Bu əl işləri Milli İncəsənət Muzeyində sərgilənir
Azərbaycan Milli İncəsənət Muzeyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş “Xalqın hikməti, elin sənəti” adlı sərgi açılıb. Sərdarlılar ailəsinin yaratdığı xalq tətbiqi sənət nümunələrinin təqdim edildiyi mərasimdə ölkənin tanınmış elm və mədəniyyət adamları, deputatlar, sənətsevərlər və media təmsilçiləri iştirak ediblər.
Milli İncəsənət Muzeyinin direktoru Çingiz Fərzəliyev sərginin açılışında bildirib ki qədim el sənətlərini yaşadan bu nadir ailənin əl işləri həm zəriflik, həm müxtəliflik baxımından göz oxşayır. Sandıq və mücrülər isə diqqəti xüsusi cəlb edir. Bu sərginin ən böyük əhəmiyyəti o olacaq ki, nümayiş etdirilən sənət əsərləri xalqımızda el sənətlərinə yeni maraq yaradacaq.
“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov Sərdarlılar ailəsini yaxından tanıdığını, evlərinin hər guşəsində bir sənət nümunəsinin sıralandığını söyləyib. O bildirib ki, həyatları jurnalistika ilə sıx bağlı olmuş İskəndər, Lalə, Toğrul (ata, ana, oğul) üçlüyünün ərsəyə gətirdiyi sənət nümunələri hər kəsi daxilən zənginləşdirir, bu işlərin insan əli ilə hazırlandığına inana bilmirsən.
Milli Məclisin deputatları Musa Quliyev və Hikmət Babaoğlu qeyd ediblər ki, Qərbi Azərbaycana Qayıdış ərəfəsində belə unudulmuş sənət nümunələrinin hazırlanması və sərgilənməsi çox dəyərli və əhəmiyyətlidir. Bineyi-qədimdən o ellərdə də gəlin köçənlərə mücrü və sandıq verilirdi. Evlərdə ən dəyərli əşyalar həmin saxlanclarda qorunurdu. Belə əl işləri məişət mədəniyyətimizin qiymətli nümunələridir. Bu sənət əsərləri milli kimliyimizin də göstəricisidir.
Bildirilib ki, belə sərginin keçirilməsi ilkinliyimizə qayıdışdır, yaddan çıxmış sənət əsərlərinə dəyər vermək və unudulmağa qoymamaq üçün fürsətdir. Sandıq Vətən sevgisinin də göstəricisidir. Sərdarlılar kimi ailələrin bu ilkinliyə bağlı olması mənəvi zənginlik və yurdsevərlik yaradır. Sərginin keçirilməsi həm də ona görə önəmlidir ki, ulu öndərin 100 illiyinə həsr olunub.
Sənətşünas Ziyadxan Əliyev və rəssam Xanlar Əhmədov da Sərdarlıların bu nəcib işinə dəyər veriblər, onların əl işlərinin çox yüksək qiyməti olduğunu söyləyiblər. Media eksperti Azər Həsrət isə İskəndər və Lalə Sərdarlıların bir zamanlar jurnalist kimi fəaliyyət göstərdiklərindən söz açaraq deyib ki, onların yaradıcılığın bu sahəsinə keçmələri el sənətlərinin yaşadılmasına önəmli xidmət oldu. Maraqlı odur ki, onlar qədim xalq sənətini yeni texnologiyalarla birləşdirməyi bacarıblar.
İskəndər Sərdarlı tədbirə toplaşanlara təşəkkür edərək bildirib ki, tətbiqi sənətlə məşğul olmağa başlayanda müvafiq təhsil almamışdıq, rəssamlıqla, təsviri sənətlə bağlı peşəkar bilgilərimiz yox idi. Elə bil, mənəvi dünyamızda bir işıq yanıb, bizi bu gözəllik dünyasını görməyə və göstərməyə çağırdı.
Sərgi iştirakçıları Sərdarlıların 100-dən çox nağılvari əsərinə maraqla tamaşa ediblər.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”