MŞ sədri: “Peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olmağa çalışmalıyıq”

post-img

“Biz peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olmağa çalışmalıyıq”.

“Report”un xəbərinə görə, bunu Mətbuat Şurasının (MŞ) sədri Rəşad Məcid Medianın İnkişafı Agentliyinin (MEDİA), Audiovizual Şura və Mətbuat Şurasının təşkilatçılığı ilə Milli Mətbuatın 148 illiyi münasibətilə “Media qlobal transformasiyalar dövründə: ənənələrdə varislik, jurnalistika prinsipləri və ictimai maraqlar” mövzusunda keçirilən konfransda deyib.

Tədbirin rəsmi açılış mərasimində Azərbaycanın Dövlət Himni səsləndirilib və şəhidlərimizin xatirəsi 1 dəqiqəlik sükutla yad edilib.

Daha sonra Mətbuat Şurasının sədri Rəşad Məcid açılış nitqi ilə çıxış edib. O bildirib ki, Ümummilli Lider Heydər Əliyev tərəfindən Azərbaycan mətbuatına hər zaman böyük diqqət və qayğı göstərilib: “Ulu Öndərin mətbuata verdiyi dəyərin hər zaman şahidi olmuşuq. Azərbaycanda 100 ildən artıq davam edən senzura ləğv edilib. Dəfələrlə Ümummilli Liderlə jurnalistlərin görüşləri keçirilib. Bu ənənə Prezident İlham Əliyevin də dövründə davam etdirilib. Prezident İlham Əliyevin mətbuata göstərdiyi diqqət hər birimizin həyatında böyük rol oynayır. Keçən il Mətbuat Gününü Şuşada qeyd etdik. Bu il də Şuşada böyük konfrans keçiriləcək. Bu da dövlətimizin jurnalistikaya verdiyi dəyərin bariz nümunəsidir. Biz çalışmalıyıq ki, peşəmizin nüfuzuna xələl gətirən ünsürlərə qarşı bir olaq”.

MEDİA-nın şöbə müdiri Natiq Məmmədli "Media haqqında" qanunun qəbulundan sonra görülən işlərdən danışıb. O bildirib ki, mediada islahatların başlanılması medianın inkişafının dövlətimiz üçün nə qədər prioritet olduğunu göstərir: “Media haqqında” qanun qüvvəyə mindikdən sonra ipoteka ilə bağlı qanun dəyişdi. Keçən ilin oktyabrından Media Reyestri fəaliyyətə başlayıb. Azərbaycanın bütün ciddi media subyektləri məlumatlarını Media Reyestrinə bəyan ediblər. Bu proses artıq yekunlaşıb. Media sahəsində islahatların əsas məqsədi bu sahənin inkişafına nail olmaqdır. Sözügedən proses davamlı xarakter daşıyacaq. Media sahəsində islahatlar yeni imkanlar və yeni fürsətlər deməkdir. Qeyri-peşəkarlığın qarşısının alınması üçün bir şansımız var. Bu da media əxlaqıdır”.

“Xalq qəzeti”nin baş redaktoru Əflatun Amaşov “Azərbaycanın milli mətbuatı: ənənə və müasir trendlər” mövzusunda keçirilən paneldə Ümummilli Lider Heydər Əliyevin hakimiyyəti dövründə Azərbaycan mətbuatına göstərdiyi diqqət və qayğısından bəhs edib: “Ulu Öndərin hakimiyyətə gəlişindən sonra ölkəmizdə media sahəsində qanunvericilik yaradıldı, senzura ləğv edildi. Heydər Əliyev hər zaman xalqın sevgisinə arxalanırdı. Biz bu gün də Heydər Əliyevdən Vətəni, peşəmizi sevməyi öyrənirik. Bu gün də Prezident İlham Əliyev tərəfindən ölkə mətbuatının inkişafına böyük diqqət göstərilir”.

Toplantı panel müzakirələri ilə davam etdirilib.

“Xalq qəzeti”





Sosial həyat