Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Salyan rayonunda vətəndaşlarla görüş keçirib. Qəbulda Salyan və Neftçala rayonları sakinlərinin sosial təminat, əlillik və reabilitasiya, mənzillə təminat, məşğulluq, özünüməşğulluq proqramına cəlb edilmə və s. məsələlərə dair müraciətləri dinlənilib.
Müraciət edən vətəndaşların bir hissəsi şəhid ailələrinin üzvləri və müharibə veteranları olub. Müraciətlərin hər birinin fərdi qaydada araşdırılaraq nəticəsinə uyğun tədbirlər görülməsi təmin edilib. Vətəndaşlar aktiv məşğulluq proqramlarına, o cümlədən özünüməşğulluq, ictimai işlər proqramlarına, reabilitasiya xidmətlərinə cəlb edilmələri üçün qeydiyyata alınıblar.
***
Nazir S.Babayev rayonun icra başçısı ilə müharibə iştirakçıları üçün yaradılmış kiçik təsərrüfatlara baş çəkib.
Vətən müharibəsi iştirakçıları olan Əliyev Murad Mətləb oğlu avtoelektrik xidmətləri, Ələsgərov Ramil Əmiraslan oğlu isə qoyunçuluq üzrə kiçik ailə təsərrüfatlarını yaratmaları üçün özünüməşğulluq proqramı çərçivəsində aktivlərlə təmin ediliblər. Görüş zamanı təsərrüfat sahibləri müharibə iştirakçıları ilə bağlı ölkəmizdə həyata keçirilən sosial dəstək tədbirlərinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.
Qeyd edək ki, dövlət başçısının göstərişinə uyğun olaraq postmüharibə dövründə şəhid ailələrinin üzvləri və müharibə iştirakçıları ilə bağlı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilən genişmiqyaslı sosial dəstək proqramı 124 min şəxsi əhatə edib, onlara 290 min xidmət göstərilib. 18 min şəxs aktiv məşğulluq proqramlarına, o cümlədən 10 min şəxs özünüməşğulluq proqramına cəlb olunub.
***
Sosial Xidmətlər Agentliyi bu ilin ötən dövründə məişət zorakılığından zərər çəkmiş 34 nəfəri sosial reabilitasiya xidmətlərinə cəlb edib. Onlardan 10 nəfəri valideyn, 24 nəfəri isə uşaqlardır. Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən aldığımız məlumatda bildirilir.
Qeyd edilir ki, həmin şəxslər agentliyin müvafiq müəssisəsində 2021-ci ildən fəaliyyət göstərən məişət zorakılığından zərər çəkmiş şəxslər üçün şöbədə reabilitasiya xidmətləri ilə əhatə olunublar. Ötən dövrdə 175 şəxs reabilitasiya xidmətləri ilə təmin edilib.
Müasir tələblərə uyğun şəraitin yaradıldığı reabilitasiya şöbəsində sakinlərə sosial-məişət, sosial-iqtisadi, sosial-psixoloji, tibbi-sosial, sosial-məsləhət yardımı xidmətləri göstərilir, onların mədəni-asudə vaxtlarının təşkili və s. istiqamətlərdə işlər aparılır.
Z.HÜSEYNOVA, “Xalq qəzeti”