Zəlzələ

post-img

Siz də zəlzələni hiss edirsiniz?

Dağılır sükutu xatirələrin!...

Olmaya, qorxaraq siz gedirsiniz?

Barı xəyalıma təsəlli verin...

Yayılır köksümün qaranlığından

Ümidli qığılcım bütün əzama...

Hansısa küçənin toranlığında

Səslənir vidanız alın yazıma...

Məxməri küləklər əsir bu yerdə,

Kiriyir torpağın naləsi, ahı...

Elə hey axışan al kölgələrdə

Dolanır qəlbimin şirin günahı...

Ölənlərin belə, - demişdiniz siz, -

Lazımdır arabir nəbzinə baxmaq.

Budur, əlimdədir ağ biləyiniz, -

Döyünür, qırılır, dayanmır ancaq...

Dağılır sükutu xatirələrin,

Bürüyür şəhəri çığırtısıyla...

Barı xəyalıma təsəlli verin

Sizdəki həqiqət parıltısından...

Olmaya, məni də tək qoyursunuz,

Olmaya, qorxaraq siz gedirsiniz?

Çırpınan qəlbimi heç duyursunuz?

Siz də zəlzələni hiss edirsiniz?...

 

Firudin HƏMİDLİ

Sosial həyat