Avropada bu yay, xüsusən də İspaniya, Yunanıstan və İtaliya kimi ölkələrdə çox isti keçir. İyulun ortalarında ən yüksək temperatur İtaliyanın paytaxtı Romada qeydə alınıb – 42 dərəcə Selsi. Bu, İtaliya üçün fəsadlar törədir, meşə yanğınlarına səbəb olur. Artıq Siciliya adasında onlarla meşə yanğını qeydə alınıb.
Yanğınların söndürülməsi üçün mülki müdafiə qüvvələri səfərbər olsa da, o yeni sahələrə yayılır, insan ölümünə səbəb olur. Bildirilir ki, meşə yanğınları 4 nəfərin ölümünə səbəb olub, təxminən, 2 min insan təxliyə edilib. Yanğınlara müdaxilə edən 1 meşə işçisi və 2 yanğınsöndürən isə yaralanıb.
İqlim dəyişikliyi İtaliyada digər fəlakətlərə də səbəb olub. Lombardiya regionunda güclü külək ağacları avtomobillərin üzərinə və yollara aşırıb, binaların dam örtüklərini uçurub. Küləyin sürəti saatda 100 kilometrə çatıb. İctimai nəqliyyatın və regionlararası qatarların hərəkətində fasilələr yaranıb. Milanda bütün parklar bağlanıb. Breşiada azyaşlı qız aşan ağacların altında qalaraq ölüb.
Müxtəlif bölgələrdə güclü yağışlar nəticəsində torpaq sürüşmələri baş verib. Bəzi şəhərlərdə leysan yağışı ilə birlikdə güclü dolu yağıb. Əlverişsiz hava şəraiti səbəbindən bir çox şəhərdə infrastruktura ciddi ziyan dəyib.
Yunanıstanda da vəziyyət çox ağırdır. Bu ölkənin yanğınsöndürənləri digər ölkələrdən olan həmkarları ilə birlikdə həddindən artıq istilərin səbəb olduğu meşə yanğınları ilə mübarizəni davam etdirirlər. Meteoroloqlar cümə axşamından etibarən ölkəni daha bir anomal isti günlər silsiləsinin gözlədiyini proqnozlaşdırırlar. Yunanıstanın Rodos adasında meşə yanğınları ardıcıl 10-cu gündür ki, davam edir. Artıq minlərlə insan, o cümlədən turistlər adanı tərk edirlər. Yunanıstan hakimiyyəti Rodosdan əhalinin evakuasiyasını ölkə tarixində ən böyük əməliyyat adlandırıb. Korfu və Evbeidən də insanlar təxliyə edilir.
Hazırda Yunanıstanda anomal istilərin səbəb olduğu onlarla yanğın söndürülür. Bəzi ərazilərdə yanğının söndürülməsinə yerli sakinlər cəlb olunur.
Fransada da havalar isti keçir. Ölkənin cənub-şərqindəki Dənizkənarı Alplar departamentində, Nitsa şəhərindən 10 kilometr aralıda yerləşən Kann-sür-Mer kommunasında təbii yanğın baş verib. Kann-sür-Merdən keçən A8 magistralında nəqliyyatın hərəkəti pozulub. Həmçinin Antib-Nitsa marşrutu üzrə hər iki istiqamətdə qatarların hərəkəti də müvəqqəti olaraq dayandırılıb. Yanğının söndürülməsində 80-ə yaxın yanğınsöndürən iştirak edir, səlahiyyətlilər helikopter də cəlb ediblər.
Türkiyədə də oxşar vəziyyət yaranıb. Bu gün havanın temperaturunun Manisa, Aydında 45 dərəcəyə, İstanbulda isə 41 dərəcəyə qalxacağı gözlənilir. Mütəxəssislər çölə çıxacaq vətəndaşlara sağlamlıq baxımından böyük risklərin olduğu barədə xəbərdarlıq ediblər.
Antalyanın Kəmər turizm bölgəsində isə ötən gecədən başlayan böyük meşə yanğını tüğyan edir. Artıq 60 hektara yaxın meşə sahəsi tamamilə yanıb. Yanğının söndürülməsində 11 təyyarə, 22 helikopter işləyir, 500-dən çox yanğınsöndürən iştirak edir. Bununla belə, səlahiyyətlilər turistlərin təhlükədə olmadığını bildirirlər. Türkiyənin daxili işlər nazirinin müavini Münin Karaoğlu jurnalistlərə açıqlamasında bildirib: “Həmişə olduğu kimi bu mövsümdə də yüksək rütubət və güclü istilik var. Ölkənin müxtəlif bölgələrində meşə yanğınları mütəmadi olaraq baş verir. Ərazi çox dağlıqdır və xilasedicilərin işləməsi çətindir. Ümid edirik ki, tezliklə nəzarət altına alınacaq”.
Mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoyun sözlərinə görə, yanğın yaşayış məntəqələrini təhlükə altına salmır.
Beləliklə, son illərdə Avropada artan istilik dalğaları müşahidə olunur. “World Weather Attribution” hesabatına görə, bu, insanın fəaliyyətinin nəticəsidir. London Kral Kollecinin iqlimşunaslıq üzrə professoru Paulo Çeppi deyib: "Biz əvvəllər də istilik dalğalarını müşayiət etmişik. Bunlar təsadüfi idi. İndi bu istilik dalğaları getdikcə daha çox baş verir və daha da güclənir. Biz hesablamışıq ki, keçmişdə istilik dalğaları sənaye inqilabından əvvəl hər 50 ildə bir dəfə baş verirdi. İndi istilik dalğaları 5 dəfə daha tez baş verir. Və əvvəlkindən bir dərəcə Selsi daha isti olduğu ortaya çıxır. İsti dalğalar həmişə olub, amma indi daha da güclənir və tez-tez olur. Bu da insan fəaliyyətinin nəticəsidir”.
Pünhan ƏFƏNDİYEV, “Xalq qəzeti”