Taksi fəaliyyəti ilə bağlı yeni qaydalara ciddi ehtiyac var

post-img

Məlum olduğu kimi, müasir şəhər həyatının ən mühüm və vacib  strukturlarından biri də nəqliyyatdır. Nəzərə alsaq ki, insanların bu gün iş və məişət məsələləri ilə bağlı böyük şəhərlərdə  bir yerdən digər yerə getməsi, vaxt itkisinin aradan qaldırılması mühüm amillərdən biridir, o zaman bu sahədə taksi xidməti xüsusilə ön plandadır. Eyni vəziyyət paytaxtımızda da mövcuddur və bu gün Bakı şəhərində taksilərin sayının təxminən 67 min civarında olduğu qeyd olunur.  Taksilər insanların bir yerdən başqa yerə getməsini zaman baxımdan tezləşdirməyə xidmət etsə də, sayın çoxluğu hazırda paytaxtda sıxlığın və  tıxacların yaranmasına gətirib çıxarmaqla, əks-effekt verir. İnsanların rahatlıq və zaman itkisinin qarşısını almaq üçün taksilərdən istifadənin çoxluğu ölkəmizə gətirilmiş və beynəlxalq standartlara cavab verən müasir avtobusları sərnişindaşımadan kənarda saxlayır. Nəticədə xeyli adamın bir nəqliyyat vasitəsində gedə biləcəyi halda yollarda onlarla taksi avtomobili hərəkət edir ki, bu da təbii olaraq  sıxlıq yaradır.

Bu fikirləri Milli Məclisin deputatı, Yeni Azərbaycan Partiyası İdarə Heyətinin üzvü Rəşad Mahmudov söyləyib. O bildirib ki, problemin digər bir tərəfi ondan ibarətdir ki, yol hərəkəti qaydalarını bilməyən, şəhər yollarını tanımayan, yalnız “naviqator” la hərəkət edərək taksi fəaliyyəti ilə məşğul olanların bəzilərinin heç sürücülük vəsiqələri belə yoxdur. Nə baş verir?  Taksilər  dayanacaqları zəbt etməklə parkinq qaydalarını pozur, avtobusları ikinci zolaqda dayanmağa məcbur edir. Beləliklə, sıxlıq tıxaclara səbəb olur, bu da ciddi narazılığa gətirib çıxarır. Beynəlxalq  təcrübəyə nəzər salanda məlum olur ki, taksilərin fəaliyyəti dövlət tərəfindən tənzimlənir. İnkişaf etmiş ölkələrdə şəhərlər üzrə əhali kütləsinə və infrastruktura görə taksi sayı müvafiq şəkildə balanslaşdırılır. Ölkəmizdə isə bu sahə tamamilə nəzarətdən çıxıb. Pərakəndə şəkildə fəaliyyət  göstərən taksi xidmətləri  həm təhlükəsizlik, həm tıxac, həm də nəqliyyat problemlərinə geniş yol açır. Bununla yanaşı, sürücülərin sərnişinlərə qarşı kobud davranış  halları, eləcə də həm vətəndaşlarımızdan, həm də  ölkəmizdə olan turistlərdən xidmət müqabilində müəyyənləşdirilən qiymətdən daha yüksək gedişhaqqı almaları barədə kifayət qədər məlumat var. Yəqin hamı razılaşar ki, kartla ödənişlərdən bir çox hallarda sürücülər tərəfindən imtina edilməsi bu sahəyə daha çox xarakterikdir. Taksi fəaliyyəti ilə məşğul olan şirkətlər, fərdi qaydada bu sahədə çalışan sürücülər mövcud qanunvericiliyi ciddi şəkildə pozmaqla məşğuldurlar. 

Deputat onu da əlavə edib ki, sürücülərin tibbi müayinələrinin aparılmaması, nəqliyyat vasitələrinin texniki baxışdan keçirilməməsi və digər nöqsanlar mövcud olan danılmaz faktlardır. Məhz buna görə ölkəmizdə taksi fəaliyyəti və sərnişindaşıma ilə bağlı yeni qaydaların müəyyənləşməsinə ciddi ehtiyac var. Hesab edirəm ki, Azərbaycanda taksi şirkətlərinin fəaliyyətinin düzgün qurulması və  tənzimlənməsi istiqamətində qəbul olunacaq qərarlar həm sərnişinlərin təhlükəsizliyi, həm də rahatlığı üçün olduqca vacib məqamdır. Bu sahənin dövlətin nəzarətində olması pərakəndəliyi və problemləri aradan qaldırmaq üçün yeganə şərtdir.

Sosial həyat