Rəsmi qurumlar şayiələri təkzib edir

post-img

Xəbər verildiyi kimi, iyulun 4-ü gecəyarısı Xəzər dənizində zəlzələ qeydə alınıb. Zəlzələ Quba, Xaçmaz, Şabran, Siyəzəndə 6 bala yaxın, Sumqayıt, Abşeron yarımadası və ona yaxın ərazilərdə 4-5 bala qədər hiss edilib. Təkanların maqnitudası 5,5, dərinliyi isə 65 kilometr olub. Dağıntı və tələfat olmayıb.

Daxili İşlər Nazirliyindən (DİN) bildiri­lib ki, dağıntı və tələfatla bağlı nazirliyə hər hansı məlumat daxil olmayıb. Bəzi sosial şəbəkə səhifələrində yayılan iddialar əsas­sızdır, həqiqəti əks etdirmir. “DİN tərəfindən ölkə polisinə xüsusi tapşırıqlar verilib, xidmətə əlavə qüvvə cəlb edilməklə, fasiləsiz xidmət təşkil edilib. Həyəcan yaradan xüsusi hal mü­şahidə edilmir. Bütün informasiyalar diqqətlə izlənilir”, – deyə nazirlikdən bildirilib.

Fövqəladə Hallar Nazirliyi (FHN) də, öz növbəsində qeyd edib ki, zəlzələ ilə əlaqədar dağıntı və tələfat barədə FHN-ə məlumat daxil olmayıb.

Lakin zəlzələ ilə bağlı TƏBİB-in tabeli­yindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına 34 nəfər müra­ciət edib. TƏBİB-dən “Xalq qəzeti”nin sor­ğusuna cavab olaraq bildirilib ki, müraciət edənlərdən 26-sı qadın, 5-i kişi, 3-ü uşaq olub. Qeyd olunub ki, müraciət edənlərdən 32 nəfərə yerində yardım göstərilib, 2 nəfər isə aidiyyəti üzrə tibb müəssisəsinə təxliyə olunub. Müraciətlər, əsasən, arterial təzyiq, stresə qarşı reaksiya, travma, bədənin müxtə­lif hissələrində olan ağrılarla bağlı olub.

Xəzər dənizində baş vermiş zəlzələ sə­bəbindən AMEA nəzdində fəaliyyət göstərən Respublika Seysmoloji Xidmət Mərkəzi­nin baş direktoru, AMEA-nın müxbir üzvü, professor Qurban Yetirmişli mətbuat kon­fransı keçirib. Professor ölkəmizin zəlzələ zonasında yerləşdiyini və nə vaxtsa yenidən yeraltı təkanların baş verə biləcəyini söylə­yib: “Ölkəmizdə binalar tikilərkən 8 ballıq zəlzələyə davamlılığı da nəzərə alınır və la­yihələr buna əsasən hazırlanır”.

Respublika Seysmoloji Xidmət Mərkə­zi baş direktorunun sözlərinə görə, yeraltı təkanın müddəti 10 saniyədən az olub və heç bir dağıntı qeydə alınmayıb. 5,5 maq­nitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur: “Kiçik təkanlar var və ol­malıdır. Avterşoklar, enerji boşalmaları gedir. Çünki güclü təkanlar olub. Bununla yanaşı, ola bilsin ki, arada 3 maqnitudada hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı 65 kilometr dərinlikdə­dir”.

İstanbul Texniki Universitetinin Avrasi­ya Yer Elmləri İnstitutunun əməkdaşı Celal Şengörün bir müddət əvvəl Azərbaycanda zəlzələ olacağı ilə bağlı açıqlama etmişdi. Qurban Yetirmişli bu fikrə aydınlıq gətirərərk şayiələrə inanmamağı tövsiyə etdi: “Celal Şengör Azərbaycanda iyulun 4-ü gecə saat 00:01-də zəlzələ olacağını demişdi? Xeyr. Mən də deyirəm ki, Yaponiya, İran və Çin­də zəlzələlər olacaq. Olanda deyərsiniz ki, demişəm. Bununla yanaşı, fevralın 6-dan sonra İstanbulda zəlzələ olacağı deyilir. 20 milyonluq şəhər əhalisi zəlzələ anını oturub gözləməlidir? Bu, absurddur”.

Qurban Yetirmişli sonda insanları şa­yiələrə qəti inanmamağa səslədi: “Zəlzələnin yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şə­bəkələrdə yayırlar. İnsanlara mənim adım­dan, rəsmi olaraq çatdırın ki, heç bir təxri­bata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heç nə yoxdur”.

Xəzər dənizində baş vermiş zəlzələdən dərhal sonra Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin zəlzələ bölgəsində yer­ləşən müvafiq strukturları gücləndirilmiş iş rejiminə keçiblər. Məlumata əsasən, agent­liyin mütəxəssisləri tərəfindən gecəboyu yol infrastrukturuna baxış keçirilib, süni mühən­dis qurğularının vəziyyəti yoxlanılıb.

Zəlzələdən dərhal sonra Azərbaycan Dəmir Yollarının (ADY) Fövqəladə Hallar Komissiyası dəmir yolu infrastrukturuna operativ baxış keçirib. Bildirilib ki, aparılan yoxlamalara əsasən, zəlzələ nəticəsində yol infrastrukturuna ziyan dəyməyib.

R.FİKRƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat