Paytaxtın bır sıra ərazilərində insanların təlaşına səbəb olan zəlzələ bəzi sakinləri yaşadıqları binanı tərk etməyə məcbur edib. Bakının bir çox yaşayış məntəqələrində isə zəlzələni hiss etməyən xeyli sakinlər də var.
Şəhər sakini Riyad Əliyev özü zəlzələni hiss etməsə də, ailə üzvləri xəbərdar olub: – Evdən dedilər ki, əvvəl qapı yüngül şəkildə açılıb-bağlanıb. Elə biliblər ki, uşaq qapını açıb. Çilçırağın tərpəndiyini gördükdən sonra zəlzələ olduğunu anlayıblar. Bundan sonra məni də yuxudan oyatdılar, bağ evimizə getdik. Düşündük ki, ora daha təhlükəsiz olar.
Binəqədi rayonunda yaşayan Ziyad Yusifzadə ailə üzvlərindən heç kimin zəlzələnin olduğunu hiss etmədiyini bildirdi:
– Yenə də yaxşı qutardıq, Allah üzümüzə baxdı. Şükür olsun ki, dağıntı olmadı. Ümid edirəm ki, daha güclü təkanlar olmaz.
Yasamalda yaşayan Vüqar Əliyev zəlzələnin onun yaşadığı ərazidə hiss olunduğunu dedi:
– Təxminən saat 12 idi. “Tik-Tok”da videolara baxırdım. Qəfildən hiss etdim ki, oturduğum stul tərpəndi. Əvvəl elə bildim ki, başım gicəlləndi. Sonra zəlzələ olduğunu başa düşdüm. Nənəmlə yaşayıram, evdən çıxmadıq.
Kifayət Ağayeva dedi ki, zəlzələni uşaqlar hiss etdi:
– 5 və 8 yaşlı qızlarımla çölə qaçdıq. Uşaqlar çox qorxdular. Yaxın keçmişdə Türkiyədə baş vermiş dəhşətli zəlzələdən danışıb suallar verirdilər.
Nərmin Yusifova da zəlzələni hiss edən sakinlərdəndir.
– Binanın 9-cu mərtəbəsində yaşayıram. Təhlükəsizlik tədbirlərinə riayət edərək, zəlzələ anında evi tərk etmədim.
Xırdalan sakini Rizvan Əsgərov qeyd etdi ki, onun yaşadığı bina 2018-ci ildə inşa edilsə də, zəlzələyə davamlı olmama ehtimalı böyükdür. Çünki güclü külək əsəndə yaşadığı bina silkələnir. Sakin düşünür ki, bu cür məsələlərə təbiət hadisəsi kimi yanaşmaq düzgün deyil. Binaların tikiləndə və tikildikdən sonra bütün təhlükəsizlik tədbirlərinə əməl edilməlidir.
Paytaxt sakini Etibar Çarçallı Əhmədli qəsəbəsində yaşayır və zəlzələni hiss etməyib. Zəlzələnin olduğunu səhər saatlarında xəbər saytlarından oxuyub. Murad Əlizadə, Səadət Ağayeva, Orxan Cümşüdlü, İradə Əliyarlı, Maqsud Quluzadə, Tamilla Hadiyeva, Ağahüseyn Verdili, Şahzadə Əliyeva zəlzələni hiss etməyən sakinlərdəndir.
Bir daha əhalinin zəlzələ həyəcanları yaşamaması arzusu ilə:
Rizvan ABİŞOV,
“Xalq qəzeti”,
Rüfət MƏHƏRRƏMOV