Həyat bitməyən bir eşq, sönməyən bir atəş kimidir. Yaşadıqca yaşamaq, çin olan arzularının sevincindən həzz almaq istəyirsən. Amma qəfil gələn bir bəd xəbər, sanki, bütün yaşadıqlarını ömür dəftərindən silmək qəsdi ilə qapını döyür. Bizim ailə üçün də belə oldu...
Həyat yoldaşım Yeganə xanım çoxdan zob xəstəliyindən şikayət edirdi. İlk dəfə 1997-ci ildə əməliyat olunsa da, cərrah qalxanabənzər vəzin bir hissəsini saxlamışdı ki, dərman içməkdən xilas olsun. 26 il sonra zob öz fəsadını yenə göstərdi. Amma 26 ildə Azərbaycanda da tibbin inkişaf etdiyini düşünüb, bu bəlanı özümüzə dərd etmədik. Soraqlaşıb Bakıda zobun müalicəsinin “ən tanınmış” həkimini tapdıq – Sadiq Bəbirov. Elə ilk müayinədən sonra o bildirdi ki, “əməliyyat olunmalıdır və zob tam götürülməlidir”...
Əməliyyatı da, əlbəttə, Sadiq Bəbirov özü etdi. Amma söylədiyi kimi olmadı. Əməliyyatdan iki həftə sonra məlum oldu ki, cərrahi yolla çıxarılan zob biopsiya edilib və xərçəng aşkarlanıb. Əməliyyatı aparan cərrah onkoloqa müraciət etməyi tövsiyə etdi və bildirdi ki, bir seans radioaktiv yod veriləcək, bununla da hər şey yoluna düşəcək. Onkoloq-həkim ilk müayinədən sonra bildirdi ki, boğazdakı düyünlər tam götürülmədiyindən radioaktiv yod vermək mümkün olmayacaq. Bu o demək idi ki, xəstə yenidən əməliyyat olunmalıdır. Əslində, cərrah S.Bəbirov xəstəyə bütün düyünlərin götürüləcəyini deyib, üstəlik, bunun üçün kifayət qədər vəsait də ödətdirmişdi...
İndi bunları araşdırmaq zamanı deyildi. Təcili müayinələrin cavablarını Ankara şəhərindəki “Koru” özəl xəstəxanasına göndərdik. Cavab qısa oldu: “Acil gəlsinlər, dərhal əməliyyat olunmalı və düyünlər çıxarılmalıdır”.
İki gündən sonra biz artıq Ankarada idik. “Koru” xəstəxanasının sürücüsü bizi hava limanında qarşılayıb mənzil başına gətirdi. Xəstəxanaya çatar-çatmaz, kompleksin idarəetmə qrupunun rəhbərlərindən biri, sözün əsl mənasında, mələk kimi bir insan Əminə Akgümüş dərhal göstəriş verdi ki, əşyalarımızı mühafizə otağına qoyub xəstəni əvvəlcədən müəyyənləşdirdikləri həkim-cərrahın qəbuluna aparsınlar.
Müşayiətçi xanım bizi Azərbaycandakı özəl xəstəxanalardan fərqli olaraq, ödəniş etmək üçün kassa qarşısına deyil, nəzakətlə həkim-cərrah İsmayıl Birinin otağına gətirdi. Doktor yüz ilin tanışı kimi bizi salamlayıb xəstənin Bakıdakı müayinələrinin nəticələrini diqqətlə nəzərdən keçirdi. Müəyyən dəqiqləşdirmələrdən sonra, “Əsla darıxmayın, burda qorxulu bir şey yoxdur, Allahın köməyi ilə biz o düyünləri çıxaracağıq, sonra radioaktiv yod verəcəklər, bununla da bitib gedəcək”, – deyib elə ilk dəqiqədən narahatlığımızı aradan qaldırmağa çalışdı. Sonra gənc tibb bacısına xəstənin qan müayinəsini aparmaq üçün müvafiq laboratoriyaya aparmağı tapşırdı.
Qan müayinəsindən sonra bizi xəstə və yaxınları üçün nəzərdə tutulan geniş bir otaqda yerləşdirdilər. Çox keçmədi ki, anestezioloq gəldi. Artıq qanın müayinəsinin nəticələri onun əlində idi. Müəyyən suallar verib bəzi dəqiqləşdirmələr aparandan sonra, yanındakı tibb bacısına xəstəni əməliyyata hazırlamağı tapşırdı. Lazımi prosedurlar diqqətlə yerinə yetirilirdi.
Əməliyyata hazırlıq prosesi o qədər sürətlə, dəqiq, ancaq hay-küysüz aparılırdı ki, sanki, yuxu görürdüm. Axşama yaxın xəstəni birbaşa əməliyyat mərkəzinə apardılar. Mənə isə çox nəzakətlə darıxmamağı və otaqda gözləməyi məsləhət gördülər. Elə düşünürdüm ki, bütün bu işlərin təşkilində əsas rolu olan Əminə xanım artıq bizi unudub. Amma heç demə, belə deyilmiş. Narahat və gərgin keçən iki saatın tamamında telefonum zəng çaldı. Əminə xanım mehriban səslə bildirdi ki, əməliyyat çox uğurlu keçib və xəstə hazırda narkozdan ayılmaqdadır. Yarım saata otağa qaldırılacaq. Söylədiklərinə əmin olum deyə, əməliyyatın gedişinin videogörüntüsünü telefonuma göndərdi.
Bütün bu gərginliyə tablaşmaq ona görə çətin idi ki, həyat yoldaşımın adı özündən vahiməli xəstəliklə necə bacaracağı ilə düşüncəmə taxılan qorxulu fikirlər məni çox sarsıdırdı. Amma nə yaxşı Ankaradakı “Koru” xəstəxanasında, sözün əsl mənasında, mələk kimi xeyirxah İsmayıl Biri kimi həkimlər, Həcər və Mehtab kimi tibb bacıları, Əminə Akgümüş kimi yüksək insani dəyərləri özündə daşıyan rəhbər işçilər var imiş. Yeri gəlmişkən, Əminə xanım maddi imkanımızı nəzərə alıb, əməliyyata görə ödəniləcək vəsaitin 30-40 faiz güzəşt edilməsini “Koru”nun rəhbərliyi ilə razılaşdırmışdı. Bu, bizim gözləmədiyimiz bir hədiyyə idi.
Əməliyyatdan sonra orada qaldığımız 4 gündə cərrah İsmayıl Biri, Əminə xanım bir neçə dəfə otağımıza gəlib xəstənin səhhəti ilə maraqlandılar, qayğılarını əsirgəmədilər. Göstərilən yüksək diqqət və sevgiyə görə rəhbərliyə təşəkkür etmək üçün əməliyyatdan iki gün sonra “Koru” Sağlık Qrupunun Danışma Kurulu başkanı Ahmet Altıbarmakla görüşdüm. Onun iş otağında da eyni diqqət və mehriban münasibət məni təsirləndirdi. Doğma insan kimi xeyli söhbət etdik. Görüşümüzdən xatirə şəkli çəkdirəndən sonra, “İlqar bəy, bu gün otağınıza gəlib xəstəyə mütləq baş çəkəcəyəm” – dedi. “Narahat olmayın”, – deyib özümdə bu sözlərin nəzakət xətrinə söylənildiyini düşündüm. Amma düşüncəmdə yanılmışdım. Görüşümüzdən iki saat sonra otağın qapısı döyüldü. Qapını açanda təəccübümü gizlədə bilmədim. “Koru” Sağlık Qrupunun Danışma Kurulu başkanı Əhmət Altıbarmak şəxsən özü idi. Ayaqüstü xəstə ilə qısa səmimi söhbət edib, darıxmamağı və tezliklə sağalacağını bildirdi. Çöhrəsindən yağan ümid işığından mehriban və isti sözlərlə xəstəyə də, mənə də böyük bir ümid payı verib getdi...
Bunlar unudulmayacaq olaylar olduğundan “Koru” xəstəxanasında qarşılaşdığımız hər şeyə görə adlarını çəkdiyim insanlara ailəmiz adından təşəkkür və minnətdarlığımızı bildirməyi özümə borc bildim. Çünki bu insanların hər birinin münasibətindən, diqqət və qayğısından, adi təsəllisindən belə xəstənin də, inamı üzülməyə doğru gedən özümün də qəlbimə bir ümid işığı düşdü. Yaşamaq həvəsinin yenidən közərməsi üçün bu ümid işığına çox böyük ehtiyacımız vardı. Xüsusilə də özündən daha çox mənim üçün, qızları, oğlu və nəvələri üçün yaşamaq istəyən həyat yoldaşıma indi bu, daha çox lazım idi.
Ümid işığı saçan əziz “Koru” kollektivi, həyat eşqi verən çırağınız heç zaman sönməsin və daim gur yansın!
İlqar RÜSTƏMOV,
“Xalq qəzeti”nin məsul katibi,
Əməkdar jurnalist