Bu gün Arazın o tayında baş verən hadisələr müəyyən mənada Azərbaycanın Qarabağ uğrunda savaşının uğurlarından da güc alıb. Həmin hərəkatın edamlara, təzyiqlərə, ölümlərə baxmadan inadla davam etməsi həm də dünya azərbaycanlılarının Qarabağ zəfərindən aldığı ilhamın və ümummilli ruhun yaratdığı dalğa ilə də bağlıdır.
Bu təəssürat yazıçı-publisist Ulduz Qasımın yaradıcılığına münasibətdən qaynaqlanır. Soydaşımız uzun illər Vətəndən uzaqda yaşasa da bir an da olsun özünü onun taleyindən kənarda görməyib.
Onun əsərləri insan olmaq uğrunda mübarizə salnaməsidir. “Tələbə gündəliyi”, “Mən aşiqəm Qarabağda”, “Qürbət zöhrəsi”, sosial şəbəkədə ardıcıl olaraq davam edən esseləri, publisist yazıları cəmiyyətə insan olmağın yolunu təlqin edən əsərlərdir. “Xocalı şikəstəsi”, “Solmayan Nərgiz”, “Qarabağda qiyamət”, “Ağ göyərçinlər” romanları qanın qurumadığı, qisas uğrunda mübarizənin ən odlu çağlarında yazılmış əsərlərdir. Və demək, tarixi Qarabağnamələrin mənəvi davamı olan Ulduz salnaməsi müəllifin Vətən uğrunda bir savaşçı olduğunun sübut-sənədləridir.
...Və nəhayət, “Qaçaq Aslan” romanı. Bu romanın qəhrəmanı Qaçaq Aslan Təbrizdə 1945-ci ildə Milli Hökuməti qurmuş qəhrəmanların ümumiləşmiş obrazıdır. “Qaçaq Aslan” milli savaşın bədii salnaməsidir. Təkcə elə bu roman bəs edir ki, sıravi fədailərin hər biri miqyassız bir qəhrəman kimi qəbul edilsin. Əsər insan gücünün nəyə qadir olduğunu ən real, həyati epizodlarla göstərə bilir. Baxmayaraq ki, milli hökumət uğrunda savaş birillik şərəfli yoldan sonra öz qanında boğuldu. Əlbəttə, birləşmiş beynəlxalq irtica və şah rejimi heç bir insani qanun tanımadığını və yalnız mənafe mövqeyindən hökm etdiyini artıq tarixin lənətli bir səhifəsi kimi miras qoyub getdi.
Milli Hökumətin lideri Seyid Cəfər Pişəvəri hadisələrin sonunda onu tək qoyan sovet müttəfiqlərinə açıq-aşkar demişdi ki, siz bizim ideallarımıza xəyanət etdiniz. İndi imkan verin, öz haqqımızı qoruyaraq, döyüş meydanında şərəflə ölək. Böyük Pişəvərinin bir xalq üçün tarixi and ola biləcək həmin sözləri bu gün yaddaşlarda oyanmaqdadır. Çox güman ki, “Qaçaq Aslan” romanının təmsil etdiyi insanların da hər biri indi məzar sükutunda ruhunun dili ilə danışır.
“Qaçaq Aslan” romanının son səhifələrində çox təsirli epizod var. Şərqşünaslıq fakültəsinin tələbəsi Beytulla Ərsalan onunla bir qrupda oxuyan dostu Kamalla Cəbrayıla qonaq gedir. Sərhəddin kənarı ilə şütüyən qatarın pəncərəsindən Araz boyu baxır. Dəmiryol xəttindən bir neçə metr o tərəfə tikanlı məftillərin cızıltısını öz canında hiss edir və bunu dostuna da bildirir. Dostunun dayısı, dövrünün tanınmış adamı, Sosialist Əməyi Qəhrəmanı Köçəri Babayev bacısı oğlunun təklifi ilə onları Xudafərinə aparır. Üstündən, az qala, bir quş da səkməyən tikanlı məftillərin qapısını açdırır, Beytulla Ərsalanın körpü üstünə çıxmasına icazə alır. Yeniyetməlik çağınacan doğma yurdunun havası ilə böyümüş Beytulla, sanki, atasından aldığı həsrət yanğısı ilə o taya baxır. Təkcə elə onun düşüncələri yeni nəsillərə birlik dərsliyi ola biləcək gücdədir.
Ulduz Qasım “Qaçaq Aslan” romanını ürək qanı ilə yazıb. Necə ki, Qarabağ salnamələrini iztirabları ilə, qəlb göynəmləri ilə yaradıb.
Ulduz, sözün həqiqi mənasında, savaşçıdır. O, zahirən çox sakit görünən, ağrısını içində çəkən qələm əhlidir. Təkcə onun hansı müqavimətləri dəf etdiyini təsəvvür edə bilsək, bu cansız, çəlimsiz qadının daxilən necə böyük qüdrət sahibi olduğunu dərk etmək çətin olmaz. O, əhatəsində olanların müqavimətini qıraraq, yorulmadan yazı savaşı apararaq, əsərlərinə necə nail olubsa, yaratdıqlarını da elə iradəsi və inamı ilə işıqlığa çıxara bilib. Ulduz Vətəndən uzaqda yana-yana yaşamağın, oda tutularaq yaratmağın örnəyidir.
Bilmirəm, bəlkə də təkrar etmək yerinə düşər. Haradadır elə bir Vətən fədaisi olan imkanlı şəxs ki, bu əsəri daha kütləvi tirajla nəşr edib ünvanına çatdıra bilə. Əlbəttə, söhbət “Qaçaq Aslan” romanından gedir.
Ulduz Qasım yaradıcılığının fikir ümmanlarının hər tərəfinə yol aça biləcək zamanını yaşayır. Vətəninin taleyini sözünün taleyi bildiyi kimi, sözünün də taleyini Vətəninin taleyi kimi qavrayır. Belə olmasaydı, yəqin ki, “Qaçaq Aslan” kimi yanğıyla dolu əsəri yaratmaq çətin olardı. Aslan Borçinin taleyi ən ağır həsrətlərdən keçərək bu gün yaddaşlarda təzədən oyanışa gəlir.
Ötən aylarda İranın Zəncan şəhərindən olan jurnalist-yazıçı Səhra Rzayi “Qaçaq Aslan” romanını fars dilinə tərcümə edib. Səhra xanıma və Təbrizdə fəalyyət göstərən “Sonayi” nəşriyyatına təşəkkür edirik. Bu günün Qaçaq aslanları öz fədai babalarının yolunda davamlı mübarizədədir. Belə bir vaxtda “Qaçaq Aslan” romanı qəlblərə milli ruh, əzələlərə qüvvət və dözüm gətirir.
Əlirza XƏLƏFLİ,
yazıçı-publisist