Çirkli suyun hidrogen yanacağına çevrilməsindən tutmuş külək turbinlərinin qanadları və elektromobil batareyalarının yenidən emalına qədər son yeniliklər göstərir ki, dayanıqlı inkişaf artıq nəzəriyyədən çıxaraq real sənaye həllinə çevrilir.
Bu gün laboratoriyalarda və istehsalat müəssisələrində mühəndislər əvvəllər tullantı sayılan materiallara yeni gözlə baxırlar. Çirkab sular, havadakı rütubət, plastik tullantılar və köhnəlmiş infrastruktur artıq problem deyil, qiymətli resurs kimi qiymətləndirilir. Bu yanaşma həm emissiyaları azaldır, həm də mövcud materiallardan maksimum fayda götürməyə imkan verir.
Avstraliyanın Melburn Kral Texnologiya Universitetinin alimləri çirkab sulardakı çirkləndiriciləri “yaşıl” hidrogen istehsalı üçün katalizatora çevirən eksperimental qurğu hazırlayıblar. Bu texnologiya təmiz içməli su istifadə etmədən dayanıqlı yanacaq istehsalına yol aça bilər. Sistem çirkab sulardan platin, xrom və nikel kimi metalları ayıraraq suyun parçalanması prosesində istifadə edir. Kənd təsərrüfatı tullantılarından alınmış karbon elektrodları bu metalları udur və sabit katalizator formalaşdırır. Sınaqlarda qurğu 18 gün fasiləsiz işləyib və effektivlikdə cüzi azalma müşahidə olunub.
Massaçusets Texnologiya İnstitutunun tədqiqatçıları isə təkrar emal olunmuş alüminiumdan və dəniz suyundan hidrogen əldə etməyin yeni üsulunu təqdim ediblər. Məsələn, içki qutularından istifadə etməklə alınan bu texnologiya hər kiloqram hidrogen üçün cəmi 1,45 kiloqram CO₂ emissiyası yaradır ki, bu da ənənəvi fosil yanacaq üsullarından təxminən 90 faiz azdır. Tədqiqatçılar su butulkası ölçüsündə reaktorda sistemi sınaqdan keçirərək elektrik velosipedini bir neçə saat işlədə biliblər.
Aviasiya sahəsində də yaşıl dönüş sürətlənir. ABŞ-ın Corciya ştatında yerləşən LanzaJet zavodu ilin sonuna qədər ekoloji təmiz aviasiya yanacağının kommersiya istehsalına başlamağı planlaşdırır. Bu müəssisə dünyada etanoldan “yaşıl” reaktiv yanacaq istehsal edən ilk ixtisaslaşmış zavod hesab olunur. Şirkətin məlumatına görə, yeni yanacaq kondensasiya izlərini və bərk hissəcik emissiyalarını 95 faizə qədər azalda bilər. Bu isə hər il milyardlarla gallon yanacaq sərf edən aviasiya sektoru üçün ciddi dönüş nöqtəsi sayıla bilər.
ABŞ-ın Şimal-Qərb Universitetinin alimləri PET plastikin emalı üçün daha sadə üsul tapıblar. Dünyada plastik istehlakının təxminən 12 faizini təşkil edən bu material molibden katalizatoru və havadakı rütubət vasitəsilə cəmi dörd saata parçalanaraq yüksək təmizlikdə tereftal turşusuna çevrilir. Proses güclü kimyəvi həlledicilər tələb etmir və rəngli, qarışıq plastiklər üçün də uyğundur. Bu maddə sonradan yenidən yeni plastik istehsalında istifadə oluna bilər.
Çində istifadə müddəti başa çatan külək turbin qanadları üçün praktik həll tapılıb. Çin Elmlər Akademiyasının tədqiqatçıları müəyyən ediblər ki, emal olunmuş qanadlardan hazırlanan maneələr ağac-kompozit panellərdən 14 dəfə daha möhkəmdir və ultrabənövşəyi şüalara, yüksək temperatura, eləcə də qumun davamlı təsirinə tab gətirir. Qanadlar xüsusi məsaməli konstruksiyalara çevrilərək qumu saxlayır, küləyi isə nəzarətli şəkildə buraxır. Bu yanaşma səhralaşmaya qarşı mübarizədə istifadə oluna bilər.
Çinin Ming Yang Smart Energy şirkəti isə 2026-cı ilin yanvarında uzunluğu 110 metr olan və tam təkrar emal edilə bilən ilk karbon lifli turbin qanadını təqdim edib. Texnologiyanın əsasında normal temperatur və təzyiqdə aparılan kimyəvi parçalanma prosesi dayanır. Xüsusi məhlul konstruksiyanı birləşdirən yapışqanı həll edir və qiymətli karbon liflərini geri qaytarmağa imkan verir. Bu liflər sonradan yeni turbinlərdə və avtomobil hissələrində istifadə oluna bilər.
Cənubi Koreyanın UNIST institutu isə elektromobil batareyalarının emalı üçün yeni elektrokimyəvi üsul hazırlayıb. Metod güclü turşular tələb etmədən köhnə batareyalardan nikel, kobalt və digər qiymətli metalları ayırmağa imkan verir. Sınaqlarda nikelin təmizliyi 99,1 faiz, kobaltın isə 98,8 faiz olub. Üstəlik, istifadə olunan məhlul yenidən dövriyyəyə qaytarılır və təhlükəli tullantıların yaranması minimuma enir.
Bütün bu yeniliklər göstərir ki, gələcəyin iqtisadiyyatı tullantıları zibil deyil, strateji resurs kimi görəcək. Təmiz enerji, təkrar emal və ağıllı texnologiyalar sayəsində insanlıq həm iqtisadi qazanc əldə edə, həm də planetin yükünü azalda bilər.
Hazırladı:
S.ELAY
XQ

