Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin təşkilatçılığı ilə Ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Müasir Azərbaycan mediası – peşəkarlıq standartları və yeni trendlər” mövzusunda respublika elmi-praktik konfransı keçirilib.
Konfransın açılış mərasimində çıxış edən BDU-nun rektoru Elçin Babayev “Heydər Əliyev İli” çərçivəsində universitetdə keçirilən tədbirlərdən söz açıb.
Medianın İnkişafı Agentliyinin icraçı direktoru Əhməd İsmayılov, Mətbuat Şurasının sədri Rəşad Məcid, jurnalistika fakültəsinin multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, Bakı Slavyan Universitetinin jurnalistika kafedrasının müdiri Vüqar Rəhimzadə, Azərbaycan Dillər Universitetinin beynəlxalq jurnalistika şöbəsinin müdiri Nərgiz Qurbanova, “ARB 24” telekanalının icraçı direktoru Radik İsmayılov, BDU-nun jurnalistika fakültəsinin dekanı Vüqar Əliyev, milli mətbuat tarixi kafedrasının müdiri Cahangir Məmmədli Ümummilli liderin söz və məlumat azadlığının təmin edilməsi, mütərəqqi qanunvericilik bazasının formalaşdırılması, redaksiyaların müstəqilliyinin gücləndirilməsi istiqamətində həyata keçirdiyi sistemli tədbirlər nəticəsində Azərbaycan mediasının sürətli inkişaf mərhələsinə qədəm qoyduğunu vurğulayıblar. Bildirilib ki, ulu öndər istər sovet dövründə, istərsə də müstəqillik illərində ölkəmizə rəhbərlik etdiyi vaxtda xalqımızın milli-mənəvi dəyərlərinin daha da möhkəmlənməsinə böyük önəm verdiyindən medianın işini, jurnalist əməyini yüksək qiymətləndirib.
Konfrans “Heydər Əliyev və Azərbaycan mediası”, “Müasir dövrdə informasiya müharibəsi və media texnologiyaları”, “Media savadlılığı cəmiyyətdə informasiya mübadiləsinin zəruri amili kimi” adlı bölmə iclasları ilə davam edib.