Susmaq doğrudanmı qızıldır?

post-img

Əslində, bütün ictimai-siyasi formasiyalarda əhali arasında bu və ya digər müəyyən işlər aparılmışdır. Bu, əsasən, insanları hansısa bir vəzifəni yerinə yetirməyə istiqamətləndirmək, səfərbər etmək məqsədilə düşünülmüşdür.

Sovetlər dönəmində isə bu məsələyə münasibət tamam başqa idi. Konkret olaraq “ideoloji iş” adlandırılırdı. Şəhər və rayon partiya komitələrində həmin məsələlərlə təbliğat və təşviqat şöbələ­ri məşğul olurdu və Mərkəzi Komitənin ayrıca ideoloji katibi vəzifəsi də yaradıl­mışdı. Etiraf etmək lazımdır ki, indi sev­mədiyimiz bu təbliğat maşını əməlli-baş­lı iş görürdü, insanların mənəvi-siyasi, psixoloji, hərbi-vətənpərvərlik tərbiyə­sində mühüm rol oynayırdı. Halbuki nə indiki qədər mətbuat vasitəsi, radio-te­leviziya, sayt, sosial şəbəkə fəaliyyət göstərirdi, nə də digər texniki imkanlar var idi. Amma ideoloji iş gedirdi...

Əslində, o indi də var. Sadəcə, qa­barıq hiss olunmur. İcra hakimiyyəti apa­ratlarında humanitar məsələlər şöbəsi, üstəlik, informasiya təminatı və təhlil sektorları yaradılıb və qeyd etdiyimiz məsələlərin həllində müəyyən işlər gö­rürlər. Lakin...

Bayaqdan Gədəbəy Rayon İcra Ha­kimiyyətinin rəsmi facebook səhifəsini axtarıram, Söyüdlü hadisələri ilə bağlı hər hansı bir informasiya oxumaq, rəsmi mövqe ilə tanış olmaq istəyirəm.Yoxdur, səhifə, sanki, ərşə çəkilib. Bütün şəhər və rayon icra hakimiyyətlərində olan ih.gov.az saytını tapsam da burada da Sö­yüdlü hadisələri ilə bağlı heç nə yoxdur. 

Üzərinə “Gədəbəy Rayon İcra Ha­kimiyyəti” yazılan bir facebook səhifəsi təsadüfən qarşıma çıxsa da hiss edirəm ki, bu da o deyil. Çünki başdan-ayağa aşıq mahnılarının videolarıdır. Amma Söyüdlü hadisələri ilə bağlı bir süjet də var. Burada bir nəfərin rayon rəhbəri­nin hadisələrlə bağlı verdiyi müsahibəni tənqid etməsindən, özünün “arqument­lərini” ortaya qoymasından da məlum olur ki, səhifə nəzarətsizdir.

Rayon icra hakimiyyətinin informa­siya təminatı və təhlil sektorunun müdi­ri Qabil Muxtarova zəng edirəm. Deyir “axtarmayın, Söyüdlü hadisələrindən də xeyli qabaq, bir aydan çoxdur rayonun icra hakimiyyətinin rəsmi facebook sə­hifəsi bağlanıb. Səbəbini də bizə belə yazıblar ki, “səhifəniz ictimaiyyət stan­dartlarına(?!) uyğun olmadığı üçün məh­dudlaşdırılıb”. 

Doğrusu, məəttəl qalıram. Necə yəni, “səhifə bağlanıb”?! Belə çıxır ki, bir aydan artıqdır adamlar ordan-burdan, yalan-doğru xəbərləri başqa saytlar­dan alır, müxtəlif şayiələrin yayıldığı bir vaxtda yerli məlumat əldə edə bilmirlər? Doğrudur, onların arasında çox say­da yerli sosial şəbəkə nümunələri var, amma bircə rayon icra hakimiyyətininki yoxdur. 

Guya, parfüm və krem reklamı ilə məşğul olan, əslində isə “Söyüdlü kən­dində zülmün 8-ci günü” məqaləsini, “Azadlıq” radiosunun “Sus, Söyüdlü!” karikaturasını paylaşan qeyri rəsmi “Gə­dəbəy”, hoqqabaz bloger Mehman Hü­seynovun videosunu verən “Azərbay­can–Gədəbəy–Söyüdlü”, “Gələcək nəsil xəstə böyüyür” yazan “Söyüdlü (Gədə­bəy)” və digər bu kimi oxşar facebook səhifələri hər dəqiqə qarşıma çıxır...

Söyüdlü kənd icra nümayəndəsi Na­hid Allahverdiyevlə əlaqə saxlayıram. Deyir ki, kənd icra nümayəndəliyinin rəsmi Facebook səhifəsi yoxdur, çünki bu barədə heç kim tapşırıq verməyib. Təəssüf edirəm, yəni, səhifə yaratmaq, kənddə baş verən yeniliklərdən söhbət açmaq, dövlətimizin apardığı daxili və xarici siyasəti vaxtaşırı təbliğ etmək bu qədərmi çətindir? Buna rəsmi icazəmi lazımdır? Axı sən icra hakimiyyətini 3 il­dən çoxdur yerdə təmsil edən nümayən­dəsisən.

...Söyüdlü hadisələri ilə bağlı geniş yazımız olacaq. Dövlət komissiyası da son sözünü deyəcək. Hazırda isə icra nümayəndəsinin də dediyi kimi, kənd­də “tam sakitlikdir”. Əhali əkin-biçinlə, təsərüffat qayğıları ilə məşğuldur. Hətta Söyüdlü hadisələrini Bakıda mitinqdə “müzakirə etmək” istəyən “vətənpərvər­lərə” də tutarlı cavab veriblər: “sizlik bu­rada iş yoxdur”.

Sadəcə olaraq, bu kiçik yazımızda toxunduğumuz məqam yəqin ki, çoxu­muzu düşündürür. Nə vaxta kimi qara­güruhçular meydan sulayacaqlar? Nə vaxta kimi “susmaq qızıldır” deyib yer­lərdə izahat-təbliğat işləri aparılmaya­caq, sosial şəbəkələrdən kifayət qədər istifadə olunmayacaq? Axı kimsə başqa bir yerdən gəlib yaşadığın, nəfəs aldı­ğın, sevdiyin el-obanda sənə “ağıl” öy­rədə bilməz. Ona görə də ara-sıra hələ də “bəlkə də qaytardılar” xülyası ilə ya­şayan bəzi adamların iyrənc səhifələrini araşdırıb tapın, tutarlı cavablarını verin.

Etiraf edək ki, bir çox yerlərdə icra hakimiyyətlərinin rəsmi səhifələri də, saytları da günün tələbləri səviyyəsində deyil. İnformasiya qıtlığı açıq-aşkar hiss olunur. Hələ də bu sahədə təşəbbüskar­lıq, sərbəstlik kifayət qədər deyil ki, bu da ayrı bir yazının mövzusudur. Sağlıq olsun...

 

Hamlet QASIMOV,
“Xalq qəzeti”nin bölgə müxbiri

Sosial həyat