Beynəlxalq ekspert Rodni Dikson “Okampo hesabatı”nı alt-üst edib

post-img

“Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) keçmiş prokuroru Luis Moreno Okamponun 7 avqust 2023-cü il tarixli ekspert rəyində irəli sürülən iddialar əsassız və tamamilə etibarsızdır”. Bunu beynəlxalq hüquq sahəsində aparıcı hüquqşünas və ekspert, “Temple Garden Chambers" hüquq firmasının müşaviri Rodni Dikson eyni adlı saytda açıqlamasında bildirib.

Azərbaycanın M.Okamponun gəldiyi nəticəyə hüquqi qiymət verilməsi xahişi ilə R.Diksona müraciətinə cavab olaraq ekspert bildirib ki, Okamponun hesaba­tı, xüsusilə hazırkı mürəkkəb və həssas şəraitdə qərəzsiz və ciddi ekspert təhlili üçün tələb olunan dəqiq göstəricilərə ca­vab vermir: “Hazırda Qarabağda soyqırı­mı törədildiyini iddia etmək üçün heç bir əsas yoxdur. Bu, əsassız və çox təhlükə­li bir iddiadır və heç bir iştirakçı tərəf və ümumilikdə, beynəlxalq ictimaiyyət tərə­findən ciddi qəbul edilməməlidir”.

R.Diksonun rəyində vurğulanır ki, Okamponun rəyi “Artsax prezidenti” kimi istinad etdiyi şəxsin müraciəti əsasında hazırlanıb: “O, Qarabağdakı etnik erməni separatçı qurumun qondar­ma rəhbəridir. Həmin qurumun 1990-cı il­lərdə Ermənistanın dəstəyi ilə hərbi güclə qanunsuz yaradılması yüz minlərlə azər­baycanlının qovulması nəticəsində baş verib. Onilliklər ərzində qurum beynəlxalq ictimaiyyət tərəfindən təcrid olunsa da, Ermənistan hökumətinin dəstəyi sayə­sində mövcudluğunu qoruyub. Okampo kimi beynəlxalq hüquq müdafiəçisinin bu zəifləmiş administrasiyanın Ermənistan siyasətində itirilmiş mövqelərini bərpa et­mək üçün göstərdiyi səylərə töhfə vermə­si məyusedicidir”. 

Dikson qeyd edib ki, bütün bunlar, müstəqil və ədalətli ekspertin metodo­logiyası deyil: “Bunun daha çox hüquqi məsələlərin siyasiləşdirilməsinə, onlar­dan siyasi məqsədlər üçün istifadə olun­masına xidmət etməsi təəssüf doğurur. M.Okamponun rəyi təəccüblü dərəcədə əsassızdır. Orada “soyqırımının” əsas elementlərini dəstəkləyən heç bir sübut yoxdur”. 

Ekspert açıqlamasının davamında bildirib ki, Okamponun fikrincə, guya, Azərbaycanın Qarabağla Ermənistanı birləşdirən dağ yolu olan “Laçın dəhlizi­ni” “bağlaması” və bununla da Qaraba­ğın etnik erməni sakinlərini həyati ehti­yaclarından məhrum etməsi səbəbindən “soyqırımı” mövcuddur. Məhkəmənin istər Moreno Okampo rəyinin istinad etdi­yi etirazlar (hansı ki, Ermənistanın məh­kəməyə izah etdiyi kimi artıq baş vermir), istərsə də müzakirə etdiyi sərhəd–buraxı­lış məntəqəsi ilə bağlı konkret qərarlar açıqlamadığı məlumdur. M.Okampo rəyi məhkəmənin icraatlarını tamamilə yanlış təqdim edir”.

Ekspert deyib ki, Azərbaycan Roma Statutuna tərəf deyil və rəy dolayısı ilə qəbul etdiyi kimi, Qarabağ da daxil olmaqla, öz ərazisinə münasibətdə Beynəlxalq Cinayət Məhkəməsinin yu­risdiksiyasını qəbul etməyib: "Üstəlik, rəy istinad etdiyi “faktlar”da açıq şəkildə selektiv yanaşma tətbiq edir. O, misal üçün, Azərbaycanın Qarabağın etnik er­məni sakinlərini təmin etmək üçün alter­nativ marşrut (“Ağdam-Xankəndi marş­rutu”) təklifinə toxunmur, baxmayaraq ki, bu, rəyin iddia etdiyi kimi, açıq şəkildə həmin sakinlərin “fiziki məhvinə səbəb olan həyat şəraitinin” Azərbaycan tərə­findən “qəsdən tətbiq edilib-edilməməsi” məsələsinə aiddir”.

R.Dikson əlavə edib ki, rəyin nəti­cələrini açıq şəkildə sual altına alan müvafiq faktiki hallar rahat şəkildə ört-basdır edilir və qeyd olunmur. Belə­liklə, rəy balanslaşdırılmış və hərtərəfli ekspert hesabatı olmaqdan çox uzaq­dır: “Okamponun rəyi öz təhlilində na­tamam və qeyri-dəqiqdir. Buna görə də onun yaxından və diqqətlə yoxlanılması vacibdir. Onun sərtliyinin Azərbaycan və Ermənistanın sülh axtarışında olan hö­kumətləri arasında əsassız ziddiyyət ya­ratmasına imkan vermək olmaz”. 

Xatırladaq ki, Rodni Dikson aparıcı hüquqşünas və beynəlxalq hüquq üzrə ekspertdir. O, keçmiş Yuqoslaviya və Ruanda üzrə Beynəlxalq Cinayət Tribu­nallarından başlayaraq bütün beynəlxalq cinayət məhkəmələri və tribunallarında həm ittiham, həm də müdafiə tərəfini təm­sil edib. 

“Xalq qəzeti”

Son xəbərlər