şurası, adətən, elə qətnamələr qəbul edir ki, münaqişə ocaqlarında sülhə ciddi təhlükə yaranmasın. Birincisi, İrəvan belə bir qətnaməni qəbul etdirməklə Azərbaycan ərazisindəki qoşununun tör-töküntüsünü və yerli qanunsuz silahlı birləşmələri neytrallaşdırmaq planını qabaqlamaq məqsədini daşıyır. Onlar buna nail ola bilməyəcəklər. Azərbaycan suveren ərazisində qanunsuz heç bir silahlı birləşmənin qalmasına imkan verməyəcək. İndi onlar BMT-də bir deyil, lap yüz qətnamə qəbul etdirsinlər, faydası olmayacaq. İkincisi məsələ ondan ibarətdir ki, İrəvan hər vasitə ilə Qarabağ iqtisadi rayonumuzdakı ermənilərə Bakının nəzarətindən kənar gediş-gəlişi təmin etməyə çalışır. Azərbaycan buna da heç vaxt yol verməyəcək.
Ermənistan 30 il ərzində BMT-nin dörd qətnaməsini vecinə də almadı. Torpaqlarımızı da işğal altında saxlayırdı. Bundan savayı, Baş Assambleyada qəbul olunan iki qətnamədə Ermənistan ordusunun işğal etdikləri ərazilərimizdən çıxarılması tələb edilirdi. Nəticəsi oldumu? Olmadı! Belə olan təqdirdə bizim əleyhimizə qəbul ediləcəyi ehtimal olunan hansısa qətnaməni həmin aqibət gözləyir. Düşünürəm ki, belə bir qətnamənin qəbul olunma ehtimalı yüksək deyil. Hətta, qəbul edilsə belə, orada ümumi təklif və çağırışlar öz əksini tapacaq. Yəni, gücdən istifadə olunmasın, dialoqu davam etdirin, humanitar məqsədlər üçün yolları açın. Belə bir qətnaməyə səs verən ölkələrin sonradan vasitəçilik missiyası da sual doğuracaq. Azərbaycan təbii olaraq onlara əvvəlcədən xəbərdarlıq edəcək. Yəni, bizə qarşı hansısa bir sənədə imzasını qoyan tərəf sülh prosesində vasitəçilk xidmətini də unutsun. Bizə elə gəlir ki, bu rıçaqlar Azərbaycanın öz maraqlarını qorumasından ötrü yetərlidir.
İmran BƏDİRXANLI, “Xalq qəzeti”