Səhiyyə Nazirliyi 2 nömrəli Bakı Baza Tibb Kollecində müəssisənin 2022 – 2023-cü tədris ilinin məzunları üçün əmək yarmarkası təşkil edib. “Karyerada ilk addım” devizi ilə keçirilən tədbirə kollecin “tibb bacısı işi”, “mamalıq işi”, “müalicə işi” ixtisasları üzrə 405 məzunu cəlb olunub.
Əsas məqsəd gənclərin işlə təmin olunmasıdır. Qeyd edilib ki, müxtəlif işəgötürən qurumlar vaxtaşırı kollecə müraciət edib, orta ixtisaslı tibbi kadrlara ehtiyacları olduğunu bildirir və məzunlarla əlaqə saxlamaq istəyirlər.
Həmin məzunların işlə təmin olunması məqsədilə kollec onların işəgötürən dövlət orqanları və qurumlarının, o cümlədən Səhiyyə Nazirliyinin və TƏBİB-in tabeliyində olan tibb müəssisələri, digər dövlət və özəl tibb və aptek təşkilatlarının nümayəndələri ilə görüşlərini təşkil edir.
Kollec tərəfindən tədbirdən əvvəl məzunlar üçün CV tərtibi və özünü təqdimetmə üzrə təlim keçirilib. Eyni zamanda, tibb müəssisələrinin və aptek təşkilatlarının nümayəndələri məzunlarla görüşərək vakansiyalar barədə məlumat verib və məzunların suallarını cavablandırıblar.
Z.BƏŞİRQIZI, “Xalq qəzeti”