Əli Tudənin əsərləri Təbrizdə nəşr olunub

post-img

Bütöv Azərbaycanın görkəmli şairi Əli Tudənin 2024-cü ildə anadan olmasının 100 illiyidir. Bu münasibətlə sənətkarın Təbrizdə 2 kitabı – “Mən nə gətirdim” və “Bakının işıqları” kitabları ərəb əlifbası ilə nəşr olunub. 

Bu, Azərbaycan ədəbiyyatı üçün əlamətdar hadisə hesab olu­na bilər. Çünki ömrü boyu bütöv və azad Azərbaycan arzusu ilə yaşayan, bu yolda yorulmadan qələm çalan, inqilabçı şair, Təbriz həsrətli Əli Tudə 50 il öz Vətənində siyasi mühacir kimi yaşamış, sovet pasportundan imtina etmişdir. Qeyd edək ki, şairin “Cənub nəğmələri” adlı kitabı hələ 1946-cı ildə Milli Hökumət zamanı Təb­rizdə, şairin filarmoniyanın müdiri vəzifəsində çalışdığı dövrdə çap olunmalı idi. Lakin Milli Hökumət süquta uğradıqdan sonra onun milli ruhlu şeirlərindən ibarət kitabı mətbəədə yandırıldı və şah tərəfindən ölümünə fərman verildi. Məcburiyyət qarşısında qalan şair Arazın bu tayına keçdi və bir daha Təbrizə gedə bilmədi.

Əli Tudənin kitablarının 77 il sonra Təbrizdə işıq üzü görməsi az da olsa ədalətin öz yerini tutmasıdır. Belə addımlar Güneydə milli varlığımızın dirəniş gücünü göstərir. “Azərturan” nəşriyyatın­da ikicildliyin ərsəyə gəlməsində gənc qələm sahibi və tərcüməçi Əli Aslaninin böyük zəhməti var. Əli Aslani şairin anadan olmasının 100 illiyinədək Əli Tudənin “Təbriz yolu” ,“ Araz üstə palıd” kitabla­rını və xatirələrini də çapa hazırlayır. 

Hüseyn RƏHİMZADƏ

Mədəniyyət