Qanqal demək olar ki, Azərbaycanın bir çox bölgələrində, xüsusilə, yol kənarlarında günəşli sahələrdə yetişir. Mütəxəssislər onun insan orqanizminə bir çox faydaları olduğunu aşkar ediblər.
Hələ qədim zamanlarda yaşlı insanlar cavanlara bərkiməmiş qanqalın gövdəsini soyub yeməyi tövsiyə ediblər. Bu bitkinin bir çox xəstəliklərə faydalı olduğunu deyiblər. Azərbaycanda köhnə kişilər elə çöllərdəcə bu bitkinin baş hissəsini yığıb, gövdəsinin nazik qabığını soyub yeyirlərmiş.
Qanqal qaraciyərin toxumalarını yeniləyir, onu zərərli maddələrdən təmizləyərək piylənməsinin qarşısını alır. Ondan sarılıq keçirən insanlarda yaranan qaraciyər xəstəliklərinin müalicəsində (Karsil adlı preparatın tərkibi qanqaldır) istifadə etmək tövsiyə olunur.
Təcrübədə sübut olunub ki, qanqal yemək temperaturu aşağı salır, bədəndə yaranan sinir ağrılarını azaldır. Yarpaqlarını qaynadıb, suyuna bal qatıb içmək isə malyariya xəstəliyində xeyirlidir. Qanqalın immun sistemi xəstəlikləri üçün də faydaları var.
Bitki damar tutulması səbəbilə yaranan xəstəliklərdə də təsirli vasitədir. Ondan alkoqol asılılığını müalicə etmək üçün istifadə oluna bilər.
Z.HÜSEYNLİ, “Xalq qəzeti”

