Ulu öndər respublikamıza rəhbərlik edəndə də, Moskvada işləyəndə də “Azərbaycan”, “Gəncə”, “Nizami Gəncəvi” deməkdən yorulmurdu...
Məqalənin sərlövhəsinə çıxardığım sözləri Heydər Əliyev 25 il qabaq Gəncədə deyib. Yadımdadır, həmin gün, oktyabrın 7-si payız havasından daha çox qızmar yay gününü xatırladırdı. Amma, bu, şəhərin baş meydanına– icra hakimiyyətinin inzibati binası qarşısına toplaşan on minlərlə sakinin halına qətiyyən təfavüt eləmirdi. Çünki hamı o böyük şəxsiyyəti bir daha yaxından görmək istəyirdi. Bu istək gəncəlilərin qəlbində çoxdan özünə yuva salmışdı...
Seçkiqabağı bir görüş idi. Amma rəsmiyyətçilik heç hiss olunmurdu. Kənardan baxanda görüş daha çox bir ailənin səmimi söhbətini xatırladırdı. Heydər Əliyev Moskvada işlədiyi illərdə qarşılaşdığı problemlərdən, Azərbaycanla, Gəncə ilə bağlı məsələlərin necə böyük çətinliklərlə, amma bütün sədləri dəf etməklə həll olunmasından danışırdı. Birdən...
– Moskvada olanlar və Azərbaycanda yaşayıb, millətinin mənafeyini anlamayanlar layihələr hazırlamışdılar ki, o üç rayona “sovet”, “proletar” və “Zavod” adları verək. O vaxt bizim ikinci katib rus idi. O, bunları hazırlamışvə Moskva ilə də razılaşdırmışdı. Mənim yanımda işləyən azərbaycanlıları çağırdım, dedim, utanmırsınız, ayıbınıza gəlmir? Nə qədər “Sovet”, “Proletar” olar?
Heydər Əliyev bunları deyərkən insan seli, sanki, lərzəyə gəldi. Gəncə sakinləri ilk dəfə idi ki, bu sözləri eşidirdilər. Bir anlığa “Heydər!”, “Gəncə!” sədaları meydanı bürüdü. Bu sədalar 5 il əvvəl, 1993-cü ilin iyunun 13-də Gəncənin, ölkənin ağır günlərində Heydər Əliyevin Bakıdan gələrək, elə bu meydanda narahat, təlaş, ümüd dolu gözlərin qarşısındakı çıxışını yadıma saldı...
Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə 15 dəfə Gəncədə olub. Burada ulu öndərlə keçirilən hər görüş, toplantı, müşavirə və digər tədbirlər orta və yaşlı nəslin yaxşı yadındadır. Onlardan biri də Gəncədə aparılan abadlıq-quruculuq işlərində həmişə yaxından iştirak edən “Gəncə Körpü Tikinti-2” ASC-nin sədri Aqibət Məmmədovdur. Aqibət müəllim deyir ki, o illər sanki şirin bir yuxu idi...
Aqibət Məmmədov:
– Heydər Əliyevi Gəncəsiz, Gəncəni Heydər Əliyevsiz təsəvvür etmək olmur. Bu qədim şəhərin, az qala, hər qarışında ulu öndərimizin izi var. Gəncənin adının özünə qaytarılması, milli adət və ənənələrinin yaşadılması, tarixi şəxsiyyətlərinin, o cümlədən Nizami Gəncəvi irsinin qorunub saxlanılması birbaşa onun adı ilə bağlıdır. Heydər Əliyevin bu fikri heç vaxt yadımdan çıxmaz: “Azərbaycana, Azərbaycan xalqına təkcə Nizami Gəncəvi kimi dahi bir şəxsiyyət bağışladığına görə Gəncə torpağı, Gəncə xalqı, gəncəlilər əbədi minnətdarlığa layiqdirlər.”
Heydər Əliyevin Bakıda və Gəncədə keçirdiyi müxtəlif tədbirlərdə, bir çox görüşlərdə, müşavirələrdə iştirak etmişəm, Moskvada olarkən də bütün təzyiqlərə baxmayaraq, Azərbaycan, Gəncə üçün nələr etdyini öz dilindən eşitmişəm. O da yadımdadır ki, Heydər Əliyev Gəncə sakinləri qarşısında çıxış edərkən demişdi: “Açıq danışım, biz o vaxt Kirovabad adını dəyişdirib Gəncə qoymaq imkanına malik deyildik. Ancaq mən buna yol açdım. Burada yaradılan iki rayondan birinə “Gəncə”, o birisinə də “Kəpəz” adı verdim. Mən bununla da qane olmadım. Bakıda yaradılan yeni böyük rayona “Nizami” adı verdim. Beləliklə, qədim Gəncənin adını bərpa etdik, Gəncə öz tarixi adını aldı. Ancaq xatirinizdədir, hələ bu adı almamış burada “Yeni Gəncə” yaşayış massivi yarandı. Mən gəldim, orada ilk ağacları basdırdıq, ilk daşları qoyduq. Orada böyük binalar tikildi və qədim Gəncənin yanında bir Yeni Gəncə yarandı. Bunlar hamısı Azərbaycanın tarixinə, milliliyinə və Gəncənin tarixinə olan xidmətlərimdir və inanıram ki, siz bunu bu gün də unutmamısınız və heç vaxt da unutmayacaqsınız.”
Aqibət Məmmədov onu da əlavə etdi ki, Heydər Əliyevin Gəncədə gördüyü misilsiz işlərin miqyasını nəzərə alıb şəhərin görməli yerində təkcə bu obyektlərin adlarını və maketini nəfis şəkildə nəhəng bir lövhə üzərində həkk etmək lazımdır ki, şəhərimizə gələn qonaqlarda da təsəvvür yaransın. Doğrudur, kitablarda, muzeylərdə bütün bunlar barədə məlumatlar var. Lakin şəhərdə, açıq havada belə bir nəcib iş görülsə, zənnimcə, hamının ürəyindən xəbər verər. Biz inşaatçılar da bu işdə yaxından iştirak etməyə, köməyə hazırıq.
…Heydər Əliyevi xalqa, o cümlədən Gəncə sakinlərinə sevdirən cəhətlərdən biri də onun son dərəcə cəsarətli və prinsipial olması idi. Gəncədə az sənaye müəssisəsi tapılar ki, Heydər Əliyevin təşəbbüsü və bilavasitə iştirakı, köməyi ilə tikilməsin. Xalça kombinatı, qənnadı fabriki, çini qablar və büllur zavodları, gil-torpaq kombinatı, elektron-maşınqayırma müəssisələri bilavasitə dahi şəxsiyyətin dəmir iradəsinin nəticəsində fəaliyyət göstərməyə başlamışdı və on minlərlə gəncəli daimi işlə təmin olunmuşdu.
Heydər Əliyev Moskvada da işləyəndə çalışırdı ki, Gəncə, sözün əsl mənasında Bakıdan sonra respublikanın ikinci sənaye şəhərinə çevrilsin. “Çalışırdım ki, Azərbaycanda bir avtomobil zavodu tikim, yaradım. Çünki düşünürdüm ki, başqa şəhərlərdə avtomobil istehsal olunur, amma Azərbaycanda yoxdur. Nəhayət, Moskvada belə böyük qərarın qəbul edilməsinə nail oldum. Ancaq yerini haranı seçdim? Gəncəni seçdim, Gəncədə avtomobil zavodunun inşasına başladıq.”
Qeyd edək ki, bu zavodun tikintisini Heydər Əliyev hələ respublika rəhbəri olarkən başlatmışdı. Ancaq 1982-ci ilin dekabr ayında Moskvaya dəvət olunduqdan sonra işlər, demək olar ki, dayanmışdı. Ulu öndər deyirdi: “Mən orada 5 il işlədim və gördüm ki, bəzi adamlar Azərbaycanda belə böyük müəssisələrin yaradılmasına nə qədər maneçilik törədirlər.”
Lakin Heydər Əliyev bir işi başlayırdısa, onu sonadək başa çatdıra bilirdi. Yuxarıda qeyd etdiyimiz kimi prinsipiallıq, iradə, uzaqgörənlik, doğma torpağa hədsiz bağlılıq bütün maneələri aşmaqda bu böyük şəxsiyyətə həyatı boyu dayaq olub. Bu dəfə də belə oldu.
Ulu öndər keçmiş SSRİ-də avtomobil nəqliyyatı sənayesinin inkişafı haqqında böyük bir qərar layihəsi hazırlayır. Ancaq Siyasi Büronun bir neçə üzvü müzakirə zamanı qərar layihəsini tənqid etməyə başlayır. Görünür, qərara Gəncə Avtomobil Zavodunun inşası üçün müəyyən vəsaitin ayrılması və onun qısa müddətdə başa çatdırılması ilə bağlı Heydər Əliyevin təkidi ilə salınmış cümlə xoşlarına gəlmir. Lakin uzun mübahisələrdən sonra ulu öndərin özünün dediyi kimi, “çox vuruşandan sonra” qərar qəbul edilir.
Xanlar Fətiyev, “Gəncə Avtomobil Zavodu” İstehsalat Birliyi Müşahidə Şurasının sədri:
– Heydər Əliyev o illəri xatırlayıb deyirdi ki, mən avtomobil sənayesi nazirini, demək olar, həftədə bir dəfə yanıma çağırır və hesabat istəyirdim ki, görüm Gəncədə Avtomobil zavodunun tikintisi üçün nə edib. O vaxt avadanlıqlar Qərb ölkələrindən alınırmış. Buna görə də Heydər Əliyev valyuta ayrılmasına nail olur və İngiltərədən böyük bir zavod üçün avadanlıq alınması barədə qərar qəbul edilir. Elə ki, 1987-ci ilin sonunda Heydər Əliyevi bütün vəzifələrdən kənarlaşdırırlar, işlər də dayandırılır. Siz elə bilirsiniz ki, Moskva dayandırır? Xeyr, bu dəfə Moskva yox, o dövrdə Azərbaycana rəhbərlik etmişvə öz bəd əməlləri ilə tanınmışVəzirov İngiltərədən alınan avadanlıqdan imtina edir. Çünki qısqanclıq hissi, səriştəsizlik Gəncədə belə bir nəhəng zavodun inşasının dayanmasına gətirib çıxarır. Həmin avadanlığı isə aparıb Bryansk vilayətində quraşdırırlar və avtomobil zavodunu orada yaradırlar.
Bu gün bizim müəssisə, necə deyərlər, ayaq üstündədir. Dünyanın bir çox qabaqcıl avtomobil sənayesi müəssisələri ilə əlaqələr qurmuşuq. Zavodumuzda yığılan məhsullar öz keyfiyyətinə və davamlılığına görə seçilir. Bütün bunlara görə ulu öndərə, onun layiqli davamçısı İlham Əliyevə hədsiz minnətdarıq. Əgər dünya şöhrətli hər hansı bir şirkət bizimlə müqavilə bağlayıb iş görmək istəyirsə, bu, bizim dövlətimizə, onun Prezidentinə olan inam və məhəbbətdən, ölkəmizdəki sabitlikdən, nüfuzumuzdan irəli gəlir.
…Gəncə Heydər Əliyevi sonuncu dəfə yaxından 2002-ci ilin sentyabrında gördü. Ulu öndər şəhər fəalları ilə görüşdü, Olimpiya İdman Kompleksinin açılışında iştirak etdi, digər yerlərdə oldu. Ümumiyyətlə, Heydər Əliyev Gəncədə hara ayaq basıbsa, o ilk gəliş olmayıb. Səngərə düşübsə, dəfələrlə düşüb, sərrast atəş də açıb, igid əsgərə qol saatı da verib. Zərrabi Poeziya Teatrına gedibsə, ilk dəfə getməyib, çünki bu teatrı özü yaradıb. Nizami məqbərəsini ziyarət edibsə, böyük şairin ruhunu əməlləri, ona sonsuz ehtiramı ilə dəfələrlə şad edib.
– Biz hər il iyunun 15-ni Milli Qurtuluş Günü kimi qeyd edirik. Bəli, doğrudan da, ulu öndər xalqı bəlalardan qurtardı, vətəndaş müharibəsinin qarşısını aldı. Lakin mənə belə gəlir ki, əsl qurtuluş, inkişaf 1969-cu ilin 14 iyulundan başlanır. O dövrə kimi Azərbaycan bütün sahələr üzrə 15 respublika arasında ən geridə qalanı idi. Heydər Əliyev respublikanın rəhbəri seçildikdən sonra inkişaf, tərəqqi başlandı. Təkcə Gəncə buna əyani misaldır. Ona görə də 15 iyundan söhbət salarkən 14 iyulu da unutmamalıyıq…
Əslində, Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini Səməd Tomuyevin dediyi bu sözlərdə həqiqət var. Çünki 14 iyul olmasaydı, 15 iyun da olmayacaqdı. Heydər Əliyevin gəlişi xalqın taleyinə yazılan işıqlı bir səhifə idi.
…İllər ötür, lakin xeyirxah əməllər, dahiyanə uzaqgörənlik, xilaskarlıq missiyası, doğma torpağa bağlılıq, xalqını, millətini, onun gələcəyini hər şeydən üstün tutan böyük şəxsiyyət unudulmur. Məgər gəncəlilərin qəlbində xüsusi yeri olan bir insanı ututmaqmı olar?! AMEA-nın Gəncə bölməsinin Heydər Əliyevin 100 illiyinə həsr etdiyi 350 səhifəlik monoqrafiyanı vərəqlədikcə, xatirələrlə, sənədlərlə tanış olduqca o ritorik sual bir də dönə-dönə səslənir: Onu unutmaq olarmı?!
Yazını ulu öndərin sonuncu dəfə Gəncə Olimpiya İdman Mərkəzində dediyi bu sözlərlə tamamlamaq istəyirəm: “Xatirimdədir, iyunun 13-də mən buraya gəldim. Mən Gəncəni heç vaxt ağır, faciəli vəziyyətdə görməmişdim. Gəldim, bir gecə burada danışıqlar apardım. Sabahısı gün şəhərə çıxdım, oradan, buradan avtomat atəşləri eşitdim. Haradan atırdılar? Kimlər və nə üçün atırdılar, kimi vurmaq istəyirdilər? Ondan iki-üç saat sonra mən Gəncəni tərk etdim. Təəssüflər olsun ki, Gəncə elə bir gün də görmüşdür, elə bir aylar da, günlər də keçirmişdir. Ancaq güman edirəm, siz bunu qiymətləndirirsiniz ki, biz bunların hamısına son qoyduq. İndi Azərbaycanın hər yerində olduğu kimi, Gəncədə də insanlar rahat yaşayır, cinayətkarlığın qarşısı alınıb, həmin özbaşınalıq edən ayrı-ayrı silahlı dəstələr ləğv olunub. Rahat yaşayırsınız və rahat işləyirsiniz...”
Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri, Əməkdar jurnalist