Dünyanın ən böyük ərazisinə malik olan Rusiya Federasiyası əhalisi özündən təxminən üç dəfə az olan Ukraynaya qarşı 2022-ci il fevralın 24-dən müharibə aparır və lakin ötən müddət ərzində tərəflərin heç biri bu qanlı savaşda ciddi uğura nail ola bilməyib. Ekspertlər bunu daha çox Ukrayna xalqının öz doğma torpaqlarını nəyin bahasına olursa-olsun müdafiə etmək əzmində olması ilə izah edirlər.
Rusiya Silahlı Qüvvələri müharibənin ilk günlərində Ukraynanın bir çox şəhər və kəndlərini ələ keçirməyə müvəffəq olsalar da, sonrakı həftələr və aylar ərzində onların bir hissəsini geri qaytarmağa məcbur olublar. Bununla bərabər, son böyük gözləntilərə rəğmən, Qərb müttəfiqlərindən çox sayda silah-sursat alan Ukrayna Ordusu rəqibə qarşı genişmiqyaslı uğurlu əks-hücum əməliyyatı həyata keçirə bilmir. Bu dəfə artıq Rusiya hərbçiləri ciddi müdafiə istehkamları yaradaraq qarşı tərəfin çoxsaylı cəhdlərinin qarşısını ala bilirlər.
Bir çox analitiklər Rusiya–Ukrayna cəbhəsindəki hazırkı vəziyyəti mövqe döyüşləri kimi səciyyələndirirlər. Cəbhədə hazırda şahmatçıların dili ilə desək, faktiki olaraq pat vəziyyəti yaranıb. Bunun nə qədər davam edəcəyini ehtimal etmək çətindir. Politoloqlar düşünürlər ki, Ukrayna qış ayları düşənə qədər döyüşlərdə ciddi dönüş yaradıb parlaq qələbə qazana bilməzsə, Qərbin Kiyevə hərbi və maliyyə dəstəyi kəskin azala bilər. Əslində, Moskva məhz Ukraynanın hərbi ehtiyatlarını tükəndirmək niyyətilə müharibəni hər vəchlə uzatmağa çalışır.
Qeyd etmək lazımdır ki, tərəflər arasında mövqe döyüşlərinin getməsi heç də o demək deyil ki, digər ərazilərdə müharibənin dağıdıcı təsiri hiss olunmur. Əksinə, son günlər ərzində rəqiblər pilotsuz uçuş aparatları – PUA-lar vasitəsilə bir-birlərinin hərbi və mülki obyektlərini intensiv olaraq raket zərbələrinə məruz qoyurlar. Bu zaman hər iki tərəfdə infrastruktur dağıdılır və dinc əhali arasında ölən və yaralananların sayı durmadan artır.
Rusiya Federasiyasının rəsmi dövlət agentliyi olan TASS-ın məlumatına görə, dünən səhər saat 10 radələrində Ukraynanın Nikolayev və Odessa şəhərlərinə raket zərbələri endirilib. Xarkov vilayətində hava zərbələri nəticəsində ağır partlayışlar olub. Başqa bir xəbərdə isə deyilir ki, Ukrayna Silahlı Qüvvələri son sutka ərzində Rusiyanın nəzarətində olan yaşayış məntəqələrini 36 dəfə yaylım atəşinə məruz qoyublar.
Dünən Rusiyanın Belqorod və Kursk yaşayış məntəqələrinə dron zərbələri endirildiyi barədə məlumatlar yayılıb. Ukrayna Silahlı Qüvvələri Donetsk vilayətinin Baxmut (şəhərinin şimal və cənubundan), Melitopol və Beryansk istiqamətlərində əks-hücumu davam etdiriblər.
Qərb dövlətləri tərəfindən Ukraynaya hərbi yardımlar davam etdirilir. Bu günlərdə ABŞ Müdafiə Nazirliyi Ukraynaya 400 milyon dollarlıq yeni hərbi yardım paketi təqdim edəcəyini açıqlayıb. Hərbi yardım paketinə hava hücumundan müdafiə, artilleriya və döyüş sursatları, zirehli maşınlar, tank əleyhinə silahlar və digər avadanlıqlar daxildir.
Lakin rəsmi Vaşinqton və avropalı müttəfiqləri Qərbin Kiyevə təhvil verəcəyi “F-16” döyüş təyyarələrini idarə etmək üçün ukraynalı pilotlara təlim keçmək planları ilə bağlı razılığa gələ bilməyiblər.
Aydın İBRAHİMOV,
BDU-nun xarici ölkələrin iqtisadi-siyasi coğrafiyası və
turizm kafedrasının müdiri, professor
– Göründüyü kimi, Rusiya–Ukrayna müharibəsi üzunmüddətli xarakter alır. Tərəflər kompromisə getmək istəmir, yalnız öz şərtləri daxilində sülhdən bəhs edirlər.
Ukrayna özü üçün qırımızı xətt kimi, Krım da daxil olmaqla, hazırda işğal altında olan bütün ərazilərinin geri qaytarılmasını tələb edir. Kiyevin Qərbdəki müttəfiqləri bu məsələdə onu dəstəkləyir. Belə çıxır ki, Ukrayna sülh danışıqlarına yalnız Rusiyanın məğlubiyyətindən sonra başlaya bilər.
Rusiya isə elan edir ki, sülh Ukraynanın “denasifikasiya”sından sonra mümkündür. Bu nə deməkdir, rəsmi Moskva tərəfindən bu, tam açıqlanmır.
ABŞ Dövlət katibi Entoni Blinken bu münaqişədə Rusiyanı artıq məğlub hesab edir. Rusiya Prezidenti Vladimir Putinin fikrincə isə, Ukraynanın itkiləri daha çoxdur və Qərbin dəstəyinin heç bir faydası olmayıb və olmayacaq. Onun sözlərinə görə, Qərbin müdaxiləsi münaqişənin daha da uzanmasına gətirib çıxaracaq.
Reallıq budur ki, Rusiya cəbhənin bütün təmas xətti boyu dərin müdafiə istehkamları qurub və bu minalanmış əraziləri yarıb keçmək olduqca çətin və təhlükəlidir.
Ukrayna əvvəllər tezliklə uğurlu əks-hücum əməliyyatı keçirəcəyini və ərazilərini azad edəcəyini vəd edirdi. Lakin bu, baş vermədi. İndi Ukraynanın bütün ümidləri ABŞ istehsalı olan “F-16”-laradır.
Son vaxtlar Ukrayna Rusiyanın mərkəzi rayonlarına, hətta Moskvaya raket zərbələri endirir. Buna cavab olaraq, Kreml Odessa, Xarkov və Zaporojye şəhərlərini havadan atəşə tutur.
Kritik məsələlərdən biri taxıl sazişidir. Rusiya bu sazişdən çıxıb. Qərb bundan çox hiddətlənib. Rusiya Ukraynanın Qara dənizdəki limanlarını mühasirəyə alıb. Qərb indi Ukrayna taxılını quru yolla daşımaq barədə düşünür.
Hələlik müharibə uzanır, hansısa gizli oyun davam edir və planetin geosiyasi mənzərəsi dəyişir.
Rusiya dünyanın müxtəlif yerlərində, eləcə də Afrikada özünə yeni müttəfiqlər axtarır. Qərb buna mane olmağa çalışır. Münaqişə qlobal xarakter almağa başlayıb. Gələcək barədə proqnoz vermək çətindir, bununla bərabər, ümid etmək istərdik ki, sağlam düşüncə qalib gələcək və dünya gücləri, nəhayət, ümumi bir məxrəcə gələcəklər.
Sonda yekun nəticə çıxarmalı olsaq deyə bilərik ki, geosiyasi planda dünya yeni fazaya daxil olub. Gözümüzün önündə iki hissədən ibarət blok yaranır. Bunlar ənənəvi və yeni bloklardır. Yeni bloka keçmiş sosialist respublikaları və Baltikyanı ölkələr daxil edilir. Bu ölkələr Rusiyanı ideoloji və mədəni anlamda qəbul etmirlər.
Digər tərəfdən, Çin və Rusiya Federasiyası başda olmaqla, Şərq bloku formalaşır. Və bu bloka dünyanın bir çox inkişaf etməkdə olan dövlətləri də qoşulur.
Göründüyü ki, yeni dünya nizamı çox mürəkkəb və proqnozlaşdırılması çətin olan bir şəraitdə formalaşır.
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”