Maarifçi və demokratik ənənələrə söykənən milli mətbuatımız nəinki Azərbaycanda, eləcə də Yaxın və Orta Şərqdə, Rusiyada, Gürcüstanda, Dağıstanda, Özbəkistanda və başqa yerlərdə ictimai şüurun, mütərəqqi düşüncənin formalaşdırılmasında təsirli rol oynamış, bu istiqamətdə ideya-məfkurəvi xidmətlər göstərmişdir.
Milli mətbuatın bünövrə daşı olan “Əkinçi” qəzetinin qazandığı ən böyük uğurlar, ilk növbədə, onun dilinin xalq danışığına yaxın olması, elm, maarif və mədəniyyətin, ədəbiyyat və incəsənətin inkişafına təkan verməsi ilə bağlıdır. Bu qəzet təkcə Azərbaycanda deyil, Dağıstanda, Gürcüstanda, Özbəkistanda, Krımda, Həştərxanda və başqa yerlərdə də yayılmış, özündən sonra bir sıra mətbu nəşrlərə cığır açmışdır.
Azərbaycanda milli mətbuatın uğurlu nümunələri qonşu Dağıstanda, o cümlədən qədim Dərbənddə də ilk mətbu nəşrlərinin işıq üzü görməsinə təkan vermişdir. Belə ki, 1920-ci ildə Dağıstanda türk dilində “Dağıstan şurası” qəzeti nəşrə başlamışdır. Bu qəzetin çapında Azərbaycanda və bütün İslam dünyasında ilk milli sosial-demokrat nəşri olan “Hümmət” qəzetinin birbaşa rolu olmuşdur.
İlk dövrlərdə qəzet Dərbənd, Samur, Tabasaran və ətraf bölgələrdə yaşayan azərbaycanlıların həyatını və problemlərini işıqlandırmış, 1922-ci ildən başlayaraq “Dağıstan fuqaraları” (“Dağıstan yoxsulları”) adı ilə nəşr olunmağa başlamışdır. 1931-ci ildən etibarən Cənubi Dağıstanın Dərbənd, Tabasaran və ləzgi bölgələrini əhatə edən qəzet “Kolxoz yolu”, 1932-ci ildən 1960-cı ilə qədər “Lenin bayrağı” adı altında nəşr olunmuşdur.
1950-ci illərin ikinci yarısında sovet diktatoru N.Xruşşov tərəfindən aparılan anti-Azərbaycan mövqeli “islahatlar” nəticəsində Dərbənddə Azərbaycan dilində fəaliyyət göstərən məktəblərin bağlanması və tədrisin rus dilində aparılmasına başlanması yerli dövri mətbuata da mənfi təsir etdi. Nəticədə, milli qəzetimiz rusdilli şəhər qəzeti ilə birləşdirildi. Səlahiyyətli orqanların bu qərarı Dağıstan azərbaycanlıları arasında narazılığa səbəb oldu. Əhalinin narazılığı nəzərə alınaraq, 1963-cü ildə Dərbənddə Azərbaycan dilində qəzet fərqli bir adla – “Kənd mayakları”, daha sonra isə “Leninçi” adı altında nəşrə başladı. Bu dövrdə qəzetin adı 3 dəfə dəyişdirildi və 1990-cı ildə Dağıstan Ali Sovetinin qərarı ilə Azərbaycan dilində “Dərbənd” respublika qəzeti olaraq çap olunmağa başladı. Qəzetin nəşri bugünə qədər davam edir.
Dərbənd xalqımız mövcud olandan Azərbaycanın şimal qapısı sayılmışdır. Bolşeviklər bu vilayəti Dağıstana qatmışlar. Sovet dövründə Azərbaycan və Dağıstan xalqlarının min illərə söykənən qardaşlıq əlaqələri görkəmli dövlət xadimləri Əziz Əliyev və Heydər Əliyevin fəaliyyətləri ilə daha da gücləndirilmiş, müstəqillik illərində Səid Qurbanov kimi soydaşlarımızın fədakarlığı ilə davam etdirilmişdir. Ənənəvi dostluq əlaqələri, görüşləri qəzetin səhifələrində mütəmadi olaraq işıqlandırılmış, redaksiyada jurnalist nəsilləri dəyişsə də, qəzetin məramı, amalı qorunub saxlanılmışdır.
“Dərbənd” qəzeti mükəmməl çap bazası, peşəkar kadrlar olmadan meydana gəlib, gərgin və ziddiyyətli bir dövr olan 20-ci əsrin sonunda müxtəlif keşməkeşli dövrlər yaşayıb. Amma buna baxmayaraq, yeganə anadilli mətbu nəşr olaraq qardaş Dağıstanda yaşayan soydaşlarımızın gündəlik həyatını, bu diyarın inkişaf mərhələlərini yaradıcı zehniyyətlə təbliğ edib, milli, sosial və iqtisadi problemləri təhlilini qabardıb və onların həllində köməkçi olub. Fədakar, yaradıcı qələm sahibləri aşağı təminat və cüzi maaş müqabilində vətən və millət adına hər məhrumiyyətə dözərək doğma “Dərbənd” qəzetini yaşadıblar. “Dərbənd” qəzeti də “Dəmirqapı Dərbənd”in min illər yaşı olan milli-mənəvi varlığını, tarixi nailiyyətlərini, ədəbi-bədii məclislərini, Vətən sevdalı ürəklərin yaradıcılıq nümunələrini, mütəfəkkir alim və şairlərin, çal-çağırlı ozanların zəngin irsini yaşadıb.
Dağ duruşlu, dağ vüqarlı Narınqala əzəmətini, ərənlərin adlarına uyğun Qırxlar qapısını, Daşqapını, Carçıqapını, Bayat qapını, Orta qapını, VIII əsrdə inşa edilən Cümə məscidini, Calğan dağının dəmir iradəsinə söykənən qala duruşunu, ara-sıra itən, oğurlanan, yaralanan və bizlərə boylanıb qıvrıla-qıvrıla, sıyrıla-sıyrıla dil-dil ötən daşları səhifə-səhifə, sətir-sətir ovudub “Dərbənd” qəzeti...
Bir əsrə yaxın müxtəlif adlar altında fəaliyyət göstərən “Dərbənd” qəzeti haqqında cəsarətlə deyə bilərik ki, Vətəndən kənarda yaşayan soydaşlarımızın təkcə mədəni həyatını deyil, eyni zamanda, təhsil, səhiyyə, idman və gündəlik həyat sahəsindəki uğurları təbliğ edərək oxuculara çatdırıb. Xalqımızın bağrından qopan ünlü ictimai xadimlərin və ziyalıların sayı da “Dərbənd”in sayəsində əhəmiyyətli dərəcədə artıb. Eyni zamanda, qəzet Dağıstanın cənubunda ana dilimizin saflığının qorunub saxlanmasında müstəsna rol oynayıb.
Qala şəhərin adını daşıyan qəzetin ardıcıl şəkildə nəşr olunub bugünümüzə qədər gəlib çıxmasında baş redaktorlar – Qilas Qilasovun, Əlixan Əlixanovun, Hacımahmud Əlifxanovun, Nəriman Ağasıyevin, Bulqədər Alxasovun, Təhmiraz İmamovun, eləcə də dərbəndli şair və yazıçılarımızdan Şıxibrahim Manafovun, Əmirbəy Çepivinin, Düriyyə Rəhimovanın, Aşıq Sakitin və dünyasını dəyişmiş başqa ziyalıların, eləcə də hazırda Dərbəndin parlaq ədəbi simaları olan Fəxrəddin Oruc Qəribsəsin, Elman Abbasın, Zeynəb Dərbəndlinin, Tahir Salehin, Safiyat Calğanskayanın, Qurbanın və əlbəttə, qəzetin əməkdaşlarının və redaksiya heyətinin böyük xidmətləri olub və bu iş indi də davam etdirilir.
Ötən illər ərzində qardaş Dağıstanın bir çox ağsaqqal sakini qəzetin daimi oxucu sıralarına qoşulmaqla yanaşı, onun səhifələrinin materiallarının daha zəngin və mənalı olması, milli vətənpərvərlik tərbiyəsinə, xalqların sarsılmaz dostluğuna böyük önəm verilməsi üçün fədakar mövqe sərgiləyiblər.
Təəssüf ki, hazırda 2 min tirajla nəşr olunan “Dərbənd” qəzeti (baş redaktor Tərlan Ələkbərovdur) özünün heç də uğurlu günlərini yaşamır və Samurun o tayındakı soydaşlarımızın həyatını lazımınca işıqlandıra bilmir. Çətinliklər azmış kimi, uzun illər hər cür təzyiq və qadağalara sinə gərən, qanlı-qadalı repressiya mərhələlərini adlayıb bugünümüzə başı uca, alnıaçıq gəlib çıxan və ana dilimizin, mədəniyyətimizin təbliğində böyük xidmətləri olan qəzetin indiki rəhbərliyi yarıtmaz fəaliyyəti ilə dilimizin qorunmasına, milli varlığımızın yaşadılmasına laqeyd yanaşır. Dövlət büdcəsindən maliyyələşən qəzetin səhifələrində yer alan yazıların ideoloji və siyasi xətti bəllidir, amma dərc olunan materiallarda ana dilimizin üslubi, qrammatik və digər məziyyətlərinin qorunmasına, nədənsə, biganə münasibət bəslənməsi Dərbənddə ana dilini, az qala, məhvə sürükləyir. Üstəlik, nə qədər təəccüblü olsa da, “Dərbənd” kiril qrafikası ilə çap edilir ki, bu da onun naşirlərinə heç də üzağlığı gətirmir.
On illərlə ana dilimizə, Dağıstanda yaşayan soydaşlarımıza şərəfli və unudulmaz xidmətlər göstərən bir qəzetin başında peşəkar, dilimizin qrammatikasını bilən və keşiyində durub zədələnməyə qoymayan, ən azı, Azərbaycanda təhsil almış vətənpərvər ziyalılar dayanmalıdır. Bu gün qəzetin latın qrafikalı dərslikləri, qəzet və jurnalları, müasir elmi-bədii ədəbiyyat nümunələrini bizim köməyimizlə Dərbəndə gətirib, anadilli mühiti zənginləşdirməli olan, məlum dairələrin məqsədli şəkildə unutdurmağa çalışdıqları ədəbi və danışıq dilimizi qoruyub-yaşatmağı bacaran rəhbərliyə böyük ehtiyacı var.
Biz butaylı ziyalılar da “Dərbənd” qəzetinin Rusiya Federasiyasında rəsmi olaraq Azərbaycan dilində çap edilən tək mətbu orqan olduğunu, ana dilimizin, ulu və zəngin mədəniyyət tariximizin təbliği yönündə böyük xidmətlər göstərdiyini və Dağıstanda yaşayan soydaşlarımıza mənəvi dayaq olduğunu nəzərə alaraq köməyimizi əsirgəməməli, bu yöndə məqsədyönlü iş aparmalıyıq.
Samurun o tayında kiril əlifbasının boz kölgəsində itib-batan, köməksiz həmkarlarımızın ümidinə qalıb imdad diləyən “Dərbənd” qəzetinin timsalında müqəddəs dilimizi qorumasaq, Məhəmməd Tağı Qumrunun XIX əsrdə səslənmiş bu hayqırtısı bizi rahat buraxmayacaq:
Torpaq dolub o başlara ki,
əyməzdi çərxə baş,
Torpaqlar içrə onlardan
bir nişan hanı?!
Ramiz QUSARÇAYLI,
Azərbaycan Yazıçılar Birliyi Quba Bölməsinin sədri